Məhkəmə qərarları › İş №3(007)-2452/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2452/2025

20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2452/2025 20.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızı, Şəxs barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində baxaraq, müəyyən etdim: Azərbaycan Respublikası DİN Bakı şəhər Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati material toplanılaraq baxılması üçün Bakı şəhər Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta ilə bağlı toplanmış materiallardan görünür ki, inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, inzibati materiala baxılarkən inzibati xəta haqqında protokolun İXM-nin tələblərinə uyğun tərtib edilmədiyi aşkar edilmişdir. Belə ki, protokolda zərərçəkmiş şəxs barədə məlumatlar – onun adı, atasının adı, soyadı, yaşadığı ünvan, izahatının məzmunu, inzibati xəta hadisəsi nəticəsində dəymiş zərər qeyd olunmamış, həmçinin protokolun zərəçəkmiş şəxsə təqdim olunub-olunmaması barədə qeyd aparılmamışdır. O cümlədən toplanmış materiala məhkəmə-tibbi ekspertizanın rəyi əlavə olunmamışdır. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Bununla da qərardadda göstərilən yol verilmiş pozuntuların aradan qaldırılması üçün inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Bakı şəhəri Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsinə geri qaytarılsın. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar