Məhkəmə qərarları › İş №3(007)-2381/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2381/2025

21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2381/2025 21.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil2 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Yevlax rayonu, Qaramanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-352/2023 nömrəli icra vərəqəsinə əsasən, xx.xx.2015-ci təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Şəxs X3 xeyrinə hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutulması, həmçinin Şəxs 50 manat mediasiya xərci, 10 manat poçt və kargüzarlıq xərci, 51 manat dövlət rüsumu alınaraq, X5 verilməsi qət edilmişdir. Borclu icra vərəqəsində göstərilən tələbi üzrlü səbəblər olmadan icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hazırkı vaxtadək 2814 manat məbləğində borc yığılmışdır. Beləliklə də, borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nizami rayon icra şöbəsinin icra məmuru Nümayəndə tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu məhkəmə iclasında çıxış edərək bildirdi ki, 2024-cü ilin dekabr ayına qədər işləmiş və borcu üçün maaşından tutulmalar aparmışdır. Lakin yanvar ayında etibarən işdən çıxdığı üçün ödənişlər edə bilməmişdir. Həmçinin bu 5 ay müddət ərzində heç bir ödəniş etməmişdir. Lakin 2 ay uşaqlar onun yanında qalmışlar. 2-3 həftədir ki, yeni işə düzəlmişdir, həmçinin əmlakını satış qoymuşdur ki, satıldıqda borcu birdəfəlik ödəsin. Maaşından da hər həftə ödənişlər edəcəkdir. Hazırda da borcundan 100 manat ödəniş etmişdir. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi məhkəmə iclasında bildirdi ki, borclu yanvar ayından etibarən işdən çıxdığı üçün borcundan ödənişlər edə bilməmişdir, həmin müddət ərzində isə 2 ay uşaqlar borclunun yanında qalmış, uşaqlara o baxmışdır. Hazırda da borcunu bütövlüklə ödəmək üçün onun maddi imkanı yoxdur, lakin borcun ödənilməsindən yayınmır. Hazırda da 100 manat ödəniş etmişdir. Bütün bunları nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Nizami rayon İcra Şöbəsinin icra məmuru Nümayəndə məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu çağırışlardan yayınmasa da, 2025-ci ilin yanvar ayında etibarən borcundan ödənişlər etməmişdir. Əlavə olaraq, 2024-cü ildə məhkəmə tərəfindən İXM-nin 528.1 və 528.1-1-ci maddələri ilə müvafiq olaraq 500 və 1000 manat cərimə olunsa da, həmin cərimələri də ödəməmişdir. 2024-cü ilin dekabr ayına qədər isə işlədiyi üçün tutma onun əmək haqqısına yönəldilmiş, dekabr ayına qədər ödənişlər olunmuşdur. Lakin artıq 5 aydır ki, borcundan ödəniş etmir, tələbkar isə şikayətçidir. Bununla da üzrsüz səbəbdən icra vərəqəsini icra etməmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun əmlak vəziyyəti yoxlanılmış, müvafiq sorğular verilmiş, həmçinin Elektron İcra Sistemi vasitəsilə borclunun əmlak və maddi vəziyyəti yoxlanılmış, borclunun adına bankda pulu, hesabı, tutmanın yönəldilə biləcək daşınar və ya daşınmaz əmlakı yoxdur. Hazırda borcundan 100 manat ödəniş etmişdir. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X6 bildirmişdir ki, borclu tərəfindən yanvar ayından etibarən ödənişlər olunmur, sonuncu dəfə 2024-cü ilin dekabr ayında ödəniş olunmuşdur. Həmçinin borclu tərəfindən 2024-cü ilin mart ayından etibarən, yəni məhkəmə qərarından sonra dekabr ayına qədər ödənişlər olunmuşdur. İş materiallarında olan Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(007)-352/2023 nömrəli icra vərəqəsinə əsasən, xx.xx.2015-ci təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Şəxs X3 xeyrinə hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutulması, həmçinin Şəxs 50 manat mediasiya xərci, 10 manat poçt və kargüzarlıq xərci, 51 manat dövlət rüsumu alınaraq, X5 verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, icra məmuru tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “tələbin könüllü icrası” haqqında bildirişdən görünür ki, borcludan e-2(007)-352/2023-020 saylı icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icrası tələb olunur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, borcluya borcun ödənilməsi üçün vaxt verilmiş, borclu ilk məhkəmə iclasında əmlakını sataraq və əmək haqqısını alaraq növbəti məhkəmə iclasınadək borcunun yarısını ödəyəciyini bildirsə də, növbəti məhkəmə iclası günü mövcud borcundan sadəcə 100 manat olmaqla ödəniş etmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xətanın aliment borcu ilə əlaqədar olduğunu, aliment məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu, o cümlədən əvvəllər məhkəmənin qərarı ilə 2 dəfə cərimə olunsa da, yenidən aliment borcunu ödəməkdən yayındığını, həmçinin cərimələri də ödəmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutlmuş əməli törətməkdə təqsirli bilinərək, 10 gün (on gün) müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı Şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Vəkil2 22 manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar