Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2375/2022 14.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(007)-3308/2016 nömrəli icra sənədindən görünür ki, Şəxs 1790.44 manat alınaraq "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İnzibati işdə olan xx.xx.2016-cı il tarixli qərardan görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(007)-3308/2016 nömrəli icra vərəqəsi Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə daxil olmuş və icra sənədinin icrasına başlanılmışdır. İnzibati işdə olan xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə məlumat göndərilmişdir. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(007)-3308/2016 nömrəli icra vərəqəsi üzrə 1790.44 manat borcunu "xxxx" ASC-yə ödəməmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X2 izahatında göstərmişdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(007)-3308/2016 nömrəli icra sənədinə əsasən, Şəxs 1790.44 manat alınaraq "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2016-cı il tarixdə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə daxil olmuş və icra sənədinin icrasına başlanılmış və borclu Şəxs tələbin könüllü icrası barədə məlumat göndərilmişdir. Borclu icra sənədi üzrə toplanmış borc üzrə ödəniş etməmişdir. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərmişdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(007)-3308/2016 nömrəli icra sənədinə əsasən, ondan 1790.44 manat alınaraq "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsi tərəfindən icra sənədi üzrə icraata başlanılması və tələbin könüllü icrası haqqında bildirişin ona göndərilməsi barədə məlumatı olmamışdır. Həmçinin bildirdi ki, icra sənədi üzrə qeyd edilmiş borc məbləği anasının istifadəsində olmuş, vəfatından sonra isə onun istifadəsinə keçmiş işıq sayğacına hesablanmışdır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən hazırki materiala borclunun icra sənədinin üzürsüz səbəbdən icra etməməsi və bunda məhz qərəzli olması barədə hər hansı sübut əlavə olunmamışdır. Belə ki, materiala borclu tərəfindən istər icraata başlama haqqında qərarın və tələbin könüllü icrası barədə bildirişin, istərsə də müxtəlif vaxtlarda göndərilməsi qeyd edilən xəbərdarlıqların rəsmi qaydada alınması barədə hər hansı bir sənəd əlavə edilməməklə borclunun icra sənədinin üzürsüz səbəbdən və yenə də yuxarıda qeyd olunduğu kimi icra sənədini qərzəli olaraq icra etməməsi müəyyən edilmir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etmir. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda sözügedən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə hesab edir ki, icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi sübut edildikdə onun təqsirlilik məsələsinə baxıla bilər. Məhkəmə iclasında həmçinin müəyyən olundu ki, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsi tərəfindən borclu Şəxs əmlakının axtarılması haqqında xx.xx.2022-ci il tarixli qərar qəbul edilməklə icra olunması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, borclu Şəxs mülkiyyətində olan “Daewoo Nexia” minik markalı ** TD *** dövlət qeydiyyat nişanlı avtomobil barəsində axtarış elan edilməklə, sözügedən avtomobilin saxlanılaraq təhvil verilməsinin Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclu barəsində inzibati protokol tərtib etməklə məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməmiş, borcun ödənilməsinin təminatı qismində əmlak üzərinə həbs qoyulduğu, şəxsin inzibati məsuliyyətə cəlb edilmədən də müvafiq icra tədbirləri həyata keçirilməklə icra sənədinin icra olunmasının mümkünlüyü tükənmədiyi halda, borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirmədən, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlamadan birbaşa inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №3(007)-2375/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2375/2022
14.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver