Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2334/2024 21.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X1, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, X1 Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin 23 aprel 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin 23 aprel 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 23 aprel 2024-cü il tarixdə mülkiyyətində olan “Mercedes-Benz C280” markalı, **-KO-*** d.q .n. avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində hərəkətdə olarkən DYP məxsus avtomobil arxadan gələrək saxlamağını bildirmişdir. Avtomobilə yaxınlaşan inspektor özünü təqdim etmədən arxa buferin olmaması səbəbindən saxladığını və həmin hissənin harada olmasını soruşmuşdur. Bildirmişdir ki, bu ilin mart ayında Xətai rayonu ərazisində avtomobili yolun kənarında hərəkətsiz dayandığı halda onu naməlum avtomobil arxadan vurub getmiş, hadisəyə görə həmin gün “102” xidmətinə etdiyi şikayət qeydə alınmışdır. Sığorta şirkəti isə ona bildirmişdir ki, təqsirkar şəxs tapılandan sonra ziyan məbləği hesablanıb veriləcəkdir. O, bunu gözləmədən arxa buferin vəziyyətini fotoşəklini çəkib öz vəsaiti hesabına vermişdir avtoservisə təmirə. Bunları inspektora dedikdən sonra o, avtomobilin ön hissəsinə keçmiş və işıqları yandırmağı tapşırmışdır, işıqları yandırdıqdan sonra bildirmişdir ki, guya buferin daxilində yerləşən duman əleyhinə olan işığın quraşdırılması qadağandır və hansısa normativ tələblər pozulmaqla konstruksiyaya dəyişiklik kimi qəbul edildiyini deyərək, buna görə də avtomobil cərimə meydançasına yerləşdirilməli və müvafiq maddə ilə cərimə protokolu tərtib edilməlidir. İnspektora bildirmişdir ki, duman əleyhinə led işıqların quraşdırılmasına və istifadəsinə Qanunda konkret qadağa yoxdur, bu işıqların işləmə qaydasının düzgünlüyünü vizual baxmaqla o, müəyyən edilə bilməz, avtomobilin işıqlarının xüsusi cihaz və ya stend vasitəsi ilə düzgün işləyib-işləmədiyi yoxlanılmalı (müəyyən edilməli) əldə edilən müvafiq rəsmi sənəd əsasında işıq cihazlarının qanuni-qanunsuz, düzgün işləyib-işləməməsi, nizamlanıb-nizamlanmamasını bilmək olar. Bundan başqa bildirmişdir ki, avtomobili ötən il texniki baxışdan keçərkən həmin duman əleyhinə led işıqlar onun üzərində olub, əgər onların quraşdırılması qadağan olmuşsa və düzgün quraşdırılmamışdırsa avtomobilinin texniki baxışdan keçirilməsi mümkün olmazdı. Bütün dediklərinə əhəmiyyət vermədən DYP əməkdaşı X4 tərəfindən avtomobili heç bir əsas olmadan cərimə meydançasına aparılmış, orada İXMnin 342.5 və 342.2.2-ci maddələri ilə barəsində inzibati protokol tərtib edildikdən sonra DYPİ-nin müvafiq buraxılış vərəqəsi əsasında avtomobil ona verilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla bağlı İXM-nin 342.5 və 342.2.2-ci maddələri ilə eyni tarixli, TP ******* saylı qərarla 150 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, cərimə ediməyi əsassız və qanunsuzdur. DYP əməkdaşları barəsində inzibati icraat apararkən kifayət qədər qanun və hüquq pozuntularına yol vermişlər. Belə ki, inzibati xəta protokolu tərtib edilərkən İXM-nin 100.1.4-cü maddəsinin tələbləri pozularaq inzibati xətanın törədildiyi yer və xətanın mahiyyəti qeyd edilməmişdir. Bundan başqa, DYP əməkdaşı tərəfindən inzibati xəta protokolu tərtib edilərkən fiziki şəxs olaraq ona İXM-də nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd aparılmamış, yəni bunların (hüquq və vəzifələrinin) ona izah etməsinin sübutu barədə həmin protokolda imzası mövcud deyil. Xüsusi qeyd etmək istəyir ki, “Yol hərəkəti haqqında” Qanunun 1 saylı Əlavəsinin İİİ hissəsinin 1-ci bəndinin tələbinə görə xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır. Həmçinin, Qanun ön fənərlərin ağ, sarı, narıncı rənglərdən başqa digər rəngdə olmasını qadağan edir. Arxa fənərlərdə isə geriyə hərəkət fənəri və qeydiyyat nişanı işığı yalnız ağ, arxa “stop”lar yalnız qırmızı, dönmə və duman fənərləri narıncı və sarı rəngdə olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 342.2.2 maddəsi ilə bağlı hansı normativ tələblərin pozulmasına görə cərimə edildiyi və pozuntunun nədən ibarət olması konkret qeyd edilmir (açıqlanmır), bununla bağlı hansı meyyarın standart olması və ya qanunamüvafiq olması yazılmır, nəyə istinad etməsi kimi əsas götürülməsi məlum deyil. Avtomobilin ön hissəsindəki buferdə duman əleyhinə işıqlar üçün nəzərdə tululan yerdə bu cür işıqların düzgün quraşdırılması konstruksiya dəyişikliyi kimi qəbul edilməsi ümumiyyətlə qanunsuzdur. Düzgün quraşdırılan led işıq cihazları ilə bağlı internet resurslarında, sosial şəbəkələrdə, televiziya və radio kanallarında mövzu ilə əlaqədar verilən suallara nəqliyyat üzrə ekspertlərin kifayət qədər izahlı açıqlamaları və cavabları mövcuddur. Vurğulanır ki, işıq lampası əlavə avadanlıq ola bilməz. İşıq lampası onsuz da avtomobilin üzərində olmalıdır. Amma həmin led işığın istehsalçı zavodun nəzərdə tutduğu gücə uyğunluğu yoxlanılmalıdır. Yol polis əməkdaşlarında isə elə bir avadanlıq yoxdur ki, led işıqların düzgün işləyib-işləməməsini (işıqlandırma bucağını və səpələnməsini) müəyyən etsin. Bununla bağlı qanunvericilikdə olan boşluqlara və Avropa İqtisadi Komissiyasının qaydalarına diqqət çəkərək müqayisə apararkən məlum olur ki, qanunvericilikdə led işıqlarla bağlı istinad olunası bir məqam yoxdur. Avropa İqtisadi Komissiyasının qərarlarında isə pərdə, plyonka, led işıqlar və s. bağlı məsələlər öz əksini tapıb. Nə zaman həmin Komissiyanın qaydalarını Azərbaycanda tətbiq edəcəklər, onda bu mövzuda sürücülərlə yol polisi arasında olan problemlər aradan qalxacaq. Məsələn, həmin qərarda led işıqların düşmə bucağı, səpələnməsi və s. bütün məqamlar - detallar aydın şəkildə yazılmışdır. Nazirlər Kabineti həmin qaydaları tərcümə edib ölkədə tətbiqi ilə bağlı qərar verməlidir. Daha sonra “Yol hərəkəti haqqında” Qanunda bu məsələ dəqiq və aydın formada öz əksini tapmalıdır. Xüsusi vurğulamaq istəyir ki, DYP əməkdaşı yalnız xüsusi cihaz və ya stend vasitəsi ilə avtomobilin işıqlarının düzgün və standartlara uyğun quraşdırılması və düzgün işləməsini müəyyən edə bilər, həmin cihaz vasitəsi ilə yoxlama zamanı nöqsan aşkar edilərsə rəsmi sənəd (akt) tərtib edilməli, cihazın modeli, markası, tipi, hansı avtomobilin, hansı işıq cihazlarının yoxlanılmasının nəticələri qeyd edilməlidir. Bu inzibati iş üzrə icraat aparılarkən isə qeyd etdiyi məsələ araşdırılmamış, yoxlamanın nəticəsi barədə rəsmi sənəd (akt) tərtib edilməmişdir, yəni DYP-nin barəsində tətbiq etdiyi maddələrdəki əməl ona sübut edilməmişdir. Bu halda barəsində tərtib edilmiş inzibati xəta protokolu və onun əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar qanuni sayıla bilməz. Odur ki, Bakı şəhəri DYPİ-nin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta protokolu əsasında İXM-nin 342.5 və 342.2.2-ci maddələri ilə cərimə edilməyi barədə eyni tarixli TP ******* saylı qərarı şübhəli olmaqla hər hansı mötəbər və təkzibedilməz sübuta əsaslanmadığından və qərarda qeyd edilən maddələrdəki əməl ona sübut edilmədiyindən şikayət təmin edilməli, İXM-nin 53-cü maddəsi əsasında həmin qərar ləğv edilməli və inzibati işin icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən, şikayətinin təmin edilməsini, Bakı şəhəri X10 İdarəsinin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta protokolu əsasında İXM-nin 342.5 və 342.2.2-ci maddələri ilə cərimə edilməyi barədə eyni tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, aprelin 9-da onu yol polisi saxlayanda avtomobilin arxa buferi olmamışdır, onu vuran sürücü tapılmamışdır. Aprelin 5də buferi ustaya vermiş, aprelin 11-də gedib götürməli olmuşdur. Yol polisinə də izah vermişdir ki, buferi nəyə görə yoxdur. Sonra yol polisi onun led işığını görmüş, cərimə meydançasına sürməsini demişdir. Yol polisi ona sübut etməlidir ki, xəta törətmişdir, indi gələn maşınların hamısına led işıq quraşdırılır. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin nümayəndəsi X5 şikayətin dəlilləri ilə razılaşmayıb izahatında göstərmişdir ki, X3 “Mercedes Benz C280 minik” markalı **-KO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində 09 aprel 2024-cü il tarixdə saat 16:10-da müəyyən edilərək saxlanılmışdır. Sürücü “konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı, nəqliyyat vasitəsinin sürücüsü tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına görə” Azərbaycan Respublikası İXM-nin 342.5 və 342.2.2-ci maddələri ilə 150 manat məbləğində inzibati cərimə edilmişdir. X3 İXM-nin 342.5-ci maddəsi ilə ona görə təqsirli bilinmişdir ki, konstruksiyanın digər ünsürləri, yəni bufer yerində olmamışdır. İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinməsinə gələndə avadanlıq normativ qaydalar pozulmaqla quraşdırılmışdır. Maşının istehsal olunduğu vaxtda led işıq yox idi. Bu, işıq sonradan quraşdırılmışdır, ona görə inzibati xəta hesab olunur. Hesab edir ki, şikayətdə qeyd olunanların hüquqi əsası yoxdur. Qərar qanuni və əsaslıdır. Şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin 23 aprel 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Mercedes Benz C280 minik” markalı **- KO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X3 Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində 09 aprel 2024-cü il tarixdə saat 16:10-da “konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı, nəqliyyat vasitəsinin sürücüsü tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına görə”, 09 aprel 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 342.5 və 342.2.2-ci maddələri ilə 150 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Həmin Əlavə ilə müəyyən edilmiş “Nəqliyyat vasitələrinin nasazlıqlarının Siyahısı”nın İİİ hissəsinin 1-ci bəndinə əsasən xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsinin konstruksiyasının tələblərinə uyğun olmadıqda, bu, nəqliyyat vasitəsinin nasazlığı hesab olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir. İstinad olunan maddənin tələbindən göründüyü kimi, qanunverici bir vəzifə olaraq bunu mexaniki nəqliyyat vasitəsinin sürücüsünün üzərinə qoymuşdur. Hansı ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, X3 idarə etdiyi nəqliyyat vasitəsinin istehsalçısı tərəfindən qoyulmuş xarici işıqlarını dəyişdirərək, istehsal olunduğu vaxt mövcud olmayan və texniki şərtlərdə nəzərdə tutulmayan led işıqlar quraşdırmış və nəqliyyat vasitəsinin digər ünsürü hesab olunan arxa bamperi yerində olmamışdır. Belə led işıqların açıq satışda olması ilə bağlı şikayət verən şəxsin dəlilləri bu baxımdan inzibati xətanı istisna edən hal kimi qəbul edilə bilməz, ona görə məhkəmə hesab edir ki, qanunvericiliyin bu sahədə tənzimləyici normalarına ciddi riayət edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 “Mercedes Benz C280 minik” markalı **-KO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində 09 aprel 2024-cü il tarixdə saat 16:10-da hərəkətdə olarkən onun nəqliyyat vasitəsində, onun istehsalçı tərəfindən qoyulmuş xarici işıqlarını dəyişdirərək “led” işıqları quraşdırması, bununla da normativ tələbləri pozmaqla nəqliyyat vasitəsinin avadanlığını dəyişdirməsi, eyni zamanda nəqliyyat vasitəsinin arxa bamperi yerində olmadan onu idarə etməsi aşkar edildiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati qaydada tənbeh edilmişdir. Məhkəmə hesab edir ki, qərardan şikayət vermiş X1 şikayətinin əsasını təşkil edən hallar isə onun subyektiv fikirləri olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. X3 normativ tələbləri pozub, nəqliyyat vasitəsinin xarici işıqlarına dəyişiklik edərək həmin modeldən olan nəqliyyat vasitələrinin normativ-texniki sənədlərində nəzərdə tutulmayan, başqa nəqliyyat vasitəsinə aid led işıqları quraşdıraraq konstruksiya dəyişikiliyi etmişdir ki, bu da, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1 saylı Əlavəsi ilə müəyyən edilmiş “Nəqliyyat vasitələrinin nasazlıqlarının Siyahısı”na əsasən qadağandır, habelə nəqliyyat vasitəsinin arxa bamperi yerində olmadan onu idarə etmişdir və belə olan halda qeyd edilənlər onun inzibati məsuliyyətə cəlb olunaraq tənbeh edilməsini əsaslı etmiş, qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 342.5 və 342.2.2-ci maddələri ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin 23 aprel 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2334/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2334/2024
21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver