Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2446/2020 27.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ 23-cü PB-nin sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Kəlbəcər rayonunun Vəng kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, dörd uşağı olan, işləməyən, Kəlbəcər rayonunun Vəng kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, S.Ə.Şirvani küçəsi ev 3, mənzil 74-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ 23-cü Polis Bölməsindən daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospektində YPX əməkdaşının onun idarə etdiyi “VAZ-2107” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomoblində aşkar olunmuş qüsurla bağlı duracağa aparılmasına etiraz etmiş, bu zaman səs-küy salıb ucadan nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının onu nizam-intizama dəvət edərək sakitləşdirməklə bağlı qanuni tələblərinə qəsdən tabe olmamış, bundan sonra avtomobilin Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən dayanacağa aparılması zamanı, ora çatarkən yenidən nalayiq ifadələr işlətməsi ilə bağlı polis əməkdaşlarının onu nizam-intizama dəvət edərək sakitləşdirməklə bağlı qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ 23-cü PB-nin sahə inspektoru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, o, Kəlbəcər rayonundan məcburi köçkündür, himayəsində dörd uşağı vardır, maddi imkanı olmadığına görə idarə etdiyi avtomobilin əvvəldən kəsik olan arxa yaylarını dəyişə bilməmişdir. xx xxxxxxx 2020-ci il tarixdə YPX əməkdaşı onu saxlayıb buna görə avtomobilin duracağa aparılmalı olduğunu bildirdiyinə görə aralarında sözlə mübahisə olmuşdur. O, polis əməkdaşlarına qarşı nalayiq ifadə işlətməmişdir, əksinə, onun özünə qarşı nalayiq ifadə işlədilmişdir. Baş verənlərə görə peşmandır, barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid, Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPXAnın MEB-nin YPX inspektoru, polis baş serjantı X5 izahatında bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 17:50 radələrində patrul avtomobilində xidmətdə olarkən, Nizami rayonu, Babək prospektində “VAZ-2107” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yayları kəsik olduğundan tərəflərindən saxlanılmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, həqiqətən avtomobilin arxa yaylarından iki dairə kəsikdir. Buna görə avtomobilin dayanacağa aparılmalı olduğu sürücü Şəxs izah edilmişdir. Sürücü Şəxs isə, vətəndaşların sıx olduğu yer olmasına baxmayaraq, ünvansız küçə söyüşləri söyərək ictimai asayişi pozmuşdur. Buna görə irad bildirərək nizam-intizama dəvət etsələr də, sürücü Şəxs sakitləşməmiş, yenə də nalayiq söyüşlər söyərək onların qanuni tələblərinə tabe olmamışdır. Avtomobildə aşkar olunmuş qüsura görə onu sürücünün iştirakı ilə dayanacağa aparmışlar, dayanacağa çatana yaxın sürücü Şəxs yenidən heç bir əsas olmadan onları təhqir edərək “erməni”, “paşinyan” adlandırmış, şərəf və ləyaqətlərini alçaltmışdır. Ona görə ərazidə xidmət aparan PPX naryadını dəvət edərək onların iştirakı ilə sürücü Şəxs 23-cü Polis Bölməsinə dəvət etmişlər, raport yazaraq qanuni tələblərinə tabe olmayan həmin şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişlər. Məhkəmə iclasında şahid, Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPXAnın MEB-nin YPX inspektoru, polis baş serjantı X1 eyni məzmunlu izahat vermişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidlərin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir, törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə Şəxs izahatında göstərilənləri onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirir və nəzərə alır ki, o, əməlini etiraf etməsə də, baş vermiş xətaya görə peşmançılığını bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində azyaşlı uşaqlarının olmasını və Kəlbəcər rayonundan məcburi köçkün olmasını Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işi ilə tanış olmaq və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla 18 manat məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi Vəkil dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına “xxxxxxxxxxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h-AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2446/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2446/2020
27.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver