Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2327/2025 11.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon polis idarəsinin təhqiqat şöbəsinin 28 aprel 2025-ci il tarixli qərarı ilə 05 mart 2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı piyada qismində sağlamlığa yüngül dərəcəli bədən xəsarəti yetirilməsi faktı üzrə toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, sürücü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün material aidiyyəti üzrə göndərilmişdir. Həmin qərar əsasında Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsi tərəfindən Şəxs barəsində 03 may 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və materialla birlikdə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola dair işin icraatı mümkün hesab olunaraq məhkəmə iclası təyin edilmişdir. İş üzrə Zərərçəkmiş şəxs poçt vasitəsi ilə məhkəməyə teleqram göndərərək, Nizami rayon polis idarəsinin təhqiqat şöbəsinin 28 aprel 2025-ci il tarixli qərarının ləğv olunması üçün rayon prokurorluğuna şikayət verdiyini bildirmişdir. Bununla yanaşı Bakı şəhəri Nizami rayon prokurorunun müavini Gülüstan Abdullayeva 03 iyun 2025-ci il tarixli 2-2-316-470Ş-25 nömrəli məktubla məhkəməyə müraciət edərək, Zərərçəkmiş şəxs verdiyi şikayət əsasında Nizami rayon polis idarəsinin təhqiqat şöbəsinin 28 aprel 2025-ci il tarixli qərarının qanuniliyinin yoxlanılması məsələsinə baxılmasından ötrü materialın prokurorluğa göndərilməsini xahiş etmiş, həmin müraciət məhkəmə tərəfindən təmin olunmuş və şikayətə baxılmasınadək inzibati işə baxılması qeyri-mümkün sayılmışdır. Bakı şəhəri Nizami rayon prokurorunun müavini Gülüstan Abdullayeva tərəfindən məhkəməyə ünvanlanmış 08 iyul 2025-ci il tarixli 2-2-316-470Ş-25 nömrəli məktubla və ona əlavə olunan 17 iyun 2025-ci il tarixli qərarla müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə Nizami RPİ-nin təhqiqat şöbəsinin baş təhqiqatçısı Emil Hacıyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsinə dair 28 aprel 2025-ci il tarixli qərar ləğv olunmuş və material əlavə yoxlama aparılması üçün həmin təhqiqat şöbəsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, inzibati xəta haqqında protokol üzrə işə mahiyyəti üzrə baxılıb yekun verilməsi mümkün deyildir, material geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün əsas hesab olunan Nizami rayon polis idarəsinin təhqiqat şöbəsinin 28 aprel 2025-ci il tarixli qərarı zərərçəkmiş şəxsin şikayəti əsasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarı ilə ləğv edilmişdir və material əlavə yoxlama aparılması üçün təhqiqat şöbəsinə geri qaytarılmışdır. Azərbaycan Respublikası İXM-nin 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 99.2 və 99.3-cü maddələrinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati icraatın başlanmasına əsas olan Nizami rayon polis şöbəsinin təhqiqat şöbəsinin 28 aprel 2025-ci il tarixli qərarı ləğv olunduğuna görə inzibati xəta haqqında protokola mahiyyəti üzrə baxıla və inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirlilik məsələsi həll oluna bilməz. Ona görə də Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola dair material geri qaytarılmalı, təhqiqat orqanı tərəfindən material üzrə yenidən araşdırma aparıldıqdan sonra, qəbul ediləcək qərara uyğun məsliyyət məsələsi həll edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tərtib edilmiş 03 may 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2327/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2327/2025
11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver