Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2396/2024 29.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X2, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X2 Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 27 mart 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 27 mart 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 10 mart 2024-cü il tarixində üzərində idarəetmə hüququ olan Nissan Juke (minik) markalı, 77LX986 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etdiyi zaman Bakı şəhər X7 İdarəsinin polis əməkdaşı tərəfindən durdurulmuşdur. Nəticədə İdarənin polis mayoru X1 qəbul etdiyi 27 mart 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə müvafiq olaraq 80 manat məbləğində cərimə tətbiq edilmişdir. Bu qərar rəsmi olaraq ona 25 aprel 2024-cü il tarixində qeydiyyatda olduğu və faktiki yaşadığı ünvana göndərilib. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, qərarın dəlilləri tam qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir: 1) İnzibati xətalar qanunvericiliyinin təməl prinsiplərindən biri olan ədalətlilik prinsipinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (İXM-nin 9-cu maddəsi). Məhz bu səbəbdən hərəkətində inzibati xəta tərkibi yoxdur. 2) Xüsusilə diqqətə çatdırmaq istəyir ki, İdarənin təqsirini təsdiqləyəcək hər hansı mötəbər sübut yoxdur. Qeyd edilənləri nəzərə alaraq, Bakı şəhər X7 İdarəsinin polis mayoru X1 qəbul etdiyi 27 mart 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, barəsində tətbiq edilmiş 80 manat məbləğində cərimənin və cərimə ballarının silinməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, qərarda göstərilən 10 mart 2024-cü il tarixində o, “Bona Dea” hospitalının yanında işıqforun işığını gözləyib, üzü “Romans Palace”yə, “Koroğlu” metrosuna doğru getmişdir. Polis idarəsinin özünə şikayəti “AsanPay”da portal vasitəsi ilə vermiş, lakin cavab verilməmişdir, özü idarəyə getməmişdir. O, qırmızı işıqda keçməmişdir, qarşı tərəf bunu sübut etməlidir. Əgər xəta baş veribsə bir gün ərzində kabinetə foto, yaxud video yerləşdirilsin. Qeyd olunan vaxt orada iki polis maşını olmuşdur, o, iki polis maşınını görə-görə qırmızı işıqdan keçməz, özü də vəkildir. O, 7-8 ildir nəqliyyat vasitəsi idarə edir, polis əməkdaşı saxlayırsa, bu o demək deyil ki, qayda pozuntusu vardır. Bu günədək dəfələrlə saxlanılmışdır, saxlandığı zaman əgər pozuntu törətmişsə, qəbul etmişdir. Bu dəfə prinsip məsələsi halı alıb, onun üçün cərimə elə bir məbləğ deyil. Həqiqətdə bu xəta baş verməyib, baş versəydi, o, görüntü tələb etməzdi. Pozuntu törətmişdirsə, qanuna tabedir. Polis əməkdaşı ona demişdir ki, qırmızıda keçmişdir, amma təqdim olunan götüntülərə əsasən hesab edir ki, həmin işıqfor onun getdiyi istiqaməti tənzimləmir. Qayda pozuntusu törətmədiyini nəzərə alaraq, şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, qərardan şikayət vermiş X3 “Nissan Juke minik” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ünvan 1 ünvanında 10 mart 2024-cü il tarixdə saat 15:25-də idarə edərkən svetaforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmişdir. Həmin xəta ərazidə xidmət aparan yol patrul xidməti inspektoru tərəfindən yerində aşkar olunaraq barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəməyə təqdim olunan videogörüntü ilə də həmin fakt öz təsdiqini tapmışdır. Şikayət əsassız olduğundan təmin olunmamasını, qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 27 mart 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Nissan Juke minik” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X3 ünvan 1 ünvanında 10 mart 2024-cü il tarixdə saat 15:25-də “svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə” 10 mart 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 80 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 10 mart 2024-cü il tarixdə saat 15:25də “Nissan Juke minik” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 1 ünvanında idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin tələblərini pozmaqla svetoforun qadağanedici işarəsi verilərkən nəqliyyat vasitəsinin hərəkətini davam etdirmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla bağlı ilk növbədə nəzərə alınmalıdır ki, inzibati xəta hadisəsi Bakı şəhər Baş Polis İdarəsinin Baş X6 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yolpatrul xidməti inspektoru tərəfindən bilavasitə aşkar edilmişdir, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığından, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hansı ki, baxılan işə münasibətdə İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinin tələbləri baxımından, X2 yol verdiyi inzibati xətanın törədilməsini və bu inzibati xətanın törədilməsində onun təqsirinin olmasını təsdiq və sübut edən sübutlar mövcuddur, bu sübutların şübhə altına alınması, X2 inzibati xətanı törətməməsi, onun təqsirinin olmaması ilə bağlı hüquqi nəticəyə gəlinməsi üçün hüquqi əsaslar yoxdur. Təqdim olunan videogörüntüyə məhkəmə iclasında tərəflərin iştirakı ilə keçirilən baxış zamanı da inzibati xətanın törədilməsi və bu xətanın törədilməsində X2 təqsirli olması təkzibolunmaz qaydada sübuta yetirilmişdir. Ona görə X2 şikayətində və məhkəmədə verdiyi izahatında irəli sürdüyü dəlillər şəxsi mülahizəsi olmaqla, məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. Məhkəmə qeyd edir ki, şikayət əsas, yəni “inzibati tənbeh vermə haqqında qərarın ləğv olunaraq iş üzrə icraata xitam verilməsi” hissəsində təmin edilməli olmadığına görə şikayətdə əlavə olaraq qeyd olunan “80 manat məbləğində cərimənin və cərimə ballarının silinməsi” hissənin əsaslılığı və məhkəmə tərəfindən bununla bağlı qərar qəbul edilibedilməməli olması ilə bağlı məsələ müzakirə olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X2 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 27 mart 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2396/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2396/2024
29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver