Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-24/2023 31.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X3 və qərardan şikayət vermiş şəxs X4 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, X4, 19 sentyabr 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-nin direktoru, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş 20 oktyabr 2022-ci il tarixli protokol və həmin protokol əsasında qəbul edilmiş 28 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 28 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarla, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 4000 manat məbləğində inzibati cərimə olunmuşdur. X4 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş 20 oktyabr 2022-ci il tarixli protokol və həmin protokol əsasında qəbul edilmiş 28 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair şikayəti Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, işçinin əmək müqaviləsi mövcuddur. Sözügedən protokol və qərarın qəbul edilməsinə əsas kimi işçinin əmək müqaviləsi olmadan işəgötürən tərəfindən işə cəlb edilməsi göstərilmişdir. Lakin qeyd etmək istəyir ki, X1 əmək müqaviləsi olub. Nəticə etibarı ilə, işçi bədbəxt hadisə baş verərkən əmək müqaviləsi olmadan işə cəlb edildiyi tamamilə əsassızdır. İnzibati xəta törədildiyinə dair materiallar olmadığı halda xx.xx.2022-ci il tarixinə protokol tərtib edilmişdir. Ən vacib və həlledici məqam ondan ibarətdir ki, X5 tərəfindən Bakı şəhəri Nizami rayon prokurorluğuna şikayət daxil olduqdan sora xx.xx.2022-ci il tarixli qərarla inzibati xəta barədə icraat başlanılmışdır. Prokurorluq şikayəti icraata götürüb inzibati xəta hadisəsinin olub-olmamasını araşdırmadan necə ola bilər ki, iş elə həmin gün xx.xx.2022-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərsin? Halbuki, iş üzrə materiallar yalnız tamamlandıqdan sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixində daxil olmuşdur. Bu hal bir daha sübut edir ki, müvafiq prokurorluq tərəfindən iş üzrə materiallar məhz eyni vaxtda həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mövcud olmayan iş materialları üzrə xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilməsi nəticəsində tamamilə qanun pozuntusuna yol verildiyi aşkardır. X9 iştirakı olmadan tərtib edilmişdir. Zaur Aslanov bronxitin kəskinləşməsi diaqnozu ilə Sumqayıt Şəhər 2 nömrəli Ailə Sağlamlıq Mərkəzində ambulator rejimdə müalicə almış və bununla əlaqədar olaraq 25 noyabr 2022-ci il tarixindən 04 dekabr 2022-ci il tarixinədək xəstəxanada olmuşdur. Bunun üçün iş materiallarına vəsatət əlavə edilmiş və X6 həmin tarixdə inzibati xəta barədə protokolla tanış olmada iştirak edə bilməyəcəyi üçün X2 tanış olmanın növbəti tarixə təyin edilməsi xahiş edilmişdir. Lakin vəsatət nəzərə alınmamış və bu barədə xx.xx.2022-ci il tarixli, **********8 nömrəli bildiriş göndərilmişdir. Həmçinin sözügedən bildirişdə protokol üzrə qərar qəbul edildiyi də qeyd edilmişdir. Nəticə etibarı ilə, sözügedən inzibati protokol şəxsin iştirakı olmadan xx.xx.2022-ci il tarixində tərtib olunmuş və qərar qəbul edilmişdir. Bu hal, Z.Aslanovun hüquqlarının kobud şəkildə pozulması və şəxsin özünümüdafiə hüququnun məhdudlaşdırılmasıdır. Protokola baxış protokol tərtib olunduqdan sonra keçirilmişdir. Ən absurd hal isə ondan ibarətdir ki, necə ola bilər ki, protokol xx.xx.2022-ci il tarixində tərtib olunur, amma protokolla tanışlıq üçün xx.xx.2022-ci il tarixində şəxs dəvət olunur. Protokol tərtib olunmuşdursa, sonradan protokolla tanış olmanın nə əhəmiyyəti var? Protokol və qərarın qəbul edilməsi zamanı ərazi aidiyyəti qaydaları pozulmuşdur. Son olaraq qeyd edir ki, o, Sumqayıt şəhərində qeydiyyatda olduğu halda, sözügedən protokolla tanış olma yeri aidiyyəti üzrə Sumqayıt şəhərinə göndərilməmişdir. Sözügedən vəsatətdə inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi xahiş edilsə də, X8 tərəfindən bu hal da nəzərə alınmamışdır. Halbuki, vəsatətin rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********8 nömrəli bildiriş, həmçinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərar Z.Aslanovun yaşadığı ünvan 3 ünvanına göndərilmişdir. Qeyd edilən hallardan göründüyü kimi, sözügedən orqan tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər pozulmuş, sözügedən iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılmadan qanunsuz şəkildə protokol tərtib edilmişdir. Qərardan şikayət vermiş şəxs X6 xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə yazılı izahatını məhkəməyə təqdim etməklə izahatında göstərmişdir ki, aşağıda qeyd edilənlərdən dolayı hesab edir ki, barəsində qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2022ci il tarixli qərar qanunsuzdur, əsassızdır və ləğv edilməlidir. Belə ki: 1.İnzibati xəta barədə icraata başlanması haqqında prokurorluğun qərarı protokol hesab edilmişdir. X6 barəsində 20 oktyabr 2022-ci il tarixində Bakı şəhəri Nizami rayon prokurorluğu tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta barədə icraata başlanması haqqında qərar qəbul edilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məhz sözügedən qərar protokol hesab edilmişdir və şəxsin iştirakı və yaxud xəbəri belə olmadan həmin qərar əsasında, protokolla tanışlıq keçirilmədən birbaşa xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmişdir. Sözügedən orqanın bu hərəkəti tamamilə qanunsuzdur. Belə ki, prokurorluğun qərarı heç vaxt protokol hesab edilə bilməz. Həmçinin qeyd edirik ki, xx.xx.2022-ci il tarixli sözügedən qərarda X6 barəsində inzibati xəta haqqında icraata AR İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə başlanılmışdır. Lakin MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərar isə AR İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi əsasında qəbul edilmişdir. Yəni, 20 oktyabr tarixli qərarın 28 noyabr tarixli qərarla heç bir oxşarlığı yoxdur və sözügedən qərar üçün protokol əhəmiyyətli sayıla bilməz. AR İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsində inzibati xəta barədə protokolun tərtibi qaydası və forması təsbit olunmuşdur. Həmçinin, “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 13-cü maddəsinə əsasən “rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol İXM-nin 196, 198.2, 198.3, 204, 205-1.2 və 441-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adından - əmək və əhalinin sosial müdafiəsi naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Nazirliyin yanında X8 Xidmətinin rəisi, onun müavinləri, şöbə müdiri, onun müavini, sektor müdiri, yerli bölmələrin rəhbərləri, onların müavinləri, baş əmək müfəttişləri və əmək müfəttişləri, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri, onun müavini, Aparatın rəhbəri, şöbə müdiri, sektor müdiri, baş məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X8 Xidmətinin rəisi tərəfindən tərtib edilir”. Göründüyü kimi, prokurorluq tərəfindən qəbul edilən qərar protokol hesab edilə bilməz və onun əsasında qərar qəbul edilə bilməz. 2.İşçinin əmək müqaviləsi vardır və əmək müqaviləsi bildirişi elektron sistemə öncədən vurulmuşdur. Belə ki, işçinin əmək müqaviləsi elektron sistemə 08 sentyabr 2022-ci il tarixində daxil edilmiş, 09 sentyabr 2022-ci il tarixində isə ona geri dönüş edilmişdir. AR Əmək Məcəlləsinin 49-cu maddəsinin 2-ci bəndinə əsasən “elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir”. Həmçinin “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 4.4-cü maddəsinə görə “əmək müqaviləsinin bağlanılması ilə bağlı müəyyən məlumatlar elektron informasiya sistemi vasitəsilə əmək müqaviləsi bildirişinə daxil edildikdən sonra məlumat bazasında bu Qaydaların 1 və 2 nömrəli əlavələrində müəyyən edilmiş formada yadda saxlanılır və bununla bağlı 1 (bir) iş günündən gec olmayaraq, sistem vasitəsilə işəgötürənə elektron qaydada bu Qaydaların 6 nömrəli əlavəsində müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən bu məlumatı çap edərək, mühafizə edilən aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 (beş) il müddətinə saxlanmasını təmin edir və işçinin müraciəti əsasında bildirişin və məlumatın surətini ona təqdim edir”. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxsin nümayəndəsi və vəkili Vəkil şikayətdə və yazılı izahatda göstərilənləri müdafiə edib, əlavə olaraq göstərmişdir ki, qərarın ləğv edilməsi üçün əsaslar şikayətdə göstərilmişdir. Bundan əlavə, prokurorluqda araşdırma xx.xx.2022-ci il tarixdə başlanılmışdır. Göstərilənləri nəzərə alaraq, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X7 verdiyi ifadəsində bildirmişdir ki, işçi ilə əmək müqaviləsi prokurorluqda araşdırma başlanılan zaman bağlanmışdır. Araşdırma zamanı Z.Aslanlı özü də izahat vermişdir ki, işçi ilə müqavilə bağlanmamışdır. Bundan sonra, qanunvericilikdə nəzərdə tutulmuş qaydada müfəttişlik tərəfindən protokol tərtib edilmişdir. İnzibati xəta haqqında qərardan verilmiş şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, işdə iştirak etmiş şəxsləri dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə əsaslar olmadığına görə şikayət rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən 20 oktyabr 2022-ci il tarixli protokol əsasında qəbul edilmiş 28 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, "xxxx" MMC-nin direktoru X6 tərəfindən X5 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilmiş və barəsində 4000 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, “....Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş materiala əsasən "xxxx" MMC-nin direktoru X6 tərəfindən MMC-yə məxsus yeməkxanada əmək müqaviləsi olmadan aşpaz işləmiş X5 əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə vaxtaşırı olaraq (ildə bir dəfədən az olmayaraq) təlimatlandırılıb bilik səviyyəsi yoxlanılmadan (attestasiyadan keçirilmədən) işə buraxılmış, nəticədə aşpaz vəzifəsində işləyən X5 09 sentyabr 2022-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, ünvan 4 ünvanında yerləşən "xxxx" MMC-nin yeməkxanasında yeməyi bişirib qurtardıqdan sonra təmizlik işləri görərkən “Təşkilat, idarə müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin tələblərini pozaraq içərisinə kimyəvi maddə doldurduğu su püskürdən qabın qapağını tam (kip) bağlamaması və həmin işin icrası zamanı öz təhlükəsizliyini qorumaması səbəbindən qabın əlindən sürüşərək yerə düşdükdə içərisində olan kimyəvi maddənin gözünə sıçraması nəticəsində ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid sol gözün konyuktivasının və buynuz qişasının İİİ-İV dərəcəli kimyəvi yanıqları xəsarətlərini almışdır. Bu barədə Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayev tərəfindən 20 oktyabr 2022-ci il tarixli qərarla X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında icraat aparılmışdır....”. Məhkəmənin qeyd olunan qərarına əsasən, "xxxx" MMC-nin direktoru X6 Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 manat məbləğində cərimə edilmişdir. İşin faktiki halları və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, X5 "xxxx" MMC-də onunla əmək müqaviləsi bağlanılmadan işlədiyi dövrdə, yəni 09 sentyabr 2022-ci il tarixdə, saat 13 radələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə vaxtaşırı olaraq (ildə bir dəfədən az olmayaraq) təlimatlandırılıb bilik səviyyəsi yoxlanılmadan (attestasiyadan keçirilmədən) "xxxx" MMC-nin direktoru X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin tələbi pozulmaqla işə buraxılmış və nəticədə M.C.Əsgərova, MMC-nin yeməkxanasında yeməyi bişirib qurtardıqdan sonra təmizlik işləri görərkən “Təşkilat, idarə müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin tələblərini pozaraq içərisinə kimyəvi maddə doldurduğu su püskürdən qabın qapağını tam (kip) bağlamaması və həmin işin icrası zamanı öz təhlükəsizliyini qorumaması səbəbindən qabın əlindən sürüşərək yerə düşdükdə içərisində olan kimyəvi maddənin gözünə sıçraması nəticəsində ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər almışdır. Faktla bağlı, Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayev tərəfindən 20 oktyabr 2022-ci il tarixli qərarla X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında icraat başlanmış və müvafiq olaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakiminin xx.xx.2022-ci il tarixli qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş əməli sübuta yetirildiyindən, barəsində 1500 manat inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. O cümlədən, yuxarıda qeyd olunan 09 sentyabr 2022-ci il tarixdə, saat 13 radələrində baş vermiş hadisə ilə əlaqədar olaraq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən (hazırkı qərardan şikayət vermiş MMC-nin direktoru X6) tərəfindən fiziki şəxs X1 hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə işəgötürən barəsində 20 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən 20 oktyabr 2022-ci il tarixli protokol tərtib edilmiş və həmin protokol əsasında onun Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə 28 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Qanunvericiliyin mənasından da göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin mahiyyəti Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə işəgötürənin inzibati məsuliyyətə cəlb edilməsini ehtiva edir, hansı ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən də bununla bağlı müvafiq protokol və qərar qəbul edilmişdir, qeyd olunan inzibati xətanın mövcudluğunu təkzib edən hər hansı dəlil isə məhkəməyə təqdim edilməmişdir. Bu zaman məhkəmə Xüsusilə qeyd etməyi zəruri bilir ki, məhkəmə baxışı zamanı qərardan şikayət vermiş şəxsin nümayəndəsi və vəkili məhkəməyə Əmək müqaviləsinin bağlanması ilə bağlı 2PQ4OU1000300 nömrəli əmək müqaviləsi bildirişini təqdim edərək, hadisə baş verən tarixdə, yəni 09 sentyabr 2023-cü ildə X5 ilə əmək müqaviləsinin bağlandığını, bununla da Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə əsassız olaraq, protokol və qərar qəbul edildiyini bildirmişdir. Sözügedən əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2022-ci il tarixdə X5 ilə "xxxx" MMC-nin direktoru X6 arasında xx.xx.2023-cü il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş idarənin elektron sistemindən çıxarışla isə müəyyən olunmuşdur ki, X5 ilə "xxxx" MMC-nin direktoru X6 arasında əmək müqaviləsinin bağlanmasını təsdiq edən 2PQ4OU1000300 nömrəli əmək müqaviləsi bildirişi MMC tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 14:05-də elektron qaydada idarəyə daxil olmuşdur. Göründüyü kimi, xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində MMC-də əmək müqaviləsi olmadan işə cəlb edilmiş X5 ilə bəhs olunan müqavilə onun xəsarət almasından bilavasitə sonra, yəni xx.xx.2022-ci il tarixdə, saat 14:05-də elektron sistem vasitəsilə göndərilmişdir. Bununla da, işdə olan sübutlarla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 28 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsinə əsaslar müəyyən edilməmişdir, qeyd olunan qərar tam qanuni və əsaslıdır, şikayətin dəlilləri isə əsassızdır. Məhkəmə şikayətin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş 20 oktyabr 2022-ci il tarixli protokolun ləğv edilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayət verilə bilər, buna görə həmin hissədə də şikayət təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbi də nəzərə alınmaqla, yalnız formal mülahizələrə əsaslanaraq, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı olan və mahiyyəti üzrə düzgün olan inzibati xəta haqqında 28 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* saylı qərarın ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X4 şikayəti rədd edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 28 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-24/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-24/2023
31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver