Məhkəmə qərarları › İş №3(007)-2377/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2377/2021

30.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2377/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1968-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, Məh.2520-2522, ev 32, mənzil 131-də yaşayan, Şəxs barəsində Bakı şəhəri DYPİ-nin polis kapitanı X1 tərəfindən qəbul edilmiş 16.08.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı şəhəri DYPİ-nin polis kapitanı X1 tərəfindən qəbul edilmiş 16.08.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs 06.08.2021-ci il tarixdə saat 12:29-da Q.Qarayev pr. S.Mirzəyev küçəsi ilə “HYUNDAİ İX- 35” minik markalı ** LM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirili bilinərək 60 manat məbləğində cərimə ilə tənbeh olunmuşdur. Həmin qərardan Şəxs şikayət verərək, Bakı şəhər DYPİ-nin Yol patrul xidməti inspektoru polis kapitanı X1 tərəfindən barəmdə tərtib olunmuş 16.08.202l-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, 16.08.2021-ci il tarixdə günorta vaxtı saat 12:29 radələrində idarə etdiyi ** LM *** dövlət qeydiyyat nişanlı “HYUNDAİ İX-35 minik” markalı nəqliyyat vasitəsində Qara Qarayev pr. S.Mirzəyev küçəsində irəliləyərkən Bakı şəhər DYPİ-nin Yol patrul xidməti inispektoru polis kapitanı X2 nəqliyyat vasitəsini saxlamaqla inzibati xəta törətdiyini bildirib barəsində TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Qeyd edir ki, yaxınlıqda yaşadığından mütəmadi olaraq həmin yol ayrıcından istifadə edir və sfetoforun qırmızı işığında ondan öndə vaz 21-06 markalı avtomobil durmuş, svetoforun qırmızı işığı sönüb sarı işığa keçdikdə ondan öndə saxlayan vaz 21-06 avtomobil hərəkət etdikdən sonra o hərəkət etmiş və bu zaman onun önümdə gedən vaz 21-06 markalı avtomobil ilə üzbə-üz gələn DYPİ-nin Yol patrulu vaz 21-06 markalı avtomobili saxlamamış, amma ona başı ilə saxla işarəsi vermiş, o da avtomobili saxlamış, DYPİ-nin Yol patrul inispektoru A.Arzumanli onun avtomobilinə yaxınlaşıb svetoforun qırmızı işığını bir saniyə tez keçdiyini demişdir. Ondan öncə vaz 21-06 markalı avtomobilin durduğunu və həmin avtomobili buraxıb ona irad tutmasının səbəbini soruşduqda, DYPİ-nin inspektoru A.Arzumanlı bunlara əməl etməyib, müşahidə kamerası və ya öz patrul maşınında olan portativ çəkiliş qeydlərini araşdırmadan barəsində protokol tərtib etmişdir. Çəkilişləri tələb etməyinə baxmayaraq inspektor çəkilişlərin bir başa BDYPİ-nə ötürüldüyünü və çəkilişləri görmək üçün idarəyə müraciyyət etməyini bildirmiş və etiraz etməyinə məhəl qoymayan inspektor protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati orqanın səlahiyyətli nümayəndəsi gəlməməsinin səbəbi barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. İnzibati işə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını verilmiş şikayətlə əlaqəli araşdırıb, Şəxs izahatını dinləyib hesab edir ki, şikayət qismən təmin edilməli və inzibati iş üzrə Bakı şəhəri DYPİ-nin polis kapitanı X1 tərəfindən qəbul edilmiş 16.08.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş araşdırılması üçün Bakı şəhər DYPİ-nə göndərilməlidir. Belə ki, inzibati orqanın inzibati iş üzrə qəbul etdiyi 16.08.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarında Şəxs inzibati xəta törətdiyi qeyd olunsa da, sonuncu həmin qərarı mübahisələndirərək 06.08.2021-ci il tarixdə saat 12:29-da Q.Qarayev pr. S.Mirzəyev küçəsi ilə “HYUNDAİ İX-35” minik markalı ** LM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən inzibati xəta törətmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bununla, Qanunvericilik inzibati xəta törətmiş şəxsin təqsirli olmasının sübut olunması vəzifəsini inzibati orqanın üzərinə qoymuş olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd edir ki, sübutların kifayət etməməsi və araşdırma materiallarının olmaması səbəbindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Q.Qarayev pr. S.Mirzəyev küçəsi ilə “HYUNDAİ İX-35” minik markalı ** LM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən inzibati xəta törətməsi barədə qənaətə gəlmək mümkün qeyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin, 100.1-ci madəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə qeyd edir ki, Şəxs 06.08.2021-ci il tarixdə saat 12:29-da Q.Qarayev pr. S.Mirzəyev küçəsi ilə “HYUNDAİ İX-35” minik markalı ** LM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən inzibati xəta törətməsinə dair İXP ******* saylı 06.08.2021-ci i tarixli inzibati xəta haqqında protokol və 06.08.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilsə də, həmin sənədlərə dair şübhələri digər sübutlarla (inzibati xətanın baş verdiyi yerin görüntüsü) aradan qaldırmaq mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə, Şəxs barəsində Bakı şəhəri DYPİ-nin polis kapitanı X1 tərəfindən qəbul edilmiş 16.08.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş araşdırılması üçün Bakı şəhər DYPİ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs şikayəti qismən təmin edilsin. Bakı şəhəri DYPİ-nin polis kapitanı X1 tərəfindən Şəxs barəsində qəbul edilmiş 16.08.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş araşdırılması üçün Bakı şəhər DYPİ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar