Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2339/2023 10.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X3, qərarı barəsində şikayət verilmiş Bakı şəhər BPİ-nin X6 İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, X3 Bakı şəhər BPİ-nin X6 İdarəsinin 25 yanvar 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Bakı şəhər BPİ-nin X6 İdarəsinin 25 yanvar 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixdə saat 13:25 radələrində Bakı şəhəri, Mehdi Abbasov küçəsi ilə etibarnamə ilə sürdüyü “Ford Fusion” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən onu Bakı şəhər DYPİ-nin inspektoru saxlayaraq İXM-nin 327.2-ci maddəsi ilə xəta törətdiyini bildirmiş və israrla yolayrıcını keçmə qaydalarını pozduğunu bildirmişdir. O isə inspektora belə bir halın baş vermədiyini bildirmiş və əlavə etmişdir ki, o, köməkçi yoldan gəlir, baş yoldan gələn nəqliyyat vasitəsinin hərəkət sürətini və hərəkət istiqamətini dəyişdirməyə məcbur buraxmadığına görə ona irad tuta bilməzlər. “Yol hərəkəti haqqında” Qanununda da göstərilir ki, köməkçi yoldan gələn nəqliyyat vasitəsi baş yoldan gələn nəqliyyat vasitəsinin hərəkət sürətini və hərəkət istiqamətini dəyişdirmirsə, öz yolunda davam edə bilər. Bütün bu dediklərinə baxmayaraq YPX-nin əməkdaşı əsassız olaraq İXM-nin 327.2ci maddəsi ilə protokol tərtib etmişdir. Göstərilənlərə əsasən Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* nömrəli inzibati qərarın ləğv olunmasını və barəsində aparılan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş X3 ayrıca yazılı vəsatəti əsasında onun, Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 25 yanvar 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatəti təmin edilmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X5 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər BPİ-nin X6 İdarəsinin nümayəndəsi X2 şikayətin dəlilləri ilə razılaşmayıb izahatında göstərmişdir ki, X5 yolayrıcını keçmə qaydasını pozduğuna görə barəsində 05 noyabr 2022-ci il tarixdə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında 25 yanvar 2023-cü il tarixli qərarla barəsində inzibati tənbeh tətbiq edilmişdir. İnzibati xətanın qeydə alınmış videogörüntüsü mövcud olmasa da, bu görüntünün olmaması inzibati xətanın törədilməməsi barədə qənaətə gəlinməsi üçün əsas deyildir, inzibati xəta haqqında protokolun özü sübutlardan biridir. Şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər BPİ-nin X6 İdarəsinin 25 yanvar 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 05 noyabr 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən 05 noyabr 2022-ci il tarixdə saat 13:25-də ünvan 1 ünvanında “Ford Fusion minik” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolayrıcını keçmə qaydalarını pozduğuna görə X3 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 60 manat cərimə tənbeh növü tətbiq edilmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 41-ci hissəsinin anlayışına görə, yol vermək - sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir. Həmin Qanunun 77-ci maddəsinin İ hissəsinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarda X3 yolayrıcını keçmə qaydalarını pozduğu göstərilməklə onun barəsində inzibati tənbeh tətbiq olunsa da, “yolayrıcını keçmə qaydalarının pozuntusu”nun özünü məhz nədə ifadə etməsi, hansı əhəmiyyətli yolda, keçiddə, dairədə və s. baş verməsi, bu zaman hansı əhəmiyyətli yolda hərəkət edən hərəkət iştirakçısının öz hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edilməsi öz əksini tapmamışdır. Törədilməsi ehtimal edilən inzibati xətanın qeydə alınmasına dair görüntülər qərara əlavə edilməmiş, məhkəməyə də təqdim edilməmişdir. Belə olan halda isə, X3 həqiqətən də belə xarakterli inzibati xəta törədib-törətməməsini, onun bu xətanın törədilməsində təqsirini müəyyən etmək mümkün deyildir. Hansı ki, İXM-nin 8-ci maddəsinin imperativ tələbinə görə, inzibati xəta törətmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, belə sübutetmə vəzifəsi bilavasitə inzibati orqanın üzərindədir. Əlavə olaraq, X3 İXM-nin 61.1.8-ci maddəsində nəzərdə tutulan - inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüququ da təmin edilməmişdir. Məhkəmənin qənaətinə görə, şəxsin özünün iştirakı ilə yerində araşdırma aparılması və digər hüquqları təmin edilərdisə və belə sübutlar inzibati araşdırma materialına əlavə edilib müvafiq qaydada saxlansa idi, sonradan belə mübahisənin yaranmasına əsaslar qalmazdı və ya mübahisə yarandığı halda sübutların qiymətləndirilməsi onlara münasibətdə həyata keçirilə bilərdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, onun 05 noyabr 2022-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirlilyi sübuta yetirilmədiyindən, həmin xətaya görə o, inzibati məsuliyyətə cəlb oluna bilməz, ona görə də mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhər BPİ-nin X6 İdarəsinin X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 60 manat məbləğində inzibati cərimə edilməsinə dair 25 yanvar 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2339/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2339/2023
10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver