Məhkəmə qərarları › İş №3(007)-2341/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2341/2025

20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2341/2025 20.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inspektoru X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ27660281 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ27660281 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Keşlə məscidinin yanında dövlət nömrə nişanı **-SA-*** olan avtomobilini 3 dəqiqə saxlamış, avtomobili tərk etmədən dostu avtomobilə əyləşmişdir. Avtomobili saxladığı ərazidə heç bir “dayanmaq qadağandır” və ya “durmaq qadağandır” yol nişanı və yerüstü işarələmə mövcud olmadığından o, həmin yerdə park etmişdir. Barəsində EQ27660281 nömrəli protokolla İXM-nin 346.4-cü maddəsinə əsasən 2 bal, 80 manat cərimə edilmişdir. O, qərarla razı deyil, fotoşəkillərdən də görünür ki, qadağanedici nişanlar və yerüstü nişanlama yoxdur, avtomobil küçənin giriş hissəsində əvvəl, əsas yol üzərində deyil, yolun kənarında, nəqliyyatın və piyadaların hərəkətinə mane olmadan saxlanılmışdır. Protokolda bu ərazinin ikinci dərəcəli yol olduğu iddia olunur, lakin bunu təsdiq edən heç bir yol nişanı və ya nişanlama yoxdur. Cərimə yalnız fotosübutla əsaslanıb, videogörüntü təqdim edilməmişdir. Halbuki hadisənin dəqiq təhlili və hüquq pozuntusunun müəyyən edilməsi daha doğru video görüntü ilə sübut olunmalıdır. Göstərilən hallar onu göstərir ki, onun barəsində tərtib edilmiş protokol əsassızdır və qanuni əsaslardan məhrumdur. Qeyd olunanlara əsasən xx.xx.2025-ci il tarixli, EQ27660281 nömrəli qərarın ləğv olunmasına dair müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inspektoru X3 çıxış edərək bildirdi ki, şikayətçi nəqliyyat vasitəsini saxladığı yoluyn ikinci dərəcəli yol olduğunu bildirsə də, ora ikinci dərəcəli yol yox, yolun hərəkət hissəsinin ikinci cərgəsidir. Ora K.Əfkari, M.H.Kazımov və M.Ə.Sabir küçələrinin kəsişməsidir, 1 cərgə nəqliyyat vasitələrinin parklanması üçün nəzərdə tutulmuşdur. Şikayətçi isə nəqliyyat vasitəsini həmin parklanma üçün nəzərdə tutulmuş cərgənin arxasında, yolun hərəkət hissəsində, üstəlik əks isiqamətdə saxlamışdır. Həmçinin ora məhkəmin girişi deyil və şikayətçi nəqliyyat vasitəsini 3 dəqiqə deyil, uzun müddət orada saxlamışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli, EQ27660281 nömrəli inzibati tənbeh vermə haqqında görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə məscidinin yanında xx.xx.2025-ci il tarixdə yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə, “Audi A4” minik markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X4 Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə 80 manat məbləğində inzibati cərimə edilmişdir. Qərardan şikayət vermiş X4 tərəfindən dayanma qaydalarının pozulması işdə olan fotoşəkil, qərar, protokol və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki iş materiallarına əlavə edilmiş fotoşəklə əsasən müəyyən edilmişdir ki, sürücü “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 52ci maddəsinin İ hissəsinin tələblərini pozmuş, nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə saxlamışdır. Belə ki, “Yol Hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin İ hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Şikayətçi isə nəqliyyat vasitəsini birinci cərgədə parklanmış nəqliyyat vasitələrinin arxasında, yolun hərəkət hissəsində saxlayaraq nəqliyyat vasitəsini tərk etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Beləliklə, məhkəmə qanunvericiliyin istinad olunan normalarına və işin faktiki hallarına əsasən şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı inzibati xətalar qanunvericiliyinin tələbləri pozulmamışdır, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddələrin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 xx.xx.2025-ci il tarixli, EQ27660281 nömrəli qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar