Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2452/2020 05.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X3 nümayəndəsi – “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi, polis polkovnik-leytenantı S.F.Qarayev tərəfindən qəbul edilmiş MN seriyalı, ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi, polis polkovnik-leytenantı S.F.Qarayev tərəfindən qəbul edilmiş MN seriyalı, ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, “xxxxxxxxxxxx” QSC ilə rəsmi müqavilə əsasında “Topaz” məntəqəsi (agent olaraq) işlədir. xx.xx.2020-ci il tarixdə Nizami RPİ-nin 24-cü Polis Bölməsinin əməkdaşları fəaliyyət göstərdiyi obyektə - “Topaz” məntəqəsinə gələrək barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1 -ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol qəbul etmişlər. Polis əməkdaşları protokolun tərtib olunmasına əsas kimi karantin rejimi dövründə Nazirlər Kabinetinin icazə vermədiyi fəaliyyətlər sahəsinə daxil olan xidmətlə məğul olmağını bildirmişlər. Lakin ona tərtib olunan inzibati xəta haqqında protokol qanunsuz olaraq tərtib olunduğundan bu barədə xx.xx.2020-ci il tarixdə Daxili İşlər Nazirliyinə - yuxarı vəzifəli şəxsə müraciət etmişdir. İnzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinin kobudcasına pozulması ilə qəbul edildiyindən ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Fəaliyyətləri qadağan edilən xidmətlərin siyahısında olmamışdır. Belə ki, Nazirlər Kabinetinin 323, 178, 73-1, 237 saylı qərarları ilə ictimai iaşə və digər müəssisələrin fəaliyyəti tənzimlənir. Nazirlər Kabinetinin 8 sentyabr tarixində qüvvəyə minən 4 sentyabr tarixli, 323 nömrəli qərarı ilə əksər müəssisələrin fəaliyyətinə icazə verilmiş və yumşalmalar başlanılmışdır. Onlara isə inzibati tənbeh 9 sentyabr tarixində tətbiq edilmişdir. Həmin 323 saylı qərarla isə Nazirlər Kabinetinin fəaliyyətinin qadağan edildiyi sahələrdə mərc və digər oyunların keçirilməsi barədə müddəa yoxdur. Buna baxmayaraq onlar həmin tarixə qədər yalnız online qaydada fəaliyyət göstərmişlər. Heç bir müştəri qəbul etməmişlər. Onların fəaliyyətləri qadağan edilməmiş və onlar ASAN icazə sistemindən istifadə edərək fəaliyyət göstərmişlər. Polis əməkdaşları onların ünvanına baxış keçirərkən belə onlar müştəri qəbul etməmişlər. “xxxxxxxxxxxx” QSC Azərbaycan Respublikası Nazirlər Kabinetinə xx.xx.2020-ci il tarixdə məktubla müraciət etmişdir. Həmin məktub nəzərə alınaraq Nazirlər Kabineti tərəfindən DİN-nə, İqtisadiyyat Nazirliyinə fəaliyyətlərinin məhdudlaşdırılmaması ilə bağlı göstəriş verilmişdir. xx.xx.2020ci il tarixdə bütün Respublika üzrə “Topaz” agentləri heç bir məhdudlaşdırma olmadan fəaliyyətlərini davam etdirməkdədirlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X3 nümayəndəsi X4 şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi, polis polkovnik-leytenantı S.F.Qarayev tərəfindən qəbul edilmiş MN seriyalı, ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi, polis mayoru N.S.Yolçuyev tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 xx.xx.2020-ci il tarixdə E.Süleymanov küçəsi 49 ünvanında xüsusi karantin rejimi qaydalarını pozmuşdur. X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi, polis polkovnik-leytenantı S.F.Qarayev tərəfindən qəbul edilmiş MN seriyalı, ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXMnin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 400 manat məbləğində cərimə edilmişdir. - “xxxxxxxxxxx” QSC-nin Direktorlar Şurasının xx xxxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilmiş, göstərilmişdir ki, ölkədə xüsusi karantin rejiminin tətbiqi ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarlarında adıçəkilən xidmət sahəsinin, o cümlədən “TOPAZ” satış məntəqələrinin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı konkret göstəriş müəyyən olunmamışdır. Koronavirus (COVİD-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə, o cümlədən qoruyucu tibbi maskalardan istifadə olunması, müvafiq qaydada sosial məsafənin saxlanılması, şəxsi gigiyenaya əməl olunması ilə bağlı qaydalara rəhbərlik etdikləri təşkilat və onun bütün işçi kollektivi tərəfindən ciddi riayət olunması ilə əlaqədar tərəflərindən bütün tədbirlər görülmüş, lazımi göstərişlər verilmişdir. Qeyd edilənləri, eyni zamanda ölkədə pandemiyaya qarşı qabaqlayıcı tədbirlər nəticəsində yoluxma hallarının azalmasına nail olunması ilə əlaqədar karantin rejiminin yumşaldılmasını, bəzi məhdudiyyət tədbirlərinin aradan qaldırılmasını nəzərə alaraq, Nazirlər Kabinetinin müvafiq qərarlarının tələbləri çərçivəsində “TOPAZ” satış məntəqələrinin fəaliyyətinin təmin edilməsi ilə bağlı köməklik göstərilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbərinin xx xxxxxxxx 2020ci il tarixli göstərişindən görünür ki, qeyd olunan müraciət məlumat üçün Daxili İşlər Nazirliyinə, İqtisadiyyat Nazirliyinə və Gənclər və İdman Nazirliyinə göndərilmişdir. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmişdir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr, vəzifəli şəxslər və vətəndaşlar: təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli; sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə, xəstələnmə hallarının qarşısının alınmasına və azaldılmasına, ətraf mühitin sağlamlaşdırılmasına yönəldilən sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görməli; dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etməli; dövlət sanitariya nəzarətini həyata keçirən orqanlara və idarələrə sanitariyaepidemioloji vəziyyət, radiasiya şəraiti və qəzalar haqqında dəqiq və dolğun məlumat verməlidirlər. Həmin Qanunun 25-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər. Həmin Qanunun 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır. Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Göründüyü kimi, inzibati qərarın qəbul edilməsinə əsas olmuş xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda X3 xx xxxxxxxx 2020ci il tarixdə E.Süleymanov küçəsi 49 ünvanında yerləşən xüsusi karantin rejimi qaydalarını pozduğu göstərilsə də, onun karantin rejimi qaydalarını pozmasının nədən ibarət olması müəyyən edilməmiş, inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən sübutlar əldə edilməmiş, protokolda göstərilməmiş, məhkəməyə də təqdim edilməmişdir. Belə olan halda, X5 tərəfindən karantin rejimi qaydasının pozuntusuna yol verilmədiyi müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Beləliklə, X3 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmış, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərarlarla müəyyən edilmiş xüsusi karantin rejimi qaydalarının X5 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə pozulmasına dair sübut əldə edilməmiş, habelə məhkəmədə şikayətə baxılarkən də təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi, polis polkovnik-leytenantı S.F.Qarayev tərəfindən qəbul edilmiş MN seriyalı, ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi, polis polkovnik-leytenantı S.F.Qarayev tərəfindən qəbul edilmiş MN seriyalı, ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2452/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2452/2020
05.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver