Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2316/2023 28.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclasının katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi ilə, Şəxs Ali oğlu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhər Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cu il tarixdə tərtib edilmiş MN ******* saylı protokola və əlavə edilmiş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq məhkəmə hesab edir ki, protokol və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam olmuşdur. Belə ki, icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əmlak vəziyyətinin yoxlanılması, bu barədə hər hansı bir AKT və ya arayışın tərtib edilməsi təqdim edilmiş materiallarda mövcud olmamışdır. Təqdim edilmiş sənədlər içərisində şəxsin əmlakının olması, gəlirinin olması, pulunun olması, tutma yönəldilə biləcək əmlakının olmasına dair heç bir sübut protokola əlavə edilməmişdir. Həmçinin şəxsin əmlakının, gəlirinin, pulunun, tutma yönəldilə biləcək əmlakının gizlədilməsinə dair hər hansı bir sübut da protokola əlavə edilməmişdir. Onun icra sənədini icra etmək iqtidarında olub-olmaması və ya icra sənədini icra etmək iqtidarında olması, lakin onu icra etməməsindəki təqsirinin konkret nədə ifadə edilməsi təqdim edilmiş protokoldan və sənədlərdən görünmür. Məhkəmə iclasında iştirak edən icra məmuru çıxış edərək işin halları barədə kifayət qədər məlumatlı olmadığını bildirmişdir. Həmçinin barəsində inzibati xətaya dair icraat aparılan şəxs çıxış edərək həmin borc üzrə müəyyən ödənişlər etdiyini, lakin buna dair sübutlar təqdim edə bilməyəcəyini qeyd etdi. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, işin halları kifayət qədər araşdırılmamış, belə olan təqdirdə işə düzgün və vaxtında baxılmasında çətinliklər yaranmışdır. Həmçinin şəxsin təqsirli bilindiyi İXM-in 528.1-ci maddəsinin sanksiyasında inzibati həbs növündə tənbeh tədbiri nəzərdə tutulduğundan, İXM-in 111.3-cü maddəsinə əsasən hazırkı inzibati xətalar haqqında işə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılmalıdır. Beləliklə hazırkı işə dərhal baxılmalı olduğundan, məhkəmə kifayət qədər sübut toplanmamış iş üzrə tərəflərə məhkəmə baxışında əlavə sübutlar təqdim etmək imkanı yarada bilməyəcəkdir. Qeyd edilənlərə əsasən, inzibati xəta haqqında iş üzrə protokol tərtib edilənədək prosessual pozuntulara yol verilməsi və həmin pozuntuların işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olması son nəticədə protokolun düzgün tərtib olunmamasına, yaxud təqdim edilmiş materialların natamam olmasına, sübutların kifayət etməməsinə dəlalət edir. Beləliklə məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, materiallar və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam olmuşdur, kifayət qədər sübut toplanılmamışdır. Həmin pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə prosessual pozuntular kimi qiymətləndirilir. Həmin pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır. Həmin pozuntuları işin məhkəmə mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntuları protokol tərtib etmiş səlahiyyətli orqan aradan qaldırmalıdır. İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır Buna görə də inzibati xəta haqqında protokolun məhkəməyə təqdim edildiyi təqdirdə, həmin protokol tərtib edilməzdən əvvəl tələbkarın, yəni zərərçəkmiş şəxsin izahatını almaq və işin məhkəməyə göndərilməsi barədə və işə məhkəmədə baxılacağı barədə onu məlumatlandırmaq və məhkəmə iclasında iştirakları üçün tədbirlər görmək icra məmuru tərəfindən həyata keçirilməlidir. Hazırkı iş üzrə protokol tərtib edilməzdən əvvəl zərərçəkmiş şəxsin izahatı alınmamış, mövqeyi öyrəniməmiş, protokolun surəti ona təqdim edilməmiş, zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirak etmək hüququ ona izah edilməmişdir. Belə olduğu təqdirdə qərarda göstərilən yol verilmiş pozuntuların aradan qaldırılması üçün inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhər Nizami rayon İcra şöbəsinə geri qaytarılsın. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2316/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2316/2023
28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver