Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2302/2022 17.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 iştirakı ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, X1 Nizami rayon DYPŞ-nin TP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Nizami rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2022-ci il tarixdə saat 17:50-də Bakı şəhəri, Ə.Kürçaylı 19 küçəsində sərnişin tərəfindən təhlükəsizlik kəmərinin bağlanılması qaydasına riayət etmədiyindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 30 manat məbləğində cərimə edilmişdir. X2 həmin qərardan şikayət verərək, qərarın ləğv edilməsini və inzibati iş üzrə başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində yaşadığı məhəllədən Ə.Kürçaylı küçəsi istiqamətində həyat yoldaşının idarə etdiyi avtomobil vasitəsi ilə gedərkən DYP əməkdaşları onları saxlamaqla təhlükəsizlik kəmərindən istifadə etməməsi səbəbindən barəsində inzibati protokol tərtib etməklə cərimə yazmışlar. Qeyd etmişdir ki, o, hamilə olduğundan təhlükəsizlik kəmərindən istifadə etməmişdir. Məhkəmə iclasında X2 şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmiş inzibati orqanın nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə, şikayəti sənədlərlə əlaqəli araşdıraraq hesab edir ki, inzibati iş üzrə TP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı və X1 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şikayətə əlavə edilmiş Bakı Dəmir Yolu Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş arayışdan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü X2 14 həftə 3 günlük hamilədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsinə əsasən sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə 30 manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 6-cı bəndinə əsasən konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməli (12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə bunlardan başqa, operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir), motosikletdə isə motoşlemi düymələməli və sərnişinlərin də motoşlemi düymələməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd edir ki, X2 barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən o, hamilə olduğundan, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsinin dispozisiyasında göstərilən qaydalar ona şamil edilməməklə, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv olunmaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, X1 barəsində Nizami rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.2, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 barəsində Nizami rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-2302/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2302/2022
17.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver