Məhkəmə qərarları › İş №3(007)-2339/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2339/2021

05.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2339/2021 05.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 07 sentyabr 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs MMC istifadəsində olan nəqliyyat vasitəsini 29 iyul 2021-ci il tarixdə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı DYPŞ-nin sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi protokola dair yazılı etiraz vermiş, etirazı onunla əsaslandırmışdır ki, hesab edirlər ki, inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, inzibati xəta törədilməsində istifadə olunan nəqliyyat vasitəsi Şəxs MMC-nin mülkiyyətində deyildir. İş üzrə icraata xitam verilməsi üçün ən ciddi əsas odur ki, Şəxs MMC-nin mülkiyyətində inzibati xəta törədilməsində istifadə olunan nəqliyyat vasitəsi - “ZİL 131 yük” markalı H000518 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi mövcud deyildir. Nizami RPİ tərəfindən bu barədə ünvanlarına bir neçə dəfə sorğu daxil olmuş, “ZİL 131 yük” markalı H000518 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edən şəxsin kimliyi barədə məlumat verilməsi xahiş edilmişdir, lakin müvafiq olaraq 08.07.2021, 11.08.2021 və 25.08.2021-ci il tarixlərdə Nizami rayon polis idarəsinə cavab məktubları ünvanlayaraq yanlışlıq olduğu, Şəxs MMC-nin mülkiyyətində “ZİL 131 yük” markalı H000518 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin olmadığı rəsmi qaydada bildirilmişdir. Cavab məktubları Nizami RPİ-nin “Cəfərova” soyadlı dəftərxana işçisi tərəfindən şəxsən qəbul edilmişdir. Buna baxmayaraq Nizami RPİ tərəfindən qərəzli olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Nizami RPİ tərəfindən iş materiallarına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti əlavə edilməmişdir. İnzibati xəta haqqında protokol 48 saat ərzində məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi baxılması üçün məhkəməyə təqdim olunmalı olan inzibati xəta haqqında protokolların tərtib edildiyi tarixdən ən geci 48 saat ərzində məhkəməyə göndərilməli olduğunu qeyd edir. Lakin iş materiallarına nəzər yetirdikdə məlum olur ki, inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan ən azı 9 gün - 216 saat sonra məhkəməyə göndərilmişdir. Bu da, Azərbaycan Respublikası İXM-nin 103.1-ci maddəsinin kobud pozuntusudur. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tələblərinin pozulması ilə bağlı Nizami rayon polis idarəsi tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş AP ******* nömrəli, 07.09.2021-ci il tarixli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 yazılı etirazda göstərilənlərə uyğun izahat verərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. İşdə olan Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-si tərəfindən Şəxs MMC-yə ünvanlanmış bildirişdən görünür ki, MMC-yə məxsus “ZİL 131 yük” markalı H000518 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə 29 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 339-1.1-ci maddəsi ilə törədilmiş inzibati xəta ilə bağlı protokolun icrası ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən avtomobil və onu idarə edən sürücü barəsində müvafiq məlumatların 5 gün müddətində DYPŞ-nə göndərilməsi və qeyd olunan müddətdə çağırışa gəlməkdən səbəbsiz boyun qaçırdıqları təqdirdə müəssisənin barəsində qanuna uyğun müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Məhkəməyə təqdim edilmiş Şəxs MMC-nin 11 avqust 2021-ci il tarixli 540 nömrəli məktubunun surətindən görünür ki, MMC tərəfindən Bakı şəhəri Nizami rayon polis idarəsinə bildirilmişdir ki, həmin MMC-yə göndərdikləri “ZİL 131 yük” markalı H000518 dövlət qeydiyyat nişanlı avtomobilin sorğusu yanlışdır, müəssisədə belə bir nəqliyyat vasitəsi mövcud deyil, bu avtomobil üçün belə hal artıq dəfələrlə təkrarlanmışdır və tərəflərindən məlumat üçün sorğularına cavab verilmişdir. Həmin məktub Nizami RPİ-nin “Cəfərova” soyadlı əməkdaşı tərəfindən imza edilməklə 11 avqust 2021-ci il tarixdə alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulan məsuliyyəti yaradır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin mənasına görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Hansı ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin mülkiyyətində və ya istifadəsində materialda qeyd edilən “ZİL 131 yük” markalı H000518 dövlət qeydiyyat nişanlı avtomobil mövcud deyildir. Belə olan halda, Şəxs MMC mülkiyyətində və ya istifadəsində olmayan nəqliyyat vasitəsi ilə törədilmiş inzibati xətaya görə məsuliyyətə cəlb edilə və barəsində tənbeh tətbiq oluna bilməz. Yuxarıda qeyd edildiyi kimi, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməməklə yanaşı, qeyd olunan nəqliyyat vasitəsinin məhz Şəxs MMC-yə məxsusluğuna, sahibliyinə dair sübutlarını təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, Şəxs MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar