Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2356/2021 12.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ev 68B, mənzil 20-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 329.3 və 333.2-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər BPİ-nin DYPİ-si tərəfindən tərtib edilmiş 01 sentyabr 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs olaraq nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə 01 sentyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında protokol əsasında inzibati tənbeh almış şəxs kimi qərarın qüvvəyə mindiyi gündən bir il ərzində təkrarən, 01 sentyabr 2021ci il tarixdə saat 08:16-da Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində “Opel Astra minik” markalı ** MY *** dövlət qeydiyyat nişanlı avtomobili yol nişanlarından və işıq cihazlarından istifadə qaydalarını pozmaqla və alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi X4 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Şəxs bir daha spirtli içki qəbul edərək avtomobil idarə etməyəcəyi və həkim müayinəsinə getməyə ehtiyac olmaması barədə yazılı izahat verməklə yanaşı, təqdim edilmiş videogörüntüdən də müəyyən olunduğu kimi spirtli içki qəbul etdiyini etiraf edir. Bundan başqa müəyyən edilmişdir ki, Şəxs inzibati tənbeh vermə haqqında qərar əsasında inzibati tənbeh almış şəxs kimi qərarın qüvvəyə mindiyi gündən bir il ərzində təkrarən hazırkı iş üzrə xətanı törətmişdir. Həmin şəxs qeyd olunan qərarı mübahisələndirməmiş, təyin olunmuş cəriməni ödəmişdir. Şəxs barəsində hər hansı qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 01 sentyabr 2021-ci il tarixdə polislərin onu niyə saxladıqlarının səbəbini bilməmiş, heç bir müayinə etmədən, həkimə aparmadan avtomobili içkili vəziyyətdə idarə etdiyini bildirmişlər, iki saat onu fırlatdıqdan, ləngitdikdən sonra buraxmışlar, sonra özü həkim müayinəsinə getmiş, rəy verilmişdir ki, o, ayıqdır. İzahatında həkimə getməyə ehtiyac olmadığını o mənada yazmışdır ki, içkili deyil. Lakin bu yolla onu aldatmış, içkili olduğunu etiraf etdirmişlər. Nüsrət adlı YPX əməkdaşı ona demişdir ki, içkilidir, hansı ki, o, səhər vaxtı saxlanılmışdır və polisə bildirmişdir ki, indi yox, axşam saat 9-10 vaxtlarında bir butulka pivə içmişdir. Bir daha bildirir ki, saxlanılan vaxt alkotesterlə yoxlanılmamışdır, polislər onu aldatmışlar. 01 sentyabr 2020-ci il tarixdə barəsində tərtib olunmuş protokol üzrə cərimə məbləğini ödəmişdir. Barəsində hazırda baxılan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ-nin YPX inspektoru X2 DYPİ-nin nümayəndəsi ilə eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, 01 sentyabr 2021-ci il tarixdə YPX inspektoru X3 ilə xidmətdə olduqları vaxt, saat 08 radələrində Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində “Opel Astra minik” markalı ** MY *** dövlət qeydiyyat nişanlı avtomobili qayda pozuntusuna görə, yəni yol nişanlarından və işıq cihazlarından istifadə qaydalarını pozmağa görə saxlamışlar, ünsiyyət zamanı müəyyən etmişlər ki, sürücü Şəxs adlı şəxsdir və həmin şəxsin spirtli içki içməsi aşkar bilinir. Buna görə alkotesterlə yoxlanılmalı olduğunu, narazı olduğu halda həkimə aparılmalı olduğunu izah etmişlər. Lakin sürücü Şəxs öz xətti ilə yazdığı izahatında həkimə getməyə ehtiyac olmadığını bildirmiş və imzası ilə bu halı təsdiq etmişdir. Eyni zamanda qeydə alınmış görüntülərlə də təsdiq olunur ki, o, içki içərək avtomobil idarə etdiyini etiraf edir. İnzibati araşdırma və protokolun tərtibi zamanı tərəflərindən hər hansı qanun pozuntusu hallarına yol verilməmişdir. Məhkəmə iclasında işə əlavə olunmuş CD diskdə olan videogörüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Şəxs xidməti avtopatrulda onunla söhbət aparan YPX əməkdaşına spirtli içki içdiyini etiraf edərək həkim müayinəsinə ehtiyac olmadığını, heç bir narazılığı olmadığını bildirir, hətta bu danışıqların qeydə alınıb-alınmadığı ilə də maraqlanır. İşdə olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında 01 sentyabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş xüsusi texniki vasitənin hesabatından görünür ki, Şəxs spitli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən bu faktın müəyyən edilməsi üçün sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmiş, 01 sentyabr 2021-ci il tarixdə saat 08:02-də keçirilən müayinə zamanı onda alkoqolun miqdarı 0.411% olmuşdur. Şəxs həmin göstərici ilə razılaşaraq, “həkimə ehtiyac yoxdur, xahiş edirəm məni nəzərə alın, söz verirəm bir də təkrarlanmayacaq” sözlərini yazmış və protokolu imzası ilə təsdiq etmişdir. Şəxs məhkəməyə təqdim etdiyi “Sərxoşluq vəziyyətinin tibbi müayinə”sinə dair 01 sentyabr 2021-ci il tarixli 2/24982 nömrəli aktdan görünür ki, Şəxs həmin tarixdə saat 15:15-də keçirilən tibbi müayinəsi zamanı onun ayıq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 333-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə tövsif olunmuşdur. Sözügedən maddənin tələbinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, Şəxs məhkəmə iclasında izahatında irəli sürdüyü dəlillər işin faktiki halları ilə təkzib olunur, belə ki, həmin şəxsin alkoqoldan istifadə etməsi və bunun nəticəsində sərxoş vəziyyətdə avtomobil idarə etməsi faktı yerində olmaqla xüsusi texniki vasitənin vasitəsi ilə müəyyən olunmuşdur, bu nəticənin şübhə altına alınması üçün əsaslar yoxdur. Sərxoşluq faktı narkoloji mərkəzdə keçirilmiş tibbi müayinə nəticəsində aşkar olunaraq 01 sentyabr 2021-ci il tarixdə saat 08:02-də bu barədə akt tərtib edilmiş, Şəxs isə həmin tarixdə saat 15:15-də tibbi müayinədən keçmişdir. Aradakı saat fərqinin özü də şəxsin təbii yolla və ya müxtəlif vasitələrdən istifadə etməklə ayılmasına, sərxoşluq vəziyyətinin aradan qaldırılmasına yetərli hesab oluna bilər. Bundan başqa inzibati xəta haqqında protokola əlavə edilmiş və baxış keçirilmiş videogörüntülərlə müəyyən edilmişdir ki, Şəxs spirtli içki içdiyini etiraf edir və həkim müayinəsinə getməyə ehtiyac olmadığını bildirir. Ona görə məhkəmə Şəxs hazırda irəli sürdüyü dəlilləri onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirərək nəzərə almır. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 327.1 və 329.3-cü maddələri nəzərdə tutulmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi, İXM-nin 327.1 və 329.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya dair işə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid deyildir, ona görə Şəxs barəsində həmin maddələrlə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, inzibati xətaya görə inzibati tənbeh almış Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar və sərxoş halda törətməsi İXM-nin 33.3-cü maddəsinin tələbi baxımından məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alına bilməz. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 333.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2356/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2356/2021
12.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver