Məhkəmə qərarları › İş №3(007)-2422/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2422/2021

26.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2422/2021 26.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan İsmaılov Elshanın vəkili- Bakı şəhəri 16 saylı vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxxx 1973-cü il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, 810-cu keçid, ev 7-də müvəqqəti qeydiyyatda olan, "xxxx" MTK-nın direktoru (qanuni təmsilçi) vəzifəsində işləyən İsmaılov Elshan barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş 28 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən "xxxx" MTK-nın direktoru vəzifəsində işləyən İsmaılov Elshan qanuni qüvvəyə minmiş məhkəmə qərardadı əsasında verilmiş icra sənədinin - Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 42 saylı binanın yaxınlığındakı ümumi sahəsi 160 kv.m olan tikili və torpaq sahəsinə yetirilə biləcək hər hansı qanunsuz hərəkətlərin "xxxx" MTKya qadağan edilməsinə və qərardadın dərhal icra edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(007)-1910/2021 nömrəli icra sənədinin icrasının təmin olunması ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, həmin icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X5 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, "xxxx" MTK-nı təmsil edən nümayəndə və şəxsən İsmaılov Elshanın özü ilə dəfələrlə ünsiyyətdə olmuş, icra sənədinin icrasının təmin edilməli olduğu diqqətlərinə çatdırılmışdır. Özü tikinti ərazisinə gedib baş çəkərkən tikinti işlərinin davam etdirildiyini müşahidə etmişdir. Lakin hazırda əraziyə daxil olmaq olmur, ərazi hasarlanmışdır, o cümlədən tələbkarın özü də obyektinin yerləşdiyi torpaq sahəsinə daxil ola bilmir. İnzibati xəta haqqında protokol əsaslı olduğundan İsmaılov Elshanın barəsində vəzifəli şəxs qismində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan İsmaılov Elshanın vəkili Vəkil protokolda və icra məmurunun izahatında qeyd edilənlərlə razılaşmayıb, göstərmişdir ki, iş materialları ilə tanış olmuşdur, hüquqlarını müdafiə etdiyi şəxsin inzibati xəta haqqında protokolda imzası yoxdur, onun həmin protokolun tərtib olunmasından məlumatı olmamış, poçt vasitəsi ilə də ünvanına göndərilməmişdir, buna dair sübut mövcud deyildir. İcra sənədinin verilməsinə əsas olan qərardad mülki iş üzrə iddianı təmin etmə tədbiri qismində çıxarılmışdır. Belə ki, təmsil etdiyi İsmaılov Elshanın direktoru olduğu "xxxx" MTK tərəfindən X2 qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia qaldırılmış, həmin şəxs isə MTK-ya qarşı kompensasiya tələbi ilə iddia qaldırmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsi həmin tələblərə baxaraq 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə MTK-ya yaşayış binalarının tikintisi üçün ayrılmış torpaq sahəsində X4 tərəfindən qanunsuz olaraq zəbt edilmiş ərazilərin boşaldılmasını qət etmiş, həmin şəxsin iddiasını isə rədd etmişdir. Məhkəmə iddianı rədd edərkən müəyyən etmişdir ki, X4 həmin iddianı irəli sürməkdə subyektiv hüquqa malik olmamışdır, ərazidə tikilmiş obyekt bələdiyyəyə məxsus olmuşdur, hətta bələdiyyə tərəfindən ərazinin boşaldılması ilə bağlı X2 xəbərdarlıq edilmişdir. 05 iyul 2021-ci il tarixdə icra məmuru tərəfindən eyni məsələ üzrə inzibati xəta haqqında protokol tərtib edilsə də, məhkəmədə işə baxılarkən inzibati xəta tərkibinin olmaması əsası ilə hakim tərəfindən iş üzrə icraata xitam verilmişdir. Aradan qısa müddət keçdikdən sonra təkrarən inzibati xəta haqqında protokolun tərtib olunmasının əsası yoxdur, icra məmuru tərəfindən hansı inzibati xəta hadisəsinin müəyyən edilərək protokol tərtib etməsi aydın deyil. İcra məmuru təkrarən ərazidə olmamış, akt tərtib etməmiş, izahat almamış və ya hər hansı digər sübut müəyyən etməmişdir. Əksinə, təqdim etdiyi fotoşəkillərlə müəyyən olunur ki, icra sənədində qeyd edilən tikili yerindədir, ona hər hansı xətər yetirilməmiş, sökülməmişdir. İnzibati xəta tərkibi olmadığından İsmaılov Elshanın barəsindəki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə qarşılıqlı iddiaçı kimi iddianı təmin etmək üçün tədbirlər görülməsinə dair ərizə vermiş, məhkəmənin 30 iyun 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 42 saylı binanın yaxınlığındakı ümumi sahəsi 160 kv.m olan tikili və torpaq sahəsinə yetirilə biləcək hər hansı qanunsuz hərəkətlər "xxxx" MTK-ya qadağan edilmişdir. Qanunun tələbinə əsasən qərardad dərhal icra edilməli olsa da, "xxxx" MTK-nın rəhbərliyi və işçiləri guya həmin qərardaddan xəbərsiz olduqlarını bildirərək ona məxsus qadağan olunmuş 160 kv.m-lik torpaq sahəsinin bir hissəsini qazaraq yeni tikiləcək binanın təməli üçün hazırlamışlar. Müvafiq xəbərdarlıqlardan sonra MTK-nın rəhbərliyi onun istifadəsində olan torpaq sahəsinə və tikiliyə xələl gətirəcək hansısa hərəkətləri etməyəcəklərinə və onunla razılaşacaqlarına söz versələr də, buna əməl etməmiş, öz qanunsuz hərəkətlərini davam etdirmişlər. MTK-nın rəhbərliyi tikinti sahəsini hasarlayaraq ətraf aləmdən ayırmışlar, bu səbəbdən o, istifadəsində və sahibliyində olan obyektinə daxil ola bilməmişdir. Eyni zamanda tikilisinin yerləşdiyi torpaq sahəsinə müxtəlif tikinti materialları yığmışlar ki, hətta hasarı aşmaqla tikinti sahəsinə daxil ola bilsə də, istifadəsində olan obyektə keçməsi mümkünsüz bir hala gəlmişdir. İzahatında göstərdiklərini təsdiqləyən fotoşəkilləri icra qurumuna təqdim etmişdir və hazırkı iş materiallarına əlavə edilmişdir. Tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında İsmaılov Elshanın barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(007)- 1910/2021 nömrəli icra sənədindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 42 saylı binanın yaxınlığındakı ümumi sahəsi 160 kv.m olan tikili və torpaq sahəsinə yetirilə biləcək hər hansı qanunsuz hərəkətlər "xxxx" MTK-ya qadağan edilmiş, qərardadın dərhal icra edilməsi qərara alınmışdır; -Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru Abusət Qasımovun 05 iyul 2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(007)-1910/2021 nömrəli icra sənədi üzrə icraata başlanılmış, borclu "xxxx" MTK-ya dərhal icranı könüllü surətdə icra etməsi təklif olunmuşdur; -Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru Abusət Qasımovun Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(007)-1910/2021 nömrəli icra sənədinin icrasının könüllü surətdə icra edilməsi barədə bildirişindən görünür ki, həmin bildiriş 05 iyul 2021-ci il tarixdə imza edilməklə "xxxx" MTK-nın direktoru İsmaılov Elshan tərəfindən alınmışdır; -“Kommersiya qurumunun dövlət reyestri”ndən çıxarışdan görünür ki, İsmaılov Elshan "xxxx" MTK-nın qanuni təmsilçisi kimi qeydiyyata alınmışdır; -Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmurları tərəfindən hal şahidlərinin, tələbkarın və borclunun qanuni təmsilçisi İsmaılov Elshanın iştirakları ilə tərtib olunmuş 05 iyul 2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(007)-1910/2021 nömrəli icra sənədinin mahiyyəti, qadağa qoyulmuş hərəkət borclunun qanuni təmsilçisinə izah edilmiş, icra sənədinin icrasının təmin edilməməsinin inzibati məsuliyyətə səbəb olması barədə xəbərdarlıq edilmişdir; Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.1-15.3-cü maddələrinə əsasən məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək və yuxarıda qeyd edilənləri nəzərə alaraq, o nəticəyə gəlir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərardadı əsasında verilmiş və dərhal icra olunmalı olan icra sənədinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməyən "xxxx" MTK-nın direktoru, vəzifəli şəxs İsmaılov Elshan Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur, İsmaılov Elshan vəzifəli şəxs qismində həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkilinin irəli sürdüyü dəlillərə münasibətdə qeyd edir ki, məhkəmənin 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə X1 iddia tələbi təmin olunmasa da, həmin qətnamə qanuni qüvvəyə minməmişdir, hazırda mülki iş apelyasiya instansiyası məhkəməsinin icraatındadır, iddianı təmin etmə tədbiri qismində qəbul edilmiş, hazırkı icra sənədinin verilməsinə əsas olmuş 30 iyun 2021-ci il tarixli qərardad isə ləğv olunmamışdır, qüvvədədir. Ona görə irəli sürülən həmin dəlillər işin faktiki halları ilə təkzib olunur, inzibati xəta törətmiş şəxsi məsuliyyətdən azad etməyə cəhd etmə kimi qiymətləndirilir, vəzifəli şəxsin inzibati məsuliyyətdən azad edilməsi və işin icraatına xitam verilməsi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında İsmaılov Elshanın əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq, vəzifəli şəxs İsmaılov Elshanın barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İsmaılov Elshan Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində vəzifəli şəxs qismində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar