Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2395/2024 06.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin polis sahə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Qobustan rayonu, Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qobustan rayonu, Nabur kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis bölməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə 06 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə, gecə vaxtı saat 02:30 radələrində Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsi, “Gəncə” mərasim evinin qarşısında nalayiq ifadələr işlədərək mübahisə etmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis kapitanı X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. O əlavə olaraq qeyd etmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs iki qadına dəfələrlə zülm vermiş, bir qadını aldadıb pulunu alıb qaçmışdır, qadınların sosial şəbəkələrdə şəklini paylaşır, onları əsasən övladları ilə hədələyir. O, tüfeyli həyat yaşayır. Atası ilə əlaqə saxladıqları zaman Asim kimi bir oğlunun olmadığını deyir, atası da, qardaşı da ondan bezmişdir. Şəxs təkər bazarında 20-30 manat qazanır və içki içir. O, əvvəllər Aybəniz adlı xanımla yaşamışdır, əlində dəmir gəlib onu döyüb, işkəncə verir. Asimi dəfələrlə polis bölməsinə gətiriblər, 2-3 dəfə rəis bağışlayıb, bir dəfə də bayrama düşdüyü üçün onu polis bölməsinə gətirə bilməmişlər. Axırıncı dəfə 102 xidmətinə bir vətəndaş şikayət etmişdir ki, Asim nalayiq ifadələr işlətməklə ona söyüş söymüşdür. Gecə saat 03:00 radələrində oraya getmişlər, Asimi güclə tutub gətirmişlər. Həmçinin, Asim əvvəllər Aybəniz xanıma oğulu ilə hədə qorxu gəlib ki, oğlunu tutduracaqdır. Qadın polisə müraciət etməyi deyəndə də xanıma və ümumi polislərin ünvanına nalayiq ifadələr və təhqirlər işlətmişdir. Bir dəfə də xanımın şüşəsini sındırıb nalayiq ifadələr işlədəndə Keşlə camaatından 15 nəfər onu dəhşətli şəkildə döymüşdür. Qeyd etdiyi nalayiq ifadələr 2 ay bundan əvvəl olmuş, həmin vaxt Asimi tuta bilməmiş, məqamını gözləmişlər. Həmçinin Şəxs soyğunçuluqla məşğul olur, 3 dəfə bölməyə gətirilmiş, 5 nəfər onu güclə tutub gətirib, maşının qapısı qırılmış, bölmənin pəncərəsini sındırmışdır, hər dəfə də bölməyə gətirəndə üzr istəyir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, heç kəslə dalaşmamış kafedə pivə içdiyi zaman onu gəlib aparmışlar. Polis onu dünən gecə saat 03:20-də tutmuşdur. İçkili olmuş, nalayiq ifadələr işlətmiş, səhv etmiş və əməlinə görə üzr istəmişdir. Vətəndaş ilə bağlı nalayiq ifadələri 2 ay bundan əvvəl işlətmişdir. Özünü təqsirli bilir, əməlindən səmimi peşmandır. O, təkər işi ilə məşğuldur, subaydır, əlilliyi rəsmi yoxdur. Başında travma var, buna görə də əsgərliyə getməmişdir. Əvvəllər inzibati qaydada tutulmamış, Azərbaycan Respublikası CM-nin 180-ci maddəsi ilə tutulmuş, 2021-ci il tarixdə həbsdən çıxmış, məhkumluğu götürülməmişdir. Qeyd etdiklərinin cəza təyin edilərkən nəzərə alınmasını və cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə- əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinməli, lakin İXM-nin 34.3-cü maddəsinin tələbləri baxımından daha ciddi xəta hesab olunan İXM-nin 535.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməli içkili vəziyyətdə törətməsi Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs 06 may 2024-cü il tarixdə saat 03:25-də tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsi ilə barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 06 may 2024-cü il tarixdən saat 03:20-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN X2 Saxlanılma Mərkəzinə və Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №3(007)-2395/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2395/2024
06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver