Məhkəmə qərarları › İş №3(007)-2303/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2303/2022

20.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2303/2022 20.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxx 1992-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran rayonunun Qurumba kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər BPİ-nin DYPİ-dən daxil olmuş 26 sentyabr 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 26 sentyabr 2022-ci il tarixdə saat 23:25-də Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində “Hyundai Elantra minik” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 26 sentyabr 2022-ci il tarixdə saat 23:25 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində “renta car”dan götürərək idarə etdiyi “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən YPX əməkdaşı tərəfindən saxlanılmışdır. Avtomobilin 420 manat cəriməsi ondan alınmışdır. Aralarında olan ünsiyyət zamanı polis əməkdaşı onun içkili olmasını demiş, onu alkotesterlə yoxlamış və içkili olmasını müəyyən etmişdir. O, etiraf etmişdir ki, Lənkərandan qonaqlıqdan gəlir, axşam orada olarkən 3 şüşə pivə içmişdir. Yol polislərindən biri onun həmyerlisi olmuş, ona demişdir ki, sənədləri imzalasın, onu və avtomobilini buraxacaqlar. Buna görə də sənədləri imzalamışdır. Lakin bilmir ki, axşamdan səhərədək həmin içki onun canında qalıb, ya yox. Əməlindən peşmandır, qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İşdə olan sərxoşluq vəziyyətini müəyyən edən xüsusi texniki vasitənin hesabatından görünür ki, Şəxs 26 sentyabr 2022-ci il tarixdə 23:28-də keçirilən tibbi müayinəsi zamanı onda alkoqolun miqdarı 2.380% olmuşdur. Şəxs həmin göstərici ilə razılaşaraq, yazılı izahatında əməlini etiraf etmiş və həkimə getməyə ehtiyac olmadığını bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 333-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tövsif olunmuşdur. Həmin maddənin tələbinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar