Məhkəmə qərarları › İş №3(007)-2302/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2302/2021

13.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2302/2021 13.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X3, Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının YPX baş inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1986-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs 13.09.2021-ci il tarixdə saat 01:00 radələrində DYPİ-nin YPXA-nın əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara qarşı nalayiq ifadələr işlətmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru G.L.Seyidov tərəfindən 13.09.2021-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X10 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının YPX baş inspektoru, polis mayoru X5 izahat verərək bildirmişdir ki, 13.09.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar polis əməkdaşları həmin yerə yaxınlaşmışlar. Şəxs avtomobili idarə etmədiyini, onların avtomobilinin qarşısına başqa avtomobil çıxdığı üçün yol-nəqliyyat hadisəsi baş verdiyini, həmin avtomobilin sürücüsünü tapmaqlarını bildirmişdir. Polis əməkdaşları həmin avtomobilin sürücüsünü tapacaqlarını bildirərək Şəxs sərxoşluq vəziyyətini müəyyən etmək üçün həkimə getməyə dəvət etmişlər. Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, avtomobilə əyləşməkdən, həkimə getməkdən imtina etmiş, polis əməkdaşlarının şərəf və ləyaqətini ləkəyən ifadələr işlətmişdir. Sonradan Şəxs Respublika Narkoloji Mərkəzinə aparıb sərxoşluq vəziyyətini yoxlamışlar və sərxoş olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 13.09.2021-ci il tarixdə saat təxminən 1 radələrində idarə etdiyi avtomobillə Nizami rayonu Çobanzadə küçəsində hərəkətdə olarkən “Pikap” markalı avtomobil qarşısına çıxmış, o, idarəetməni itirmiş və idarə etdiyi avtomobil aşmışdır. “Pikap” markalı avtomobilin sürücüsü hadisə yerindən getmişdir. Sonra hadisə yerinə YPX əməkdaşları gəlmişlər. YPX əməkdaşlarından “kapitan” rütbəli şəxs onu söyüb təhqir etmiş, yumruqla sinəsindən vurmuşdur. Sonra 3-4 nəfər polis əməkdaşı onu zorla avtomobilə mindirmişlər. O, polis əməkdaşlarına qarşı hər-hansı bir tabesizlik göstərməmiş, nalayiq ifadələr işlətməmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ-nin DYPİ-nin Yol-nəqliyyat hadisələri üzrə şöbəsinin inspektoru, polis baş leytenantı X6 izahat verərək bildirmişdir ki, 13.09.2021-ci il tarixdə saat təxminən 01:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar hadisə yerinə yaxınlaşdıqda avtomobil aşmış vəziyyətdə olmuşdur. Avtomobili kimin idarə etdiyini soruşduqda Şəxs avtomobili idarə etmədiyini bildirmişdir. Avtomobili düzəltməyə kömək etmişlər, sonra polis əməkdaşlarını dəvət etmişlər. Vətəndaşın şəxsiyyətini müəyyən etmişlər, vətəndaş texniki pasportu gətirmiş, sürücülük vəsiqəsini itirdiyini bildirmişdir. Sonra o, çıxıb getdiyindən orada nə baş verdiyindən məlumatı olmamışdır. Məhkəmə iclasında Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru, polis baş serjantı X8 izahat verərək bildirmişdir ki, onları köməyə çağırmışlar, çağırış əsasında 13.09.2021-ci il tarixdə saat təxminən 01:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində baş vermiş yolnəqliyyat hadisəsi yerinə yaxınlaşdıqda ətrafda xeyli insanın toplaşdığını, səs-küy olduğunu görmüşlər. Onlar avtomobili kimin idarə etdiyini soruşduqda o, avtomobili onun deyil, başqa şəxsin idarə etdiyini bildirmişdir. Şəxs sərxoşluq vəziyyətini müəyyən etmək üçün həkimə getməyə dəvət etmişlər. Şəxs onların qanuni tələblərinə tabe olmamış, avtomobilə əyləşmək istəməmiş, onlara “Pikap” markalı avtomobilin sürücüsünü nə üçün tapmadıqlarını bildirmişdir. Şəxs gecə vaxtı olduğu üçün həmin sürücünü tapmaqlarının çətin olduğunu, sabah tapa biləcəklərini izah etmişlər. Şəxs ictimai yerdə onlara müqavimət göstərərək nalayiq söyüş və təhqiredici ifadələr işlətmiş, onu güclə avtomobilə əyləşdirmişlər. Şəxs Respublika Narkoloji Mərkəzində sərxoşluq vəziyyətini yoxladıqdan sonra sərxoş olduğu müəyyən edilmişdir. Şəxs vurmamışlar, ona qarşı zor tətbiq etməmişlər. Məhkəmə iclasında Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru, polis baş serjantı X12 polis baş serjantı X8 ilə oxşar məzmunda izahat vermişdir. Məhkəmə iclasında dindirilmiş şahid X7 izahat verərək bildirmişdir ki, saat təxminən gecə 12-1-ə işləmiş marketə düşüb su almışdır. Uşaqlar yaxınlıqda avtomobil aşdığını demişlər, o da həmin yerə getmişdir. Ora çatdıqda 20-25 nəfər adamın yığıldığını görmüşdür. O, yaralananın olub-olmadığını soruşmuş, ona yaralananın olmadığını demişlər. Orada 2 ədəd DYPİ-nin avtomobili olmuş, yolu boşaltmış, tənzimləmişlər. Sonradan bir avtomobil gəlmiş, avtomobildən “kapitan” düşmüş, “nə olub, bu zaboru kim bu günə qoyub, sən neçə ilə gəlmisən” demişdir. Şəxs “Pikap” markalı avtomobil onun qarşısına çıxdığından yol-nəqliyyat hadisəsi baş verdiyini bildirmişdir. “Kapitan” “mən niyə pikap axtarmalıyam” deyərək, Şəxs yaxınlaşıb qarnı ilə möhkəm itələmiş, söyüş söymüşdür. Vətəndaş niyə onu vurduğunu soruşduqda “kapitan” cavabında “yaxşı edirəm” demişdir. Sonra 3-4 nəfər polis əməkdaşları gəlib Rövşəni təpikləmişlər, avtomobilə mindirmişlər. Məhkəmə iclasında dindirilmiş şahid X11 izahat verərək bildirmişdir ki, o, hadisə yerinə çatanda polis əməkdaşı ilə qardaşının mübahisə etdiyini görüb qardaşına sakit olmasını bildirmişdir. Sonra polis əməkdaşına yaxınlaşıb nəyə görə söyüş söydüyünü soruşmuş, polis əməkdaşı avtomobilə əyləşib getmişdir. Qardaşının digər polis əməkdaşları ilə deyil, məhz “kapitan”la mübahisə etməsinə səbəb “kapitan”ın onu vurub söyüş söyməsi olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 13.09.2021-ci il tarixli, AZA seriyalı, 002721 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 13.09.2021-ci il tarixdə saat 03:00-da inzibati qaydada tutulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 2/26017 əmüayinə olunan Şəxs sərxoş olduğu müəyyən olunmuşdur. Məhkəməyə təqdim edilmiş videogörüntüyə məhkəmə iclasında baxış keçirilən zaman Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə işin faktiki hallarına və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdiyi xüsusatlara qiymət verərək hesab edir ki, Şəxs göstərdiyi hallar özünümüdafiə xarakteri daşıyır. Məhkəmə şahidlər X2 və X4 izahatını barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiə etmək məqsədilə verilmiş izahat kimi qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçiləri ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi. Şəxs inzibati xətanı sərxoş halda törətməsi Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal hesab olunur. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı Şəxs tutulduğu vaxtdan, yəni 13.09.2021-ci il tarixdə saat 03:00-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 №-li qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında nəzərə alınmaqla 18 manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: xx.xx.1986-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 13.09.2021-ci il tarixdə saat 03:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN X9 Saxlanılma Mərkəzinə və Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil 18 (on səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar