Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2370/2021 21.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, X3 Bəxtiyar oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X6 yol patrul xidməti inspektoru polis serjantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 06 avqust 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, Şəxs, barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X6 yol patrul xidməti inspektoru polis serjantı X2 tərəfindən tərtib olunmuş İXP ******* saylı 12.09.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 sentyabr 2021-ci il tarixdə, saat 19:55-də, “KNAZAR SD” minik markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci-əks istiqamətli hərəkət zolağına çıxmadan ötməyə görə, İnzibati Xətalar Məcəlləsinin 332.1-ci-nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edilməsinə görə və İnzibati Xətalar Məcəlləsinin 511.3-cü bu Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saat həddində aşmağa görə inzibati xəta törətmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, 12 sentyabr 2021-ci il tarixdə, saat 19 radələrində “KNAZAR SD” minik markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yol vərəqəsi əsasında H.Əliyev prospektində idarə edərkən, tələsdiyi üçün sürət həddini 140-160 km/saat həddində aşmış və həmin vaxt avtoxuliqanlıq hərəkətlərinə yol verməmiş və belə bir niyyəti də olmamışdır. Polisin saxla əmrinə dərhal tabe olaraq avtomobili saxlamışdır. İlkin izahatını polis əməkdaşının dediklərinə uyğun yazmışdır. Barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X6 yol patrul xidməti inspektoru polis serjantı X2 izahatında göstərmişdir ki, Şəxs 12 sentyabr 2021-ci il tarixdə, saat 19:55-də, “KNAZAR SD” minik markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, hərəkət zolağına çıxmadan ötmə aparmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə etməklə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saat həddində aşmaqla inzibati xəta törətmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatlarını dinləyərək hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.3cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən, avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bununla da qanunvericiliyə görə avtoxuliqanlıq növündə inzibati xətanın obyektiv tərəfi aşağıda göstərilən 3 əlamətlə xarakterizə edilir: 1) ictimai qaydanın və əhalinin dincliyinin nümayişkaranə şəkildə pozulması; 2) cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi; 3) yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması. Buna görə də, əməlin avtoxuliqanlıq hesab olunması üçün şəxsin hərəkətlərində bu inzibati xətanın obyektiv tərəfinin yuxarıda göstərilən əlamətlərinin hər üçü mövcud olmalıdır. Qanunun mənasına görə şəxsin əməlində yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması əlaməti mövcud deyildirsə, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqcasına hörmətsizlik ifadə edən hərəkətlər özü-özlüyündə avtoxuliqanlıq növündə inzibati xətanın tərkibini yaratmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.2-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Məhkəmə baxışı zamanı inzibati işə əlavə olunmuş və inzibati xətanın aşkarlanmasında istifadə olunan videogörüntü əks olunan CD diskə tərəflərin iştirakı ilə keçirilmiş baxış zamanı Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.3-cü maddəsinin əlaməti müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, videogörüntüyə keçirimiş baxış zamanı Şəxs hərəkətlərində daha çox Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin əlamətinin olduğu müşahidə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbinə əsasən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair məsələyə baxılması aidiyyəti üzrə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X6 yol patrul xidməti inspektoru polis serjantı X2 tərəfindən tərtib olunmuş İXP ******* saylı 12.09.2021-ci il tarixli inzibati xəta haqqında protokol üzrə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.3-cü maddəsi ilə inzibati xəta tərkibi olmadığına görə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair məsələyə baxılması aidiyyəti üzrə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-2370/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2370/2021
21.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver