Məhkəmə qərarları › İş №3(007)-2430/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2430/2024

10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2430/2024 10.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Füzuli rayonu, Qorqan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayonu, Məmmədli kəndi, “Göy Qurşağı” yaşayış kompleksində yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: 10 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 3(007)-2874/2023 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq olunmasına baxmayaraq, eyni icra sənədləri üzrə, yəni Şəxs yaranmış borca görə 15000 (on beş min) manatın və 30 manat dövlət rüsumunun X2 xeyrinə tutulmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2659/2017 saylı, xx.xx.2017-ci il tarixli, Şəxs 30000 (otuz min) manat əsas borcun və 26 manat dövlət rüsumunun X5 xeyrinə tutulmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2395/2021 saylı, xx.xx.2021-ci il tarixli, Şəxs 4000 (dörd min) manat pulun və 43 qram (583 əyar) qızılın X3 xeyrinə tutulmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3649/2021 saylı, xx.xx.2021-ci il tarixli, Şəxs 3500 (üç min beş yüz) manat pulun X1 xeyrinə tutulmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3915/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədləri, həmçinin əlavə olaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 500 manat məbləğində cərimə ilə tənbeh edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-283/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi, Şəxs MPZK4586693A299 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 765,58 manat və 25 manat dövlət rüsumu olmaqla, cəmi 790,58 manat pulun tutulmasına dair Bakı şəhəri 30 saylı notariat ofisinin 10 yanvar 2023-cü il tarixli, 8İ-230 nömrəli icra qeydi, Şəxs MPZK4630750A299 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1762,80 manat və 25 manat dövlət rüsumu olmaqla, cəmi 1787,80 manat pulun tutulmasına dair Bakı şəhəri 30 saylı notariat ofisinin 10 yanvar 2023-cü il tarixli, 8İ- 231 nömrəli icra qeydi üzrə ümumilkidə 55415 manat borc məbləğlərini ödəməyərək, icra sənədlərinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X6 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. O əlavə olaraq bildirmişdir ki, icra sənədləri üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ümumi borcu 55415 manat təşkil edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2659/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə tələbkar Abbasova Sənubərin xeyrinə 30000 manat pul tutulmuş, Şəxs həmin məbləğdən ilkin olaraq 200 manat ödəmiş, bununla bağlı rəsmi qəbz də icra materiallarına əlavə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə qərarı ilə 500 manat məbləğində olmaqla iki dəfə cərimə olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, borc məbləğlərini ödəməyə maddi imkanı yoxdur. Hal-hazırda işləmir, əmlakı yoxdur, 3 uşağı vardır, balaca uşağının 13 yaşı vardır və o, uşaqları ilə birlikdə kirayədə yaşayır. Borc məsələlərinə görə həyat yoldaşı ilə faktiki olaraq ayrı yaşayırlar, lakin aralarında olan nikah rəsmi olaraq pozulmamışdır. İcra sənədi üzrə tələbkar olan Abbasova Sənubərə olan borc məbləğindən qalmış 700 manat borcdan 200 manat pul ödəmiş, buna baxmayaraq Sənubər ərizəsində onun 15000 manat borcu olduğunu qeyd etmişdir. Digər tələbkar olan Nailə Əhmədova borcunun 80000-100000 manat olmasını demiş, konkret məbləğ göstərməmişdir. Onun barəsində olan inzibati qərardan vəkili tərəfindən şikayət verilmiş və vəkili Belarusiya Respublikasından gələndən sonra onun nəticəsi barədə məlumat əldə edəcəkdir. Qeyd etdiklərinin nəzərə alınaraq barəsində inzibati tənbeh olaraq cərimə tətbiq edilməsini məhkəmədən xahiş etmiş və cərimə məbləği tətbiq ediləcəyi təqdirdə hissə-hissə olaraq ödəyəcəyini bildirmişdir. Tələbkarlar məhkəmə iclasında iştirak etmir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi) inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi - həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, o nəticəyə gəlir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında verilmiş icra sənədlərindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməyən, icra məmurunun həmin qərarların icrası ilə əlaqədar digər qanuni tələblərini yerinə yetirməyən, buna görə məhkəmənin qərarları ilə barəsində inzibati cərimə növündə tənbeh tətbiq olunmasına baxmayaraq, eyni icra sənədinə münasibətdə təkrarən həmin xətanı təkrar törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsirli olmasını tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə tövsif olunmuşdur, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq, Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Məhkəmə bu zaman nəzərə alır ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bu mənada hazırkı qərarda gəlinmiş nəticə borclu Şəxs icra sənədlərinin icrasından azad etmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Həqiqət əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar