Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-239/2022 11.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tərtib edilmiş 19 yanvar 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən İD********** nömrəli müşayiət əsasında ölkəyə idxal edilmiş qida məhsulları qida təhlükəsizliyi sertifikatı olmadan Şəxs MMC-yə məxsus Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən anbarda 16 dekabr 2021-ci il tarixdə satılmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X3 protokolun məzmununa uyğun izahat verərək, Şəxs MMC-nin barəsində inzibati qaydada tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında (o cümlədən elektron qaydada SMS məlumatla) bildirilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və ya vəkili məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə MMC-nin nümayəndəsinin və ya vəkilinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə ünvanlanmış 07 dekabr 2020ci il tarixli İD********** nömrəli elektron ərizədən görünür ki, 04 dekabr 2022-ci il tarixdə Almaniya Respublikasından ölkəyə idxal ediləcək 2640 kisə qovrulmamış arpa sənənisi- Solod məhsuluna dair qida təhlükəsizliyi sertifikatının verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin 24 noyabr 2021-ci il tarixli 23/1/İSN-11970 nömrəli məktubundan görünür ki, Şəxs MMC-nin yeyinti məhsullarının idxalına razılıq verilməsi ilə bağlı olan 07 dekabr 2020-ci il tarixli İD********** nömrəli müraciətinə Agentliyin Bakı regional bölməsində baxılmışdır. Müraciət qanunvericiliyə uyğun olaraq müvafiq qaydada icraya götürülsə də, tərəflərindən malların idxal olunması ilə bağlı məlumatlar sistemə daxil olunmamışdır. Müraciətin izlənilməsi məqsədi ilə qeyd olunan müraciət üzrə məhsul partiyasının ölkəyə idxal olunub-olunmaması ilə bağlı gömrük orqanlarına sorğu göndərilmiş və nəticədə məhsul partiyasının ölkəyə idxal olunduğu müəyyən olunmuşdur. Müraciətləri əsasında ölkəyə idxal olunmuş qida məhsulları partiyası (satılması, istehsalçıya geri göndərilməsi və ya anbarda saxlanılması) barədə məlumatların 16 dekabr 2021-ci il tarixədək Agentliyin regional bölməsinə təqdim olunması xahiş edilmiş, izah edilmişdir ki, qeyd olunan müddət ərzində (16 dekabr 2021-ci il tarixədək) məlumat verilmədiyi təqdirdə məhsulların sertifikatsız satışı kimi qiymətləndiriləcək və MMC-nin barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanacaqdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Qida X1 zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsi tərəfindən verilmiş 14 dekabr 2020-ci il tarixli Seriya № OT 37616/20 nömrəli sertifikatdan görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi 27 oktyabr 2020-ci il tarixli 011/2020 nömrəli alqı-satqı müqaviləsi əsasında Solod-(arpa səmənisi) Azərbaycan Respublikasına idxalına etiraz etmir. İdxal edilən yük gömrük rəsmiləşdirilməsi başa çatdırıldıqdan sonra qida təhlükəsizliyi baxımından yoxlanılmalıdır. Bu məqsədlə məhsul partiyası üçün qida təhlükəsizliyi sertifikat tərtib edilməyənədək yükün toxunulmazlığı və müəyyən edilmiş yerdə saxlanılması idxalçı Şəxs MMC tərəfindən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur, İD********** nömrəli müşayiət əsasında ölkəyə idxal edilmiş qida məhsulları qida təhlükəsizliyi sertifikatı olmadan Şəxs MMC-yə məxsus Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən anbarda 16 dekabr 2021-ci il tarixdə satılmışdır ki, bu da, Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsinin təsiri altına düşməklə, həmin maddə ilə inzibati məsuliyyətə səbəb olmuşdur. Sözügedən maddənin tələbinə görə, qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalı, satılması, işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi ilə istehlakçıların hüquqlarının pozulmasına görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-239/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-239/2022
11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver