Məhkəmə qərarları › İş №3(007)-2336/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2336/2023

11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2336/2023 11.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxxx 1973-cü il tarixdə Yardımlı rayonunun Köryədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yardımlı rayonunun Köryədi kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivi, Oruc Namazov küçəsində nömrəsiz fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 12 aprel 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsindəki 12 dekabr 2022-ci il tarixli inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, onun adına sürücülük vəsiqəsi olsa da, nə mülkiyyətində, nə də istifadəsində heç vaxt nəqliyyat vasitəsi olmamışdır. İşdə onun adında olan nəqliyyat vasitəsi kimi göstərilmiş “Chevrolet Cruze minik” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona aidiyyəti yoxdur, belə avtomobili olmamışdır, Nizami rayonunda isə yaşamamışdır. İşdə olan 12 dekabr 2022-ci il tarixli, EQ seriyalı, 12457134 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Şəxs 12 dekabr 2022-ci il tarixdə saat 18:32-də “Chevrolet Cruze minik” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 20 manat məbləğində cərimə edilmişdir. Şəxs izahatında göstərilənlərlə bağlı “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yoxlama zamanı həmin şəxsin mülkiyyətində, istifadəsində və sərəncamında yol nəqliyyat vasitələri aşkar edilməmişdir. Göründüyü kimi, Şəxs inzibati qaydada tənbeh edilməsinə əsas olmuş elektron qərarda qeyd olunan həmin şəxsin mülkiyyətində, istifadəsində və sərəncamında olması öz təsdiqini tapmamışdır, onun “Chevrolet Cruze minik” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobillə 12 dekabr 2022-ci il tarixdə saat 18:32-də inzibati xətanı törətməsi şübhə altına düşmüşdür. Hansı ki, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin imperativ tələbinə görə, inzibati xəta törətmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, belə sübutetmə vəzifəsi bilavasitə inzibati orqanın üzərindədir. Bundan başqa, məhkəmə qeyd edir ki, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmə hərəkətsizlikdə ifadə olunur, inzibati xətanın törədildiyi yer isə fiziki şəxsin qeydiyyatda olduğu yer hesab olunur. Məhkəmə iclasında isə müəyyən edilmişdir ki, Şəxs (AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi) Yardımlı rayonunun Köryədi kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivi, Oruc Namazov küçəsində nömrəsiz fərdi evdə yaşayır, ona görə də inzibati xəta haqqında protokola dair materiala Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılması üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, təqdim olunmuş sübutlar əsasında məhkəmə iclasında ətraflı araşdırma aparılaraq yekun nəticəyə gəlinməsi mümkün olmadığına görə, inzibati xəta haqqında material protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş 12 aprel 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polisi şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar