Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2451/2024 13.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, X13 qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin sahə rəisi polis baş leytenantı X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı Şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1985-ci ildə Tumen şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bərdə rayonu, Lənbəran ərazi dairəsi, Lənbəran kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü PB-dən daxil olmuş 13 may 2024сü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 12 may 2024-сü il tarixdə saat 19:40 radələrində DYPX-nin əməkdaşlarına qarşı kobudluq edərək nalayiq ifadələr işlətmiş və tabesizlik edərək PŞ-nə gəlməkdən imtina edərək DYPX-nin əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinin sahə rəisi polis baş leytenantı X11 protokolun məzmununa uyğun izahat verdi və bildirdi ki, xidmətdə olarkən Şəxs yol polisinin onun yetkinlik yaşına çatmamış oğlu Əfəndiyev Şəhruzun sürücülük hüququ olmadan idarə etdiyi avtomobilini duracağa yerləşdirilməsinə etiraz etmişdir. Polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq onların ünvanına nalayiq ifadələr işlətmişdir. Qeyd edilənlərə əsasən protokol tərtib edilmiş və Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis baş serjantı X4 izahatında göstərmişdir ki, 12 may 2024-cü il tarixdə azyaşlı uşağın avtomobili idarə etdiyini görmüşdür. Avtomobildə də 5-6 nəfər özü kimi azyaşlı sərnişin var idi. Sənədləri tələb edəndə azyaşlı sürücü sənədlərin olmadığını, avtomobilin atasının olduğunu bildirdi. Avtomobili duracağa aparanda atası gəlib ondan icazəsiz avtomobili nə üçün apardıqlarını dedi. Onlara bildirdi ki, məxfi şöbənin əməkdaşıdır, onları yandıracaq. Oğluna yüksək səslə acıqlandı ki, sən kimsən maşının açarını onlara vermisən, sürüb qapıya gətirərdin, onda görək nə edə bilərdilər? Avtomobildə pul, qızıl var. Avtomobilin təhvil verilməsini istədi. Onlara qarşı nalayiq ifadələr işlətdi. Onlar dəfələrlə sürücüyə bu qanunsuz əməlini dayandırmağı xahiş etsələr də həmin şəxs onların qanuni tələblərinə tabesizlik nümayiş etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis baş serjantı X6 izahatında göstərmişdir ki, “Bakcell” arenanın yanında zəng gəldi ki, azyaşlı uşaq avtomobilin qabağına 3 nəfər, arxaya isə 3-4 nəfər əyləşdirib sənədsiz avtomobil idarə edir. Avtomobili duracağa yerləşdirdilər. Uşağın atası gəlib onlara qarşı nalayiq ifadələr işlətdi. Duracaqda uşağı döydü. Onlara tabesizlik göstərdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, öz övladını vurmuşdur. Polis əməkdaşlarına qarşı heç bir nalayiq ifadələr işlətməmişdir. Qeyd etdiklərinə əsasən barəsində inzibati tənbeh tətbiq olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X5 izahatında bildirdi ki, Şəxs özünü qismən təqsirli bilir, əməlindən peşimandır. Belə ki, polis əməkdaşlarına qarşı səs tonunu yüksəltsə də nalayiq ifadələr işlətməmişdir. Qeyd etdiklərinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, şahidlərin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və onun müdafiəçisinin işin halları ilə bağlı verdikləri izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, Şəxs yetkinlik yaşına çatmayan oğlu 28 yanvar 2008-ci il təvəllüdlü X2 idarə etmək hüququ olmadan avtomobili idarə etdiyi halda, DYP əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək, avtomobilin duracağa yerləşdirilməsinə etiraz edərək, polis işçilərinə qəsdən tabe olmayaraq, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan başqa oğluna və polis əməkdaşlarına səsini yüksəldərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında Şəxs DYP əməkdaşlarına qarşı səsini ucaltdığını etiraf etmişdir. Həmçinin məhkəməyə təqdim olunmuş və məhkəmə iclasında tədqiq olunmuş 1 ədəd CD diskdən görünür ki, Şəxs duracaqda oğlunu şillə ilə vurur, üstünə qışqırır və yüksək səs tonunu ilə saymazyana polis əməkdaşları ilə rəftar edərək avtomobilinin duracağa kimin gətirdiyinin aydınlaşdırır. Azərbaycan Respublikası İXM-nin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən və 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən məhkəmə iclasındakı davranışını nəzərə alaraq və onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırki iş üzrə 12 may 2024-cü il tarixdə saat 20:30-da inzibati qaydada tutulmuşdur, məhkəmə hesab edir ki, şəxsin inzibati həbsinin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, içərisində videogörüntü olan maddi sübut 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 8 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 48 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 12 may 2024-cü il tarixdə saat 20:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı Şəhəri Nizami RPİ-nin 23-cü PB-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 8 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı Şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3 müvafiq hesablaşma hesabı üzərindən 48 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №3(007)-2451/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2451/2024
13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver