Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2405/2024 07.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, məhkəmə iclasının katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X1, müdafiəçi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr. ev 96, mənzil 46-da qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi: Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 07 may 2024-cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-16(007)-62/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə yaranan tələbi icra etməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X2 protokolun məzmununa uyğun izahat verərək protokolun təmin edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli icra vərəqəsinə əsasən, Quliyeva Aymaisə xanıma övladı X6 ilə Şəxs iştirakı olmadan hər həftənin şənbə günü saat 12:00-dan saat 16:00-dək, bundan başqa həftənin İ-V günləri “Whatsapp” sosial şəbəkisi vasitəsilə video gürüntülü və telefon danışıqları ilə əlaqə saxlamaq hüququ təmin edilmişdir. Quliyeva Aymaisə şöbəyə müraciət edərək uşaqla görüşdüyünü lakin, Şəxs ona övladı ilə görüşməyə maneçilik yaratdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahatında bildirmişdir ki, uşağı görmək üçün getdiyi zaman Cəlal çox vaxt evdə olmur. Onun həyat yoldaşı evdə olur. Uşağı götürdüyü zaman onunla aralarında mübahisələr yaranır. Həmçinin qeyd etmişdir ki, hazırda işlədiyi, şənbə günü işdə olduğu üçün uşaqla bazar və çərşənbə günləri götürmək istəmiş, lakin Şəxs isə yalnız məhkəmə qərarı ilə təyin edilmiş gündə uşağı götürə biləcəyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, uşaqla telefonla danışan zaman kənardan ona təsir edirlər, uşaql telefon ilə onunla qısa danışır. Sonuncu dəfə iki gün olar ki, uşaqla telefon əlaqəsi saxladığını bildirmişdir. Onu da qeyd etmişdir ki, telefonu Şəxs bloklamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, telefonda Quliyeva Aymaisənin nömrəsini bloklamamışdır, hətt özü Quliyeva Aymaisəyə demişdir ki, uşağı aparıb saxlasın. Bildirmişdir ki, o, Quliyeva Aymaisənin uşaqla görüşməsinə maneçilik yaratmır. Məhkəmə qərarı uşaqla ünsiyyət hüququnu həftənin 6-cı günləri təmin etmişdir, lakin Quliyeva Aymaisə 6-cı günlər deyil həftənin 3-cü günləri görüşmək istəyir, lakin 3-cü günlər isə onlarda alınmır. Uşaq səhər dərsdə olur, sonra məşqə gedir və axşam saat 5-dən sonra evdə olur. Məhkəmə qərarı çıxdıqdan sonra Aymaisə uşaqla görüşmüş, onu restorana aparmışdır, buna dair şəkilləri var. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xəta yoxdur, zərərçəkmişin övladı ilə görüşməsinə maeçilik yaratmır. Buna görə də Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəfləri dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il tarixli qərarında bir daha özünün “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli qərarında göstərdiyi şərtləri vurğulayaraq qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İXM-in 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş faktiki hallarından, icra məmurunun və borclunun məhkəmə iclasında verdiyi izahatından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədlərini qərəzli və üzrsüz səbəbdən icra edilməməsi halı mövcud deyildir. İcra məmuru tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində onun tərəfindən Quliyeva Aymaisənin uşaqla ünsiyyət hüququnun təmin edilməsinə dair icra sənədinin icrasının təmin edilmədiyi üçün inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-16(007)- 62/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrasından yayındığını, icra etmədiyini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd edilən hal baş vermişdirsə, bu halı təsdiq etmək üçün icra məmuru tərəfindən müvafiq akt tərtib edilərək tərəflərin iştirakı ilə aktlaşdırılmalı idi. Əksinə icra məmurunun məhkəmə iclasında verdiyi izahata, o cümlədən Quliyeva Aymaisənin verdiyi izahata əsasən müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən icra sənədinin icrası təmin edilmişdir. Yaranmış mübahisə isə Quliyeva Aymaisənin uşaqla məhkəmə qərarı ilə təyin edilmiş gündə deyil, həftənin digər günündə görüşmək istəməsi ilə bağlı olmuşdur. Həmçinin digər mübahisəli hal isə Quliyeva Aymaisənin dediyinə görə uşağı götürdüyü zaman tərəflər arasında münasibətin kəskin olmasından yaranan mübahisələrdir. Bu hal isə icra məmuru tərəfindən müvafiq tədbirlər görülməklə qarşısı alına bilər. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə məsuliyyət icra sənədindəki tələbin icra edilmədiyi bütün hallar üçün yox, yalnız icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə yaranır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırkı halda isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi faktı aşkar edilməmiş icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə müvafiq sübutlar yoxdur. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə qeyd edir ki, borclu Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, ümumiyyətlə, onun əməlində inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara Aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya biləvasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Starə Əliyeva
Məhkəmə qərarları › İş №3(007)-2405/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2405/2024
07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver