Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2452/2024 23.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X4 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlakçı Hüquqlarının Müdafiəsi Şöbəsi tərəfindən tərtib edilmiş 08 may 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, xx.xx.2024-cü il tarixdə istehsal qüsurlu olan mal ünvan 1 ünvanında yerləşən Şəxs MMC tərəfindən geri qaytarılmamışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X5 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, vətəndaş X2 Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin elektron poçt ünvanına daxil olmuş müraciətinin araşdırılması zamanı Şəxs MMC tərəfindən istehlakçı hüquqlarının pozulması faktı aşkar edilmişdir. Belə ki, vətəndaş Sərbiyə Məmmədova xx.xx.2022-ci il tarixində “World Telecom” mağazalar şəbəkəsinin “Qara Qarayev” filialından dəyəri 4146 (dörd min yüz qırx altı) manat olan “İphone 13 Pro Max 256” modelli mobil telefon almış, servis xidmətinin xx.xx.2023-cü il tarixli 112726 nömrəli aktına əsasən malda istehsalçıya aid qüsur aşkar edildiyindən xx.xx.2023-cü il tarixində sözügedən mobil telefon 480 (dörd yüz səksən) manat əlavə ödəniş olunmaqla və mağaza tərəfindən 1 (bir) illik qızıl zəmanət verilməklə “İphone 14 Pro Max 256” markalı mobil telefonla dəyişdirilmişdir. Lakin həmin mobil telefonda da xx.xx.2023-cü il tarixli 112729 nömrəli akta əsasən istehsalçıya aid qüsur olduğundan xx.xx.2023-cü il tarixində mal eyni markalı və modelli, 12 (on iki) aylıq qızıl zəmanət verilmiş mobil telefonla dəyişdirilmişdir. Sonuncu təhvil verilmiş malda da xx.xx.2024-cü il tarixində 18107 nömrəli akta əsasən istehsalçıya aid qüsur aşkar edildmiş, malın qaytarılması üçün mağazaya müraciətlər edilmiş, lakin nəticəsiz qalmışdır. Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixində Dövlət Xidmətinə daxil olmuş məktubda vətəndaş Sərbiyə Məmmədovanın mobil telefonunun istehsal qüsuru səbəbindən dəyişdirildiyi, sonradan həmin malda da istehsal qüsuru aşkarlandığından sözügedən malın yenisi ilə əvəz olunmasına dair təlimat verildiyi bildirilmişdir. Lakin vətəndaş tərəfindən ödənişinin geri qaytarılması barədə tələb irəli sürüldüyünü, tərəflərindən isə müştəriyə bugünkü bazar qiymətinə uyğun məbləğin təklif olunduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 589-cu maddəsinə əsasən, müqavilədə nəzərdə tutulan qarantiya müddəti iki ildən az olduqda və alıcı əşyanın qüsurlarını qarantiya müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən iki il ərzində aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, zəmanətli təmir aparılarkən malın (işin, xidmətin) zəmanət müddəti onun təmirdə olduğu müddət qədər uzadılır. Göstərilən müddət istehlakçının qüsurları aradan qaldırmaq tələbini irəli sürdüyü gündən hesablanır. Mal dəyişdirildikdə zəmanət müddəti dəyişdirilmə günündən etibarən yenidən hesablanır. Qanunun 7-ci maddəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan həmin malı lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehsalçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Müqavilə ləğv edildikdə, istehlakçı ilə hesablamalar mala qiymətlər artan hallarda eyni dərəcəli malların qiymətlərinin artması nəzərə alınmaqla, qiymətlər aşağı düşdükdə isə malın alındığı vaxt dəyəri əsas götürülməklə aparılır. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 444.2-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak etmiş X1 bildirmişdir ki, ilk dəfə sözügedən mağazadan 2022-ci il tarixdə “İphone 13 Pro Max 256” modelli mobil telefon almış, lakin telefondan istehsal qüsurları olmuş, bu səbəbdən həmin telefonu qaytarmaq qərarına gəlmişdir. Mağazaya müraciət etdikdə eyni modelli telefonun olmadığı ona bildirilmiş, bu səbəbdən telefonu 480 manat əlavə ödəniş etməklə “İphone 14 Pro Max 256” markalı mobil telefonla dəyişdirmişdir. Daha sonra həmin telefonda da qüsur aşkar olunmuş və yenidən eyni modellə telefonla dəyişdirilmişdir. Lakin sonuncu telefonda da qüsur aşkar olunmuş, mağazaya müraciət etdikdə mağaza yenidən telefonu başqa telefonla dəyişdirməyi təklif etmiş, ancaq əvvəlki telefonlarda da qüsur aşkar olunduğundan o, telefonu dəyişdirməklə razılaşmamış, ödədiyi pulun geri qaytarılmasını istəmiş, lakin bu zaman mağaza ona ödədiyi pula deyil, telefonun hazırkı bazar qiymətinə uyğun ödəniş edə biləcəklərini bildirmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 08 may 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə istehsal qüsurlu olan mal ünvan 1 ünvanında yerləşən Şəxs MMC tərəfindən geri qaytarılmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 18107 nömrəli aktdan görünür ki, “İphone 14 Pro Max 256” markalı mobil telefonda istehsalçıya aid ekran problemi – qüsur aşkar olunmuşdur. İş materiallarında olan Şəxs MMC-nin xx.xx.2024-cü il tarixli, AR/1555 nömrəli məktubundan görünür ki, vətəndaş Sərbiyə Məmmədova servisə müraciət etmiş və zəmanətin şərtinə uyğun olaraq istehsalçı qüsuru səbəbilə məhsulu dəyişdirilmişdir. Dəyişdirilən yeni cihazda, bir müddət istifadə edildikdən sonra diaqnostika nəticəsində yenidən istehsalçı qüsuru aşkarlanmışdır. Bu səbəbdən ikinci cihazın da yenisi ilə əvəz olunmasına dair təlimat verilmişdir. Lakin müştəri yeni məhsul yox, ödənişin geri qaytarılmasını tələb etmişdir. Məbləğin bugünki bazar qiymətinə uyğun müştəriyə qaytarılması nəzərdə tutulsa da, müştəri daha yüksək məbləğ tələb etmişdir. Beləlikə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə istehsal qüsurlu olan mal ünvan 1 ünvanında yerləşən Şəxs MMC tərəfindən geri qaytarılmamışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarınına əməl edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsinə əsasən satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə - altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri,inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 444.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 900 (doqquz yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2452/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2452/2024
23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver