Məhkəmə qərarları › İş №3(007)-2387/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2387/2021

12.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2387/2021 12.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bxətiyar oğlunun katibliyi ilə, Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMCnin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.4-cü maddəsi ilə başlanmış və Bakı Nəqliyyat Agentliyindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icrat materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı Nəqliyyat Agentliyinin Yol hərəkətlərinin təşkili şöbəsinin məsləhətçisi X1 tərəfindən tərtib edilmiş 06.09.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC Bakı şəhəri, Nizami rayonu, M.Abbasov, S.Mirzəyev küçələrinin kəsişməsindəki piyada səkisini qanunsuz olaraq hasarlamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs MMC-nin barəsində tərtib edilmiş 06.09.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və toplanmış sənədlər baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasına Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X4 izahatında göstərmişdir ki, Şəxs MMC Bakı şəhəri, Nizami rayonu, M.Abbasov, S.Mirzəyev küçələrinin kəsişməsindəki piyada səkisini qanunsuz olaraq hasarlamışdır. BNA tərəfindən mütəmadi olaraq monitorinqlər keçirilmiş, hasarlanmanın sökülməsi barədə bir neçə dəfə xəbərdarlıq edilmiş, lakin MMC tərəfindən həmin maneə aradan qaldırılmamışdır. Bundan sonra MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi (vəkili) Vəkil izahatında göstərmişdir ki, tikinti işlərinin aparılması ilə əlaqədar Bakı şəhəri, Nizami rayonu, M.Abbasov, S.Mirzəyev küçələrinin kəsişməsindəki piyada səkisi müvafiq icazə alınaraq hasarlanmışdır. Həmin ərazidə tikinti işləri baş plana əsasən aparılmış və tikintinin aparılmasına dair Bakı şəhəri Nizami RİH başçısı müvafiq sərəncamlar vermişdir. Həmin ərazinin hasarlanmasına BNA-nin müdaxilə etməyə səlahiyyəti olmamışdır. MMC-nin barəsində məlumat verilmədən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edərək qeyd edir ki, toplanmış sübutlarla Şəxs MMC-nin inzibati xəta törətməsi tam sübuta yetirilir və törədilmiş xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, inzibati işə əlavə olunmuş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov, S.Mirzəyev küçələrinin kəsişməsindəki piyada səkisi hasarlanmışdır. İnzibati işə əlavə olunmuş 06 sentyabr 2021-ci il tarixli Aktdan görünür ki, Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən aparılan müşahidələr nəticəsində Bakı şəhəri, Nizami rayonu, M.Abbasov, S.Mirzəyev küçələrinin kəsişməsindəki piyada səkisinin Şəxs MMC tərəfindən qanunsuz olaraq hasarlanması faktı aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.4-cü maddəsinə əsasən, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulmasına və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, yaxud avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılmasına görə - fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.3, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar