Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2326/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küçəsi, ev 21C ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin ünvanına “Qırmızı Körpü” gömük postundan keçməklə 34HG0224 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixli, **********5343 sorğu nömrəli Gömrük Bəyannaməsilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmiş mallar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməsinə dair gömrük xidmətinin VAlS-də məlumat qeydə alınmamışdır. Bununla da o, İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2025-ci il tarixli, №00100-01177/25 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X3 məhkəməyə təqdim etdiyi yazılı etirazın məzmununa uyğun çıxış edərək bildirdi ki, MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli, 00100- 01177/25 nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, 34HG0224 nömrəli nəqliyyat vasitəsilə MMC-yə məxsus mallar xx.xx.2024-cü il tarixdə saat 16:45-də “Qırmızı körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmiş, bununla da qısa idxal bəyannaməsi Azərbaycan Respublikası Prezidentinin “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən ən azı 1 (bir) saat əvvəl verilməli olduğu halda gec verilmiş, yəni xx.xx.2024-cü il tarixdə saat 16:01-da verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tövsifində qeyd olunur ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə inzibati xəta halı yaranır. İndiki halda isə cəmiyyətimiz tam vaxtında yəni, 34HG0224 nömrəli nəqliyyat vasitəsilə cəmiyyətimizə məxsus mallara dair qısa idxal bəyannaməsi xx.xx.2024-cü il tarixdə “Qırmızı körpü” gömrük postundan keçmədən əvvəl saat 16:01-də verilmişdir. Bununla da hesab edirlər ki, baş verən hal Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tövsif dairəsinə düşmür. İkincisi, spesifik normativ hüquqi akt hesab edilən Azərbaycan Republikası Gömrük Məcəlləsinin 149.5-ci maddəsində qeyd olunur ki, gömrük bəyannaməsinin təqdim edilməsinin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn növbəti iş günü müddətin bitdiyi gün hesab edilir. Bu barədə digər xüsusi normativ hüquqi akt hesab edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 263 nömrəli “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarının 3.8-ci bəndində də qeyd olunur ki, gömrük bəyannaməsinin təqdim edilməsinin son günü qeyri-iş gününə təsadüf edərsə, növbəti iş günü müddətin bitdiyi gün hesab edilir. Beləliklə iş materiallarına diqqət etsək görərik ki, qısa idxal bəyannaməsi xx.xx.2024-cü il tarixdə yəni, həftənin bazar günü – qeyri iş günü daxil edilmişdir. Ona görə də MMC tərəfindən nəqliyyat vasitəsi keçmədən öncə bəyan edilən qısa-idxal bəyannaməsinin sadaladıqları qanunvericilik aktlarına əsasən son təqdim edilmə günü növbəti iş günü olan xx.xx.2024-cü il hesab edilməli idi ki, bununla da heç bir müddət pozuntusu mövcud olmur. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə də yuxarıda qeyd olunanlara əsasən MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tövsif dairəsinə düşən hər hansı bir inzibati xətanın olmaması bir daha ona dəlalət edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbi üzrə məhkəmə tərəfindən həmin məcəllənin 105.1-ci maddəsi rəhbər tutularaq Şəxs MMC barəsində aparılan inzibati xətaya dair icraata mütləq qaydada xitam verilməlidir. Və yaxud ən azından baş verən halda təqsirlilik baxımından şübhəli hallar olduğundan məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən məsələ MMC-nin xeyrinə həll olunmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü, 53.1.2-ci, 75-ci və 105.1-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barədə qəbul edilən xx.xx.2025-ci il tarixli, 00100-01177/25 nömrəli inzibati xəta haqqında protokola dair iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir Həmin məcəllənin 113.3-cü maddəsinə əsasən qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin məcəllənin 149.3-cü maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Həmin maddənin 5-ci bəndinə əsasən gömrük bəyannaməsinin təqdim edilməsinin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn növbəti iş günü müddətin bitdiyi gün hesab edilir. Azərbaycan Respublikası Prezidentinin “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2016-cı il tarixli, 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” qaydalarının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Həmin qaydaların 3.1-ci maddəsinə əsasən “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi göndərilir. 3.2-ci maddəsinə əsasən qısa idxal bəyannaməsi daxil olduqdan sonra elektron sistemdə avtomatik olaraq qeydiyyata alınır və qeydiyyatın nəticəsi barədə idxalatçıya real vaxt rejimində elektron bildiriş göndərilir. 3.5-ci maddəsinə əsasən bu Qaydaların 3.4-cü bəndində qeyd olunan məlumatların elektron sistem vasitəsilə təhlili nəticəsində qısa idxal bəyannaməsində göstərilən məlumatların gömrük qanunvericiliyi ilə təsbit edilmiş tələb və şərtlərə uyğunluğu müəyyənləşdirildiyi təqdirdə, elektron sistem tərəfindən avtomatik olaraq idxalatçının uyğun gəldiyi risk qrupu üzrə istifadə edəcəyi buraxılış sistemi müəyyən olunur. Məhkəmə qeyd olunanlarla bağlı qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 485.2-ci maddəsində Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Qüvvədə olan gömrük qanunvericiliyinə əsasən qısa idxal bəyannaməsi elektron formada malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Həmin qısa idxal bəyannaməsi iş günü və ya qeyri-iş günü olmasından asılı olmayaraq mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada verilir və elektron sistem tərəfindən avtomatik qeydiyyata alınaraq qanunvericiliklə müəyyən olunmuş şərtlərə və tələblərə uyğunluğu yoxlanılır. MMC-nin nümayəndəsinin qeyd etdiyi xüsusatla bağlı isə həmin hal, yəni xx.xx.2024-cü il tarixin qeyri-iş gününə düşməsi və bununla qısa idxal bəyannaməsinin verilməsinin sonuncu gününün növbət iş günü hesab olunması qısa idxal bəyannaməsinin verilməsi halına şamil olunmamaqla, gömrük bəyannamələrinin gömrük ərazisinə gətirilən mallara dair həmin malların gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 gündən gec olmayaraq verilməsi hallarına şamil olunur. Beləliklə, işin hallarından görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 16:45-də gömrük postundan keçməklə gətirilən mallara dair qısa idxal bəyannaməsi yalnız 44 dəqiqə əvvəl – xx.xx.2024-cü il, saat 16:01 radələrində gömrük orqanına rəsmiləşdirilmək üçün göndərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs MMC -nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən gömrük bəyənnaməsi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək, 1500 manat (min beş yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2326/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2326/2025
03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver