Məhkəmə qərarları › İş №3(007)-2338/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2338/2025

13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2338/2025 13.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənova Vəfa Oruc qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nizami rayonu, N.Abdullayev küçəsi, ev 4/25-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 13 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə olunan sənədlərə əsasən Köse (Hüseynova) Leyla Nizami qızı, Zərərçəkmiş şəxs 05 may 2011-ci il təvəllüdlü X6 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 18:00-dək, 2 yanvar (Yeni il bayramında) saat 11:00-dan saat 17:00-dək və 22 mart (Novruz bayramında) saat 11:00-dan saat 17:00-dək, Bakı şəhərində icra məmurunun müəyyən etdiyi yerdə ünsiyyətdə olması üçün görüş vaxtının müəyyən edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli 2(007)-417/2018 nömrəli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X3 protokolun məzmununa uyğun izahat vermiş və qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, Türkiyə Respublikasına 2020-ci ilin avqust ayında, uşağın xəstəliyi ilə bağlı getmişdir. Onun himayəsində verilmiş qızı Jalə ürəyində yaranmış problemlə bağlı orada müalicə olunmuşdur. Qarşı tərəf razılıq vermədiyi üçün uşağı məhkəmə yolu ilə Türkiyəyə aparmışdır. 2023-cü ildə geri qayıtmışlar və burada olan zaman tələbkar uşaqla ünsiyyətdə olmuşdur. Əgər o, uşağı qaçırtsaydı, yenidən Azərbaycana gətirməzdi. Uşağın məktəbinə görə yenidən Türkiyəyə qayıtmalı olmuşdur. Tələbkar məktəbə görə getdiklərini bilirdi. O, artıq Türkiyədə ailə qurmuşdur və ailəsi ilə orada yaşayır. Türkiyəyə gedən zaman ailə qurmaq məqsədi ilə getməmişdir. Tələbkar nə vaxt uşaqla ünsiyyətdə olmaq istəsə, bilet alsın, o da uşağı göndərsin. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, borclu X5 uşağını 2 il ondan qaçırtmışdır. 3 ildən sonra uşağı Azərbaycana gətirmiş və daha sonra yenidən aparmışdır. Borclu qanunda olan boşluqlardan istifadə edir. O, uşağı ilə ünsiyyətdə olmaq istəyir. Uşağın yaşadığı şərait ona tanış deyildir. 2023-cü ildə borclunun nümayəndəsi məhkəməyə müraciət etmişdir ki, icra üsulunda dəişiklik olsun, lakin ərizə rədd olunmuşdur. Borclunun həbs olunmasını istəmir. Lakin borclu icra sənədini icra etmədiyinə görə mümkün cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilibedilməməsi obyektiv qiymətləndirilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd”inə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında Şəxs göstərilən qaydada inzibati məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə işin faktiki halları baxımından inzibati xəta törətmiş şəxsin irəli sürdüyü dəlilləri əsassız hesab edir, işin icraatını istisna edən və icraata xitam verilməsinə əsas olacaq hallar müəyyən edilməmişdir, əksinə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli, 2(007)-3587/2017 nömrəli qətnaməsi ilə iddiaçı X2 cavabdeh Zərərçəkmiş şəxs qarşı “valideynin razılığı olmadan uşağın ölkə hüdudlarından kənara aparılması” tələbinə dair iddiası təmin edilmiş, iddiaçıya övladı 05 may 2011-ci il təvəllüdlü X6 ilə birlikdə atası Zərərçəkmiş şəxs razılığı olmadan Azərbaycan Respublikasından gedib-gəlməsinə icazə verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli, 2(103)-12380/2017 saylı qətnaməsi ilə cavabdeh Zərərçəkmiş şəxs apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 sentyabr 2017-ci il tarixli qətnamə qismən ləğv edilib həmin qətnamədə ifadə olunmuş və iddiaçı X4 verilmiş cavabdeh Zərərçəkmiş şəxs razılığı olmadan Azərbaycan Respublikasından gedib-gəlməsi hüququnun yalnız uşağın müalicəsi ilə əlaqədar həyata keçirilməsi üçün verildiyi müəyyən edilməklə, iddiaçı X2 üzərinə, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 sentyabr 2017-ci il tarixli qətnaməyə əsasən cavabdeh Zərərçəkmiş şəxs razılığını almadan 05 may 2011-ci il təvəllüdlü X6 ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara getdikdə səfər edəcəyi ölkə, mümkün olduğu halda həmin ölkənin şəhəri (şəhərləri), səfərin məqsədi, səfərin müddəti barədə cavabdehə ən azı 10 (on) gün qabaq yazılı məlumat vermək vəzifəsi qoyulmuş, qalan hissədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmışdır. Lakin inzibati xəta törətmiş Şəxs tələbkar Zərərçəkmiş şəxs 05 may 2011-ci il təvəllüdlü X6 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 18:00-dək, 2 yanvar (Yeni il bayramında) saat 11:00-dan saat 17:00-dək və 22 mart (Novruz bayramında) saat 11:00-dan saat 17:00dək, Bakı şəhərində icra məmurunun müəyyən etdiyi yerdə ünsiyyətdə olması üçün görüş vaxtının müəyyən edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli 2(007)-417/2018 nömrəli icra sənədinin icrasını üzrsüz səbəbdən icra etməyərkən, qeyd olunanları da nəzərə almamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, onun barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Məhkəmə bu zaman nəzərə alır ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. İş materiallarından görünür ki, Şəxs hazırkı iş üzrə tutulmamışdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 2 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına xx.xx.2025-ci il tarixli 141 saylı qərarla edilmiş dəyişikliyə əsasən hər iş saatı üçün 11 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 2 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 22 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar