Məhkəmə qərarları › İş №3(007)-2428/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2428/2024

23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2428/2024 23.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi, prokurorun köməkçisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxx 1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 55, mənzil 22-də qeydiyyatda olan, ünvan 1-da yaşayan, "xxxx" MMC-nin “Ulduz” şokolad fabrikində sahə ustası vəzifəsində işləyən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami rayon prokurorluğunun 26 aprel 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, baxılması üçün məhkəməyə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, vəzifəli şəxs, "xxxx" MMC-nin “Ulduz” şokolad fabrikinin sahə ustası Şəxs vəzifə təlimatının 1.5, 1.12 bəndlərinin, “Fabrikin İstehsal sahəsində çalışan işçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimatı”n 3.29 bəndinin tələblərinə əsasən "xxxx" MMC-nin “Ulduz” şokolad fabrikinin istehsalat şöbəsində avadanlıqda təmizlik işlərinin aparılması zamanı işçilərə daimi nəzarət etməklə onlar tərəfindən texnoloji, istehsal və əmək intizamının pozulmasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası qayda və normalarına riayət olunmasına nəzarət etməli olduğu halda, bunu etməməsi nəticəsində xx.xx.2023-cü il tarixdə həmin fabrikdə operator işləmiş Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti almış, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlar Zərərçəkmiş şəxs izahatı, barəsində inzibati icraat başlanılan şəxs Şəxs izahatı, məhkəmə tibbi və əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının rəyləri ilə təsdiq olunur. Araşdırma zamanı Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, "xxxx" MMC-nin “Ulduz” şokolad fabrikinin istehsalat şöbəsində xx.xx.2024-cü il tarixdən operator olaraq işləyir. xx.xx.2023-cü il tarixdə səhər saat 06:30 radələrində “QontiMix” adlı mikser qurğusunun təmizlik işlərini görmüş, hər gün işin yekununda qeyd olunan qurğunun təmizlənməsi fəhlələrin öhədliyindədir. Qurğuya su tökülərkən qeyd etdiyi mikser qurğusunun giriş hissəsində karamel qalığı gördüyündən sağ əlinin baş barmağı ilə həmin karamelin qalığını sıyırıb götürərkən həmin vaxt mikserin dəmiri sağ əlinin baş barmağına dəyərək barmağını zərblə qurğunun giriş hissəsində ortada qoyulmuş dəmirə vurmuş və barmağı boru ilə mikserin fırlanan küt dəmirinin arasında qalmış, bu zaman sağ əlinin baş barmağı sümükdən tam, ətdən isə təxminən 80% ayrılmışdır. Barəsində inzibati icraat başlanılan şəxs Şəxs Maarif oğlu bildirmişdir ki, 2019-cu ilin may ayının 5-dən 2024-cü ilin yanvar ayının 30-dək “Ulduz” şokolad fabrikində sahə ustası işləmiş, onun vəzifələri işçilərə daim nəzarət etmək, əməkdaşlar tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının qayda və normalarına riayət olunmasına nəzarət etmək və s. olmuşdur. xx.xx.2023-cü il tarixdə öz vəzifələrini düzgün icra etməməsi nəticəsində həmin fabrikdə operator vəzifəsində işləyən Zərərçəkmiş şəxs sağ əlindən xəsarət almışdır. Təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 146 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət - sağ əlin İ barmağının falanqa səviyyəsindən natamam amputasiya nəticələnməsində sağ əlin İ barmağının ankilozu (hərəkətsizliyi) mişarlayıcı alətin təsirindən törənməyə xarakterikdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə alınması istisna edilmir, ümumi əmək qabiliyyətinin üçdə birindən az (10%) itirilməsi ilə nəticələnmişdir və bu əlamətə görə sağlamlığa az ağır zərər vurmaya aiddir. Təyin edilmiş əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 19 mart 2024-cü il tarixli 3-16-16/2-10/1974 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar "xxxx" MMC-nin “Ulduz” şokolad fabrikinin istehsalat şöbəsində avadanlıqda təmizlik işlərinin aparılması zamanı işçilərə (konkret halda Zərərçəkmiş şəxs) daimi nəzarət etməklə onlar tərəfindən texnoloji, istehsal və əmək intizamının pozulmasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası qayda və normalarına riayət olunmasına nəzarət etmədiyinə görə, vəzifə təlimatının 1.5, 1.12 bəndlərinin “Fabrikin İstehsal sahəsində çalışan işçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimatı”n 3.29 bəndinin tələbləri fabrikin sahə ustası tərəfindən pozulmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Nizami rayon prokurorluğuna daxil olmuş məlumat əsasında toplanmış material olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Beləliklə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmalı və baxılması üçün aidiyyəti üzrə Baki şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən, vəzifəli şəxs Şəxs (FİN: xxxxxxx) - xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, məhkum olunmamış, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi ev 55, mənzil 22-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan - barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, qərar və toplanmış material şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqəsədi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi, prokuror köməkçisi X2 qərarın dəlillərini müdafiə edərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, 2019-cu ilin may ayının 5-dən 2024-cü ilin yanvar ayının 30dək “Ulduz” şokolad fabrikində sahə ustası işləmişdir. Onun vəzifələri işçilərə daim nəzarət etmək, əməkdaşlar tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının qayda və normalarına riayət olunmasına nəzarət etmək və s. olmuşdur. 10 dekabr 2023-cü il tarixdə fabrikdə operator vəzifəsində işləyən Zərərçəkmiş şəxs sağ əlindən xəsarət almışdır. Həmin vaxt həftə sonu olmuşdur, Yusif istehsalat sahəsində tək olmamışdır. Orada təqribi 42 əməkdaş var, o, hamının işinə təhlükəsizlik üçün nəzarət etmişdir. Hadisədən əvvəl iş yekunlaşmış, təmizlik işləri görülmüş, o da təmizliklə bağlı avadanlıqlara baxmışdır. Həmin vaxt avadanlıqlar sönülü olmuşdur. İş yekunlaşandan sonra yığışmalarını demiş, özü günlük hesabatı yazmışdır. Həmin vaxt kənardan başqa əməkdaş gəlib, Yusifin əlini mikselə saldığını demişdir. Yusifi həkimə aparmışlar, məlum olmuşdur ki, onun barmağı natamam amputasiya olunmalıdır. O, əməliyyat olunsa da vəziyyəti yaxşıdır, hazırda da fabrikdə işini davam etdirir. O, Yusifdən soruşmuşdur ki, niyə əlini mikselə salmışdır, o, demişdir ki, düşünməmişdir ki, əli qalar. Qab yuyulan vaxt əlini salmışdır ki, şirəni götürsün, həmin vaxt miksel tutub, bir dəfə burub, sümüyünü qırmışdır. Digər işçilər kimi Yusif də təhlükəsiz işləmək, avadanlığı idarə etmək, ona qulluq göstərmək və s. təhlükəsizlik qaydaları ilə tanış edilmiş, imtahan götürülmüş, izahat işləri aparılmış, texniki təhsil təlimi keçirilmişdir. Buna baxmayaraq, o, özünü müəyyən qədər təqsirli bilir, belə hadisə olmasını istəməzdi. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə baxılmasının vaxtı və yeri barədə məlumat verilmiş Zərərçəkmiş şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir, araşdırma zamanı onun qərarda göstərilən qaydada izahat verməsi müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami rayon prokurorluğunda Veysəloğlu MMC-nin “Ulduz” şokolad fabrikinin istehsalat şöbəsinin fəhləsi Zərərçəkmiş şəxs 10 dekabr 2023-cü il tarixdə iş vaxtı xəsarət alması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətindən daxil olmuş məlumat əsasında araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin “Ulduz” şokolad fabrikinin istehsalat şöbəsində avadanlıqda təmizlik işlərinin aparılması zamam işçilərə daimi nəzarət etməklə onlar tərəfindən texnoloji, istehsal və əmək intizamının pozulmasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası qayda və normalarına riayət olunmasına nəzarət etmədiyinə görə, vəzifə təlimatının 1.5, 1.12 bəndlərinin “Fabrikin İstehsal sahəsində çalışan işçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimatı”n 3.29 bəndinin tələbləri fabrikin sahə ustası Şəxs tərəfindən pozulmuş, nəticədə Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almışdır. Araşdırmanın yekununda, "xxxx" MMC-nin “Ulduz” şokolad fabrikində fəhlə vəzifəsində işləyən Zərərçəkmiş şəxs 10 dekabr 2023-cü il tarixdə iş vaxtı xəsarət alması faktı üzrə aparılmış araşdırma zamanı toplanmış materialda Azərbaycan Respublikası CM-nin 162-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, toplanmış materialda Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən həmin fakt üzrə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün toplanmış material ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz Şəxs tərəfindən törədilmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Məhkəmə, işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinə əsasən, bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər (texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması) nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulması zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən vurulmuş zərərin ödənilməsi təsdiqini tapmamışdır, ona görə zərərçəkmiş şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı tələb olduğu halda mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ Zərərçəkmiş şəxs izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar