Məhkəmə qərarları › İş №3(007)-2378/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2378/2021

30.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2378/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X8, tələbkar X3, borclu Şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx xxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda yaşayan, Şəxs, barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli, 2 (008) 500/2021 saylı icra vərəqəsindən görünür ki, Şəxs 25.06.2018-ci il tarixdən başlayaraq, 29.10.2013-cü il təvəllüdlü X9, 23.01.2015-ci il təvəllüdlü X4 və 09.01.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment alınaraq X5 verilməlidir. Həmçinin, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli, 2 (007) 111/2020 saylı icra vərəqəsindən görünür ki, birgə nigah dövründə alınmış, 09 aprel 2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında satılmış “Mercedes Benz C230” minik markalı, ** NM *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş 10.000 manat pul vəsaitinin yarısı, yəni 5 000 manat Şəxs alınaraq X5 verilməlidir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X12 tərəfindən tərtib olunmuş 22 sentyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli, 2 (008) 500/2021 saylı icra vərəqəsi üzrə 3975 manat alment borcunu və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli 2 (007) 111/2020 saylı icra vərəqəsi üzrə avtomobilin dəyəri 5 000 manatı tələbkara ödəməmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X12 izahatında göstərmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli, 2 (008) 500/2021 saylı icra vərəqəsi 06.02.2019-cu il tarixdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli, 2 (007) 111/2020 saylı icra vərəqəsi isə 18.03.2020-ci il tarixdə icraata qəbul edilmiş və bu barədə borclu Şəxs bildirişlər göndərilmişdir. lakin, borclu tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli, 2 (008) 500/2021 saylı icra vərəqəsi üzrə 3975 manat alment borcu və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli 2 (007) 111/2020 saylı icra vərəqəsi üzrə 5 000 manat tələbkara ödənilməmişdir. Buna görə də borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tələbkar X7 izahatında göstərmişdir ki, borclu Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli, 2 (008) 500/2021 saylı icra vərəqəsi üzrə 3975 manat alment borcunu və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli 2 (007) 111/2020 saylı icra vərəqəsi üzrə 5 000 manatı ona ödəməlidir. Hal-hazırda borclu Şəxs ona ümumi borcdan 500 manat təklif edərək ödəmək istədiyini bildirmişdir. Borcludan 500 manatı qəbul etmiş və hazırda şikayətinin olmadığının nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir.. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli, 2 (008) 500/2021 saylı icra vərəqəsi üzrə 3975 manat alment borcunu və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 yanvar 2020ci il tarixli 2 (007) 111/2020 saylı icra vərəqəsi üzrə 5 000 manatı tələbkar X5 ödəməlidir. Hal-hazırda ümumi borcundan ödəmək istədiyi 500 manatı tələbkara təklif etmiş və sonuncu 500 manatı qəbul etmişdir. Maddi imkanı olmadığı üçün borcunu tam ödəyə bilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, borclu Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli, 2 (008) 500/2021 saylı və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli 2 (007) 111/2020 saylı icra vərəqələri üzrə tələbkara müəyyən məbləğdə ödəniş etməsi və tələbkarın ərizəsi nəzərə alınmaqla, borclu tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi ilə əlaqədar inzibati xəta hadisəsi hal hazırda istisna edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericliyin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X12 tərəfindən tərtib olunmuş 22 sentyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar