Məhkəmə qərarları › İş №3(007)-2327/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2327/2021

27.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2327/2021 27.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2, qərarından şikayət verilmiş – Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin rəisi Ə.İ.Əliyev tərəfindən qəbul edilmiş 11.09.2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin rəisi Ə.İ.Əliyev tərəfindən qəbul edilmiş 11.09.2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 10.09.2021-ci il tarixdə metronun “Xalqlar Dostluğu” stansiyasının vestibülündə yerləşən “Bakı-kart” aparatında karta ödəniş yükləmək istəyərkən stansiyanın polis əməkdaşı X5 tərəfindən maskasız olduğuna görə saxlanılmışdır. İnzibati xəta haqqında EXP ******* nömrəli protokolla 100 manat məbləğində cərimə olunmuşdur. Onun baş beyin nahiyəsində MRT müayinəsi zamanı anadangəlmə beynin mədəciklərarası döyənəkli cismin “Lipoması” aşkarlanmışdır. Həkimlərin məsləhətləşməsinə görə cərrahi müdaxilənin aparılması məqsədəuyğun olmamışdır. Buna həkim tərəfindən verilmiş arayış sübutdur. Bu xəstəlik ona həmişə problemlər yaşadır. Qıcolma, halsızlıq, yaddaş zəifliyi və s. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X4 şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, 10.09.2021-ci il tarixdə karta ödəniş yükləmək üçün metronun “Xalqlar Dostluğu” stansiyasına daxil olmuşdur. Xəstəliyi ilə əlaqədar tibbi maska taxanda sıxıldığı üçün həmin vaxt tibbi maska taxmamış, maska əlində olmuşdur. Bu zaman polis əməkdaşı ona yaxınlaşaraq tibbi maskadan istifadə etmədiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmədən göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin rəisi Ə.İ.Əliyev tərəfindən qəbul edilmiş 11.09.2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, X4 10.09.2021-ci il tarixdə “Xalqlar Dostluğu” metrostansiyasının vestibülündə tibbi maskadan istifadə etmədiyi üçün polis nəfəri T.M.Nabatov tərəfindən saxlanılaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və 11.09.2021-ci il tarixli qərarla İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. X4 özü də həmin vaxt tibbi maskadan istifadə etmədiyini etiraf edir. İnzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Məhkəmədən şikayət əsassız olduğuna görə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin İTB-nin polis nəfəri T.M.Nabatov tərəfindən qəbul edilmiş 10.09.2021-ci il tarixli, EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 10.09.2021-ci il tarixdə (saat 6-12) “Xalqlar Dostluğu” stansiyasının vestibülündə tibbi maskadan istifadə etməmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin rəisi Ə.İ.Əliyev tərəfindən qəbul edilmiş 11.09.2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. - Bakı şəhər Baş Səhiyyə İdarəsi 26 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 16.09.2021-ci il tarixli, 340 nömrəli arayışdan görünür ki, X4 həqiqətən “Baş beynin həcmli törəməsi döyənək cismin lipoması” diaqnozu ilə 26 nömrəli şəhər poliklinikasında qeydiyyatdadır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunur ki, Respublika ərazisində xüsusi karantin rejiminin elan olunmasına, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə metroda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburi qaydada müəyyən edildiyinə və 10 sentyabr 2021-ci il tarixdə bununla bağlı qərar qüvvədə olmasına baxmayaraq, Qanunun tələbləri X4 tərəfindən pozulmuşdur ki, bu da, inzibati məsuliyyətə səbəb olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli, 189 nömrəli xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə qərarına əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.) sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2021-ci il tarixli, 248 nömrəli qərarına əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 noyabr saat 06:00- dək uzadılmışdır. Bu Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qərardan şikayət vermiş X4 Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə metroda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburi qaydada müəyyən edildiyinə baxmayaraq, 10 sentyabr 2021-ci il tarixdə həmin qaydaları pozaraq metronun “Xalqlar Dostluğu” stansiyasının vestibülündə fərdi qoruyucu vasitə olan tibbi maskadan istifadə etməməklə Nazirlər Kabinetinin bununla bağlı qərarının tələblərini pozmuş, onun bu hərəkəti nəticədə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olmuşdur. Həmin maddənin tələbinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Həmçinin nəzərə alınmalıdır ki, qərardan şikayət vermiş X2 özü yol verdiyi inzibati xəta hadisəsini etiraf edir, onun irəli sürdüyü dəlillər mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsas deyildir. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında qeyd edilən qərarın qanunsuz hesab olunaraq ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şərh edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin rəisi Ə.İ.Əliyev tərəfindən qəbul edilmiş 11.09.2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X2 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin rəisi Ə.İ.Əliyev tərəfindən qəbul edilmiş 11.09.2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar