Məhkəmə qərarları › İş №3(007)-2406/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2406/2022

18.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2406/2022 18.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Cəfərov küçəsi ev 9-da qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.3 və 342.9-cu maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 06 sentyabr 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs 06 sentyabr 2022-ci il tarixdə saat 01:02-də Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində “Toyota Camry minik” markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 332.3 və 342.9-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən protokolu tərtib etmiş orqanın nümayəndəsi iştirak etməmişdir, məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru X2 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Şəxs təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmış, həmçinin müəyyən edilmişdir ki, sürücü avtomobilə çoxavazlı səs siqnalı quraşdırmışdır. Protokol əsasında həmin şəxsin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 06 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində H.Əliyev prospektində “Toyota Camry” markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol polisi onu saxlamış, təhlükəsizlik kəmərini taxmadığını bildirmişlər, sonra avtomobilini duracağa aparmışlar. Onun barəsində hər hansı sənədləşmə aparmamış, protokol tərtib etməmişlər. 21 sentyabr 2022-ci il tarixdə onu polisə çağıraraq izahat yazdırmışlar, həmin izahatı da polislərin sözü ilə yazmışdır. Onun avtomobilindən çoxavazlı işıq siqnalı götürülməmişdir. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir; 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir; 77.2-ci maddəsinə əsasən maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir; 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir; 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər; 93.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış, yəni onun konstruktiv bütövlüyünü pozmadan inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərin müəyyən edilməsi məqsədi ilə aparılan müayinədir; 93.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsi sahibinin və iki hal şahidinin iştirakı ilə aparılır. Təxirə salınmayan hallarda nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsinin sahibinin iştirakı olmadan videoyazı aparılmaqla keçirilə bilər; 93.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış haqqında protokol tərtib olunur. Bu protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; nəqliyyat vasitəsinin sahibi barəsində məlumatlar; nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün əsaslar; nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar; aşkar edilmiş əşyaların növü, miqdarı və digər eyniləşdirmə əlamətləri, o cümlədən silahın markası, modeli, seriyası və nömrəsi, döyüş sursatının növü və miqdarı barədə məlumatlar; aşkar edilmiş sənədlərin növü və rekvizitləri. 93.4-cü maddəsinə əsasən maddi sübutların qeydə alınması məqsədi ilə fotoşəkillərin, videoyazıların aparılması tətbiq edilir. Nəqliyyat vasitəsinə baxış barəsində protokolda fotoşəkillərdən, videoyazıdan istifadə edilməsi barədə qeyd aparılır. Baxış zamanı fotoşəkillərin, videoyazının tətbiq edilməsi ilə əlaqədar əldə edilmiş materiallar müvafiq protokola əlavə olunur; 93.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya nəqliyyat vasitəsinin sahibi, habelə hal şahidləri tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya nəqliyyat vasitəsinin sahibi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur; 93.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış haqqında protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və nəqliyyat vasitəsinin sahibinə verilir; 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 06 sentyabr 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol 06 sentyabr 2022-ci il tarixdə Mahmud-zadə Mahmudağa Rafiq oğlunun barəsində tərtib olunmuş və həmin protokol Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminə daxil edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru X1 21 sentyabr 2022-ci il tarixli raportu əsasında polis idarəsinin müvafiq vəzifəli şəxsləri tərəfindən verilmiş rəylə, Mahmud-zadə Mahmudağa Rafiq oğlunun barəsində tərtib edilmiş 06 sentyabr 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dəyişiklik edilərək Şəxs adı ilə əvəz olunmuşdur. Bu zaman 06 sentyabr 2022-ci il tarixli protokolun tarixi 21 sentyabr 2022-ci il tarixə və ya başqa bir tarixə dəyişdirilməmişdir. Hansı ki, 06 sentyabr 2022-ci il tarixli protokol faktiki olaraq Şəxs iştirakı ilə tərtib olunmamış, hüquq və vəzifələri izah edilməmiş, izahatı alınmamış, protokolun surəti ona verilməmişdir. Belə olan halda, İXM-nin 75-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi, inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə həmin şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar aşkar olunmamış hesab edilir, göstərilən şəraitdə inzibati araşdırmanın qanunvericiliyin tələblərinə əməl edilmədən aparılması barədə qənaətə gəlinməsi üçün əsaslar yoxdur. Baxmayaraq ki, inzibati xəta haqqında protokolda törədilməsi ehtimal olunan inzibati xətanın mahiyyəti ümumiyyətlə göstərilməmişdir, Azərbaycan Respublikası İXMnin 342.9-cu maddəsinin dispozisiyasında göstərilənlər baxımından yanaşıldıqda, inzibati xətaya dair əməlin həmin maddənin təsiri altına düşməsi üçün nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməli, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməlidir. Bu halın müəyyən olunması, yəni inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərin müəyyən edilməsi məqsədi ilə nəqliyyat vasitəsinə onun konstruktiv bütövlüyünü pozmadan müayinə olunması üçün baxış keçirilməli, bu baxış isə nəqliyyat vasitəsi sahibinin və iki hal şahidinin iştirakı ilə aparılmalı, baxışın nəticələrinə dair müvafiq protokol tərtib olunmalı, protokolda zəruri məlumatlarla yanaşı aşkar edilmiş əşyaların növü, miqdarı və digər eyniləşdirmə əlamətləri öz əksini tapmalı, maddi sübutların fotoşəkilləri çəkilməli və ya videoyazıları aparılmalı, belə materiallar protokola əlavə olunmalı, nəqliyyat vasitəsinə baxış haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya nəqliyyat vasitəsinin sahibi, habelə hal şahidləri tərəfindən imzalanmalı, baxış haqqında protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və nəqliyyat vasitəsinin sahibinə verilməlidir. Şəxs münasibətdə isə, qeyd olunan tələblərdən hər hansı birinə əməl edilməmiş, ona məxsus avtomobildə quraşdırılması ehtimal edilən xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalının avtomobilin üzərində quraşdırılması, nəqliyyat vasitəsinin üzərindən açılaraq götürülməsi, bu prosesin onun və hal şahidlərinin iştirakı ilə həyata keçirilməsi, maddi sübutun fotoşəkilinin çəkilməsi, vidoyazıya alınması, götürülməsi ehtimal edilən əşyanın maddi sübut qismində saxlanc yerinə təhvil verilməsi və s. bu kimi işin mühüm əhəmiyyət kəsb edən halları öz həllini tapmamış, buna dair sübutlar iş materiallarına əlavə edilməməklə yanaşı, məhkəmədə də təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsində imperativ qaydada təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bundan başqa, qeyd olunmalıdır ki, maddi sübut götürülmədiyi və götürülən zaman müvafiq qaydada protokollaşdırılaraq icraat başa çatanadək qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görülmədiyi halda inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra həmin maddi sübutun taleyi haqqında qərar qəbul edilməsi də qeyrimümkündür. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, bununla da onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli Qərarına uyğun olaraq, İXMnin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid deyildir, Şəxs barəsində həmin maddə ilə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar