Məhkəmə qərarları › İş №3(007)-2336/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2336/2020

25.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2336/2020 25.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1973-cü ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan barəsində Bakı şəhər Baş Polis İdarəsi Dövlət X2 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Dövlət X2 daxil olmuş xx xxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 07:16-da “Mercedes Sprinter yük” markalı, az ** FF *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi istiqamətində idarə edərkən polis əməkdaşları tərəfindən saxlanılmış, nəticədə yoxlama zamanı müəyyən olunmuşdur ki, sürücü nəqliyyat vasitəsini sərxoş halda idarə etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, xx xxxx 2020-ci il tarixdə saat 07 radələrində, səhər vaxtı, DYP əməkdaşları onun idarə etdiyi nəqliyyat vasitəsini saxlamış və onun barəsində sərxoş olmasına baxmayaraq əsassız protokol tərtib etmişlər. O, bununla razı olmasa da, polis əməkdaşı ona narahat olmamasını, sadəcə “həkimə getməyə ehtiyac yoxdur, pivə içmişəm” məzmunlu izahat yazdıraraq, ona köməklik göstəriləcəyini bildirmişdir. Lakin, o, həmin tarixdə, saat 10:30 radələrində özü gedib Respublika Narkoloji Mərkəzində sərxoşluq müayinəsindən keçmiş və həqiqətən də sərxoş olmadığı müəyyən edilmişdir. Bu barədə sübutu o, məhkəməyə təqdim edir. Sonda Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Bakı şəhər Baş Polis İdarəsi Dövlət X3 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəbin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Bakı şəhər Baş Polis İdarəsi Dövlət X3 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəməyə təqdim edilmiş “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsinin baş direktoru Orxan Cəfərovun xx.xx.2020-ci il tarixli, xx/xx-10932 saylı məktubundan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Şəxs xx xxxx 2020ci il tarixdə, saat 10:30 radələrində Respublika Narkoloji Mərkəzinin 1 saylı X1 müayinədən keçmişdir. Müayinənin nəticəsinə əsasən “Ayıq” müəyyən edilmişdir. Alkotestrin göstəricisi 0,00% müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin dispozisiyasından görünür ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında işdə olan sübutlarla Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi sübuta yetirilmir. Beləliklə, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar