Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2348/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Biləsuvar rayonunun Günəşli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Biləsuvar şəhəri M.Müşfiq küçəsi, ev 9-da qeydiyyatda olan, Bakı şəhəri Xətai rayonu, K.Kərimov küçəsi, ev 111, mənzil 80-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 15 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, “Şəxs 15 may 2025-ci il tarixdə polisin qanuni tələblərini pozaraq tabesizlik etməklə polisin ünvanına kobud ifadələr işlətmişdir”. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X3 protokolun məzmununa uyğun izahat vermiş və Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, X9 ilə “Teleqram” kanalında yazışmışlar, Nemət onunla münasibət qurmaq istəmişdir. O, Nemətdən 50 manat pul tələb etməmiş və almamış, yalnız ehtiyacı olduğuna görə 5 manat istəmiş, Nemət də onun kartına həmin məbləğdə pul atmışdır. Sonra münasibətləri pozulduğuna görə bir-birilərinə qarşı nalayiq ifadələr yazmışlar. Sonra o, Nemətin şikayəti əsasında onu polisə çağırmışlar, zəng edən polis işçisi yerini soruşmuş, o da “Q.Qarayev” metrosu yaxınlığında, “Sevinc” kinoteatrının qarşışında olduğunu demişdir. Polis içisi gəlmiş və o da heç bir söz demədən, etiraz bildirmədən onlarla birlikdə 25-ci polis şöbəsinə getmişdir. O, polislərə qarşı nalayiq ifadə işlətməmiş, onların tələbini yerinə yetirməkdən imtina etməmişdir. Qeyd olunanlara əsasən işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin CA üzrə əməliyyat müvəkkili X5 izahatında göstərmişdir ki, X6 şikayətinin araşdırılması ilə əlaqədar Şəxs 25-ci polis şöbəsinə dəvət etmişlər. Hansı ki, Şəxs həmin şəxslə yazışmalarında polisin ünvanına nalayiq ifadələr işlədərək polisləri təhqir etmişdir. Şəxs yerini müəyyən edərək 15 may 2025-ci il tarixdə 00:15 radələrində onu “Sevinc” kinoteatrının qarşışından 25-ci polis şöbəsinə gətirmişlər. Həmin vaxt Şəxs hay-küy salmış və qanunu pozmadığını deyərək etirazını bildirmişdir. Lakin bu zaman videoçəkiliş aparmamışlar, şəxsin törətdiyi xəsta ilə bağlı başqa sübut da təqdim edə bilmirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərmişdir ki, o, yuyucu, yəni “moyka” işlədir, “Teleqram” kanalında işçi axtarması barədə elan qoymuşdur. Şəxs bu adla ona yazmağa başlamış, lakin sonra onun danışığı xoşuna gəlmədiyinə görə fikrini dəyişmiş, Nurlanı yola verməyə başlamışdır. Sonra Nurlan ondan 50 manat pul istəmiş, lakin bu məbləği verməyə imkanı olmadığından onun kart hesabına 5 manat göndərmişdir. Sonra Nurlan ondan əl çəkməmiş, yazışmalarında mübahisələri olmuş, Nurlan ona və polislərin ünvanına nalayiq ifadələr yazmışdır. Buna görə həmin şəxslə bağlı polisə şikayət etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol, həmin şəxsin 15 may 2025-ci il tarixdə xırda xuliqanlıq etməsi və polis əməkdaşlarının qanuni tələbinə tabe olmaması ilə bağlı tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin mənası baxımından inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, belə sübut etmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Lakin baxılan işdə qanunun həmin tələbinə əməl edilməmiş, Şəxs təqsirliliyi sübuta yetirilməmiş, Şəxs 15 may 2025-ci il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması, xırda xuliqanlıq edərək ictimai qaydanı pozan hərəkətlərə yol verməsi ilə müşayiət olunan xətaya yol verməsi öz təsdiqini tapmamışdır. Hansı ki, inzibati xəta haqqında protokolun özündə inzibati xətanın mahiyyəti düzgün göstərilməmişdir, buradan da aydın olur ki, inzibati araşdırma zamanı belə, şəxsin qeyd olunanlarla müşayiət olunan xətanı törətməsi, onun məhz hansı hərəkətlərinin qeyd olunan maddələrin təsiri altına düşməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad olunmalı, inzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin və inzibati məsuliyyətdən azad edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 2 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 22 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2348/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2348/2025
15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver