Məhkəmə qərarları › İş №3(007)-2324/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2324/2021

16.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2324/2021 16.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis mayoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Göyçay rayonunun 2-ci Ərəb kəndində anadan olmuş, Göyçay rayonu, Qaraman kəndində qeydiyyatda olan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs 16.09.2021-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis mayoru O.A.Məsimov tərəfindən 16.09.2021-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis mayoru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 16.09.2021-ci il tarixdə əməliyyat qrupunda olarkən saat 11:17 radələrində Şəxs DİN-nin 102 xidmətinə zəng edərək kafeyə borclu olduğundan ona məxsus əşyaların alınması barədə məlumat vermişdir. Qeyd olunan məlumatla əlaqədar həmin ünvana getmişlər və məlumat verən şəxsin içkili olduğunu, kafeyə olan borcunu verməyib kafenin sahibini nalayiq ifadələrlə təhqir etdiyini görmüşlər. Şəxs yaxınlaşıb özlərini təqdim edərək sakit olmasını bildirmişlər. Şəxs onların qanuni tələblərinə tabe olmayaraq uca səslə onları təhqir edərək küçə söyüşləri işlədərək vətəndaşların diqqətini cəlb etmişdir. Şəxsı dəfələrlə sakit olmağa dəvət etsələr də o, onlara və ətrafdakılara nalayiq ifadələr işlətməyə davam etmişdir. Sonra Şəxsı 24-cü PŞ-nə gətirmişlər. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru X5 polis sahə inspektoru X4 ilə oxşar məzmunda izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 16.09.2021-ci il tarixdə “Siyaqut” kafesində əyləşib tanışının gəlməsini gözləmişdir. Kafeyə borcu olduğundan onun telefonunu və çantasını almışlar. Həmin vaxt içkili olduğundan anlaşılmazlıq olmuş, polis əməkdaşları ilə kobud danışmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında dindirilmiş şahid X1 izahat verərək bildirmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən “Siyaqut” sadlıq sarayının həyətindəki kafeni işlədir. 16.09.2021-ci il tarixdə təxminən saat 10 radələrində Şəxs kafeyə gələrək pivə sifariş vermişdir. Orxan ümumilikdə 8 ədəd pivə sifariş vermişdir. Sonra Orxan onu çağıraraq demişdir ki, bir nəfəri gözləyir, həmin şəxs gəlib ödəniş etməli idi, lakin gəlmədi. Orxan çantasında qiymətli əşya olduğunu çantasını onun yanında qoyub gedib pul gətirəcəyini demişdir. O, şübhələnmiş ondan çantasını açmasını istəmişdir. Orxan çantanı açdıqda içərisində pul qapı, köhnə şalvar və köhnə başmaq olduğunu görmüşdür. O, razılaşmamış, pulu ödəyib sonra getməyini bildirmişdir. Orxan telefonunu masanın üzərindən götürərək tanışına zəng edəcəyini bildirib DİN-nin 102 xidmətinə zəng edib yalan məlumat vermişdir. Orxan onu söyüb təhqir etmiş, kafedə səs-küy salaraq oturanların diqqətini cəlb etmişdir. Polis əməkdaşları gəlib onu sakitləşməyə dəvət etsələr də polis əməkdaşlarının qanuni tələblərini tabe olmayıb onları da təhqir etmişdir. O, Orxanın telefonunu almamışdır, əgər telefonu alsaydı o, 102 xidmətinə zəng edə bilməzdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 1/1733 saylı, 16.09.2021-ci il tarixli protokoldan görünür ki, 16.09.2021-ci il tarixdə saat 13:20-də müayinə olunan Şəxs orta dərəcə sərxoş olduğu müəyyən olunmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçiləri ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs inzibati xətanı sərxoş halda törətməsi Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal hesab olunur. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 №-li qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında nəzərə alınmaqla 18 manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: xx.xx.1993-cü il tarixdə Göyçay rayonunun 2-ci Ərəb kəndində anadan olmuş, Göyçay rayonu, Qaraman kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil 18 (on səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar