Məhkəmə qərarları › İş №3(007)-2342/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2342/2021

21.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2342/2021 21.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib olunmuş 16 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən hüquqi ünvanı ünvan 1C tərəfindən 2021-ci ilin may-iyun ayları ərzində Şahid3, Şahid1, Şahid2, Şahid4, Şahid5, Şahid8, Şahid6, Şahid7 və Şahid9 ilə (cəmi 9 nəfər) əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan onlar ünvan 2 ünvanında tikilən hündürmərtəbəli yaşayış binasının tikintisində işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X3 protokolda qeyd edilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, yerində araşdırma zamanı cəmi 9 nəfər şəxslə, yəni Şahid3, Şahid1, Şahid2, Şahid4, Şahid5, Şahid8, Şahid6, Şahid7 və Şahid9 ilə əmək və ya xidməti (mülki) müqaviləsi bağlanılmadan "xxxx" MMC-də işə cəlb edildikləri müəyyən edilmişdir. Araşdırma zamanı MMC tərəfindən həmin şəxslərlə belə müqavilə bağlandığına dair hər hansı sübut təqdim edilməmişdir. İnzibati xətanın sübuta yetirildiyini nəzərə alaraq, "xxxx" MMC-nin barəsində tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında (o cümlədən elektron qaydada SMS məlumatla) dəfələrlə bildirilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi və ya vəkili məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə həmin MMC-nin nümayəndəsinin və ya vəkilinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 izahatında göstərmişdir ki, o, "xxxx" MMC-nin Bakı şəhəri, Şərifzadə küçəsində keçmiş “Kaktus” restoranının yaxınlığında tikilən yaşayış binasında suvaq (malyar) işlərini görmüşdür. 30 may 2021-ci il tarixdən 27 iyun 2021-ci il tarixədək MMC-yə məxsus həmin binada işləmiş, MMC-nin Zahid adlı işçisi onların işinə nəzarət etmiş, işləyəcəkləri sahəni göstərmişdir. Onunla birlikdə başqa şəxslər də işləmiş, lakin onların heç biri ilə əmək müqaviləsi bağlanmamışdır. Suvaq işlərinin haqqı kvadrat hesabına ödənilməli olmuşdur. Gördüyü işin haqqı kimi 450 manat almalı olsa da, Zahid ona cəmi 100 manat pul vermişdir. Əmək müfəttişliyinə şikayət versələr də, MMC tərəfindən yenə də onların pulları ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 izahatında göstərmişdir ki, o, "xxxx" MMC-nin Bakı şəhəri, Şərifzadə küçəsində keçmiş “Kaktus” restoranının yaxınlığında tikilən yaşayış binasında suvaq (malyar) işlərini görmüşdür. 2021-ci ilin mayiyun aylarında MMC-yə aid həmin binada işləmiş, MMC-nin Zahid adlı işçisi onların işinə nəzarət etmişdir. Onunla birlikdə başqa şəxslər də işləmiş, lakin onların heç biri ilə əmək müqaviləsi bağlanmamış, pulları kvadrat hesabına ödənilməli olmuşdur. Əmək müqaviləsi bağlanmasını tələb etsələr də, onlarla müqavilə bağlanmamış, həm də pulları ödənilməmişdir. Digər iş yoldaşları kimi gördüyü işin haqqı olan 450 manat indiyədək ona ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında göstərmişdir ki, o, "xxxx" MMC-nin Bakı şəhəri, Şərifzadə küçəsində keçmiş “Kaktus” restoranının yaxınlığında tikilən yaşayış binasında suvaq (malyar) işlərini görmüşdür. Onları həmin işə MMC-nin Şamil və Zahid adlı işçiləri cəlb etmiş, görülməli işlərin sahəsini göstərmişlər. Əmək müqaviləsi bağlanmasını tələb etsələr də, hər gün bir bəhanə edərək müqavilə bağlamamışlar, ona görə onlar kvadrat hesabına işləməli olmuşlar. 2021-ci ilin may və iyun aylarında işləsələr də, əmək haqqıları tam ödənilməmiş, 450 manat alacağı qalmışdır. Əmək müfəttişliyinə şikayət versələr də, MMC tərəfindən yenə də onların pulları ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 izahatında göstərmişdir ki, o, "xxxx" MMC-nin Bakı şəhəri, Şərifzadə küçəsində keçmiş “Kaktus” restoranının yaxınlığında tikilən yaşayış binasında suvaq (malyar) işlərini görmüş, 07 may 2021-ci il tarixdən 30 may 2021-ci il tarixədək işləmişdir. Onunla birlikdə digər şəxslər də işləmişlər, lakin onların heç biri ilə əmək müqaviləsi bağlanmamışdır. MMC-nin Zahid adlı işçisi onları işə buraxmış və işlərinə nəzarət etmişdir. Dəfələrlə tələb etsələr də onlarla əmək müqaviləsi bağlanmamış, suvaq işlərinin haqqını kvadrat hesabına ödəmişlər. Lakin pullarını tam ödəməmişlər, onun özünün 300 manat alacağı qalmışdır. Əmək müfəttişliyinə şikayət versələr də, MMC tərəfindən yenə də onların pulları ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid8 izahatında göstərmişdir ki, o, "xxxx" MMC-nin Bakı şəhəri, Şərifzadə küçəsində keçmiş “Kaktus” restoranının yaxınlığında tikilən yaşayış binasında suvaq (malyar) işlərini görmüşdür. O, 2021-ci ilin may ayının 07-dən 30-dək işləmiş, MMC-nin Zahid adlı işçisi onların işinə nəzarət etmiş, işləyəcəkləri sahəni göstərmişdir. Onunla və birlikdə işlədiyi digər iş yoldaşları ilə əmək müqaviləsi bağlanmamışdır. Suvaq işlərinin haqqı kvadrat hesabına ödənilməli olmuşdur. Onun gördüyü işə görə MMC-dən 490 manat almalı olsa da, həmin məbləğ ona ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 izahatında göstərmişdir ki, o, "xxxx" MMC-nin Bakı şəhəri, Şərifzadə küçəsində keçmiş “Kaktus” restoranının yaxınlığında tikilən yaşayış binasında suvaq (malyar) işlərini görmüşdür. O, 07 may 2021ci il tarixdən 30 may 2021-ci il tarixədək işləmiş, MMC-nin Zahid və Şamil adlı işçiləri onların işinə nəzarət etmişlər, pullarını nağd şəkildə Zahid vermişdir. Onunla və birlikdə işlədiyi digər şəxslərlə əmək müqaviləsi bağlanmamışdır. Suvaq işlərinin haqqı kvadrat hesabına ödənilmiş, işlədiyi işin haqqı olan 490 manat pul ona ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahatında göstərmişdir ki, o, "xxxx" MMC-nin Bakı şəhəri, Şərifzadə küçəsində keçmiş “Kaktus” restoranının yaxınlığında tikilən yaşayış binasında suvaq (malyar) işlərini görmüş, 2021-ci ilin may və iyun aylarında işləmişdir. Onlar qrup şəklində işləmişlər, lakin heç biri ilə əmək müqaviləsi bağlanmamışdır. MMC-nin Zahid adlı işçisi onları işə buraxmış və briqadir kimi işlərinə nəzarət etmişdir. Suvaq işlərinin haqqını kvadrat hesabına almalı olmuşlar, 300 manat əmək haqqını indiyədək MMC-dən ala bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid9 izahatında göstərmişdir ki, o, "xxxx" MMC-nin Bakı şəhəri, Şərifzadə küçəsində keçmiş “Kaktus” restoranının yaxınlığında tikilən yaşayış binasında suvaq (malyar) işlərini görmüş, 2021-ci ilin iyun ayında işləmişdir. Onunla və digər iş yoldaşları ilə əmək müqaviləsi bağlanmamışdır. MMC-nin Zahid adlı işçisi briqadir kimi işlərinə nəzarət etmiş, hansı işi görəcəklərini və hansı məblığdə pul alacaqlarını Zahidlə razılaşmışlar. Suvaq işlərinin haqqını kvadrat hesabına almalı olmuşlar, 300 manat əmək haqqını indiyədək MMC-dən ala bilməmişdir. Əmək müfəttişliyinə verdikləri şikayət də nəticəsiz qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında göstərmişdir ki, o, "xxxx" MMC-də əmək müqaviləsi əsasında nəzarətçi vəzifəsində işləyir, MMC-də olan vəzifəsinə uyğun olaraq ancaq işlərin görülməsinə nəzarət edir. Şikayət edən şəxslərdən adını bilmədiyi 3 nəfər tikintidə işləmişdir, lakin o, həmin şəxslərin heç birini işə çağırmamışdır, özləri gəlib onlara iş verilməsini istəmişlər. Həmin şəxslərlə əmək müqaviləsi bağlanmasa da, işlədikləri işin haqqı onların özlərinə ödənilmişdir. Bu müqaviləni işçilərlə o yox, briqadir bağlamalı olmuşdur. "xxxx" MMC tərəfindən əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərdən Şahid7 məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamış, məhkəmə həmin şəxsin iştirakı olmadan işə baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Şahid3, Şahid1, Şahid2, Şahid4, Şahid5, Şahid8, Şahid6, Şahid7 və Şahid9 (cəmi 9 nəfər) X4 Xidmətinin Bakı şəhər idarəsinə ünvanladıqları 19 avqust 2021-ci il tarixli birgə ərizələrinin surətindən görünür ki, onlar “Kaktus” restoranının yanındakı binada “malyar” işlərini gördüklərini, onları həmin yerə işə Şamil və Zahid adlı şəxslərin gətirdiklərini, işlədiklərini şirkətin adını İK olaraq tanıdıqlarını, şirkətin onlarla əmək müqaviləsi bağlamadığını, müxtəlif vaxtlarda ümumilikdə üç ay işlədiklərini, şirkətin hər birinə müxtəlif məbləğlərdə əmək haqlarını ödəmədiyini göstərmişlər və onlara ödənilməli olan pulların ödənilməsinə köməklik göstərilməsini xahiş etmişlər; -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış 23 avqust 2021-ci il tarixli məktubun surətindən görünür ki, Şahid3 və qeyrilərinin həmin MMC tərəfindən əmək hüquqlarının pozulması barədə müraciətlərinə baxıldığı bildirilmiş, həmin şəxslərə aid olan sənədlərin surətlərinin 7 iş günü ərzində təqdim olunması təklif edilmişdir; -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış 07 sentyabr 2021-ci il tarixli məktubun surətindən görünür ki, Şahid3 və qeyrilərinin həmin MMC tərəfindən əmək hüquqlarının pozulması barədə müraciətlərinə baxıldığı, daxil olmuş məlumatlara baxılmaqla inzibati xətanın əlamətlərinin olmasının müəyyən edildiyi bildirilmiş, həmin məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olubolmamasının araşdırılması ilə əlaqədar Bakı şəhər idarəsinə dəvət olunduqları bildirilmiş, rəhbərliyin və ya səlahiyyətli nümayəndələrinin iştirakının təmin olunması, onlarda olan sübutların, izahatların və mülahizənin təqdim olunması təklif edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hazırkı halda məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs "xxxx" MMC tərəfindən törədilmişdir. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunmuşdur ki, fiziki şəxslər Şahid3, Şahid1, Şahid2, Şahid4, Şahid5, Şahid8, Şahid6, Şahid7 və Şahid9 (cəmi 9 nəfər) 2021-ci ilin may-iyun aylarında "xxxx" MMC-nin Bakı şəhəri, Şərifzadə küçəsində keçmiş “Kaktus” restoranının yaxınlığında tikilən yaşayış binasında suvaq (malyar) işlərini görmüşlər, lakin işlədikləri müddətdə onlarla əmək müqaviləsi və ya mülki hüquqi müqavilə bağlanmamış, həmin şəxslər belə müqavilə olmadan MMC tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasının tikintisində işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. İşlərin görülməsi zamanı işə cəlb edilən şəxslərin əmək haqqının bir hissəsi nağd surətdə ödənilmiş, qalan hissəsi isə "xxxx" MMC tərəfindən onlara ödənilməmiş qalmışdır. Məhkəmə hesab edir ki, inzibati xətalar qanunvericiliyinin tələbləri "xxxx" MMC tərəfindən pozulmuşdur ki, bu da, İXM-nin 192.1-ci maddəsinin təsiri altına düşməklə, həmin maddə ilə inzibati məsuliyyətə səbəb olmuşdur. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır; 44-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs "xxxx" MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar