Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2413/2023 15.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1980-ci il tarixdə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ şəhəri, Natəvan küçəsi, ev 16-da qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 21 aprel 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 29 yanvar 2023-cü il tarixdə saat 14:00-da idarə etdiyi “Mercedes Benz E320 CDİ minik” markalı CC710YY dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.Ağayev küçəsində “Beton zavod” yolunda park elədiyi yerdən hərəkətə gətirib əvvəlcə geriyə hərəkət etdirmiş, sonra 5-10 km/saat sürətlə irəliyə doğru hərəkət etdirərkən yol hərəkəti qaydalarını pozaraq avtomobilin qabaq hissəsi ilə həmin vaxt eyni küçədə ona doğru təxminən 30 km/saat sürətlə hərəkət edən, Zərərçəkmiş şəxs idarə etdiyi “Moon” markalı mopedlə toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə həmin nümayəndənin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 29 yanvar 2023-cü il tarixdə “Mersedes Benz E320 CDİ” markalı CC710YY dövlət qeydiyyat nişanlı avtomobili Keşlə qəsəbəsi, M.Ağayev küçəsində zavodun qarşısında saxlamışdır. Saat 14 radələrində avtomobili əvvəl geriyə hərəkət etdirmiş, sonra isə qabağa doğru 5-10 km/saat sürətlə hərəkət etdirərək sağa tərəf dönən zaman sağ tərəfdən avtomobil yol ilə hərəkət edən moped onun idarə etdiyi avtomobilin qabaq hissəsi ilə toqquşmuşdur. O, avtomobildən düşmüş, ayağından xəsarət almış həmin şəxsə, sonradan tanıdığı Zərərçəkmiş şəxs kömək edib onu xəstəxanaya aparmış, orada qəbul etmədiklərinə görə aptekdən yod və s. alıb ilkin tibbi yardım etmiş, sonra öz istəyi ilə zərərçəkmiş şəxsi evlərinə aparmışdır. Özünün mobil telefon nömrəsini də vermişdir. Sonra Zidanın ailə üzvləri zəng vurmuşlar ki, ağrıyır, ona görə gedib Zidanı “Modern Hospital”a aparmış, orada ona tibbi yardım göstərmişlər, orada xərcləri özü çəkmiş, sonra Zidanı evlərinə aparmışdır. Bundan sonra zəng etmişlər ki, mopedi düzəltdirmək lazımdır. O, bildirmişdir ki, insanlığını etmişdir, özünün də maddi imkanı yoxdur, ancaq 100 manat düzəldib verə bilər. Lakin zərərçəkmiş tərəf ondan 160-170 manat tələb etmişdir. Hadisənin ehtiyatsızlıqdan baş verdiyini, əməlindən səmimi peşman olduğunu, zərərçəkmişə mümkün həddə maddi köməklik etdiyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin iştirakı ilə verdiyi izahatında göstərmişdir ki, 29 yanvar 2023-cü il tarixdə saat 14 radələrində idarə etdiyi “Moon” markalı mopedlə Nizami rayonu, Keşlə qəsəbəbəsi, M.Ağayev küçəsi ilə 30 km/saat sürətlə “Beton Zavod” istiqamətində hərəkətdə olan zaman yolun kənarında dayanmış “Mersedes” markalı avotmobil anidən hərəkətə başlamış və avtomobilin qabaq hissəsi ilə onu vurmuşdur. Zərbədən o, yerə yıxılmış, sürücü onu avtomobilinə mindirib xəstəxanaya aparmışdır. Həmin vaxt xəstəxanada onu qəbul etməmişlər, sürücü Şəxs ona ilkin yardım göstərmiş və ağrısı olmadığı üçün evə aparmışdır. Sonra ağrıları incitdiyi üçün Şəxs gəlib onu “Modern Hospital”a aparmış, orada ona tibbi yardım göstərilmişdir. Ancaq sonradan Şəxs ona baxmadığı, həm də yararsız olan mopedi düzəltmədiyi üçün polisə müraciət etmişlər. Bunun üçün təxminən 160-170 manat pul lazım olmuş, Şəxs isə 100 manat verə biləcəyini demişdir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İşdə olan canlı şəxsin ekspertizasına dair 16 fevral 2023-cü il tarixli 117 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs sağ aşıq baldır oynağının əzilmiş yarası, sağ saidin ön səthinin, sağ ayaq pəncəsinin üst səthinin və bayır topuğunun alt səthinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsərindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 29 yanvar 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 15 mart 2023-cü il tarixli 8/478 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mersedes Benz E320 CDİ markalı CC710YY dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan 01 aprel 2023-cü il tarixli qərardan görünür ki, HK/1-75 nömrəli araşdırma materialı üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi olduğundan inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Nizami RPİ-nin DPYŞnin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsini təmin etməsini, müvafiq maddi köməklik göstərərək onunla razılıq əldə etməyə cəhd etməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, əməlində məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halın isə olmamasını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən vurulmuş zərərin ödənilməsi ilə bağlı tələb irəli sürülməmişdir, lakin zərərçəkmiş şəxslə bununla bağlı tam olaraq razılıq da əldə edilməmişdir, ona görə həmin şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 85 manat pul vəsaiti dövlət hesabına Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2413/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2413/2023
15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver