Məhkəmə qərarları › İş №3(007)-2453/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2453/2020

28.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2453/2020 28.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, X1 inzibati xəta haqqında protokoldan verdiyi şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X3 onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, hesab edirəm ki, şikayət məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun: 6.3.1 və 6.3.2-ci maddələrinə əsasən yazılı müraciətdə müraciətə baxan subyektin adı və ya onun vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi (vəzifəli şəxsin elektron ünvanına göndərilən müraciətlər istisna olmaqla); müraciət edən fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı (yaxud işlədiyi yer), hüquqi şəxsin adı və hüquqi ünvanı göstərilir; 6.5-ci maddəsinə əsasən kağız üzərində yazılı müraciəti fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndəsi imzalamalı və tarix qoymalıdır; 8.1.2-ci maddəsinə əsasən bu Qanunun 6.4-6.9-cu maddələrində göstərilən tələblərə cavab vermədikdə, müraciət baxılmamış saxlanılır. Şikayətdən görünür ki, X3 məhkəməyə müraciət zamanı qeyd edilən tələblərə əməl etməmiş, şikayəti imzalamamışdır. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında qərarından məhkəməyə şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Şikayətə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi ev 2, mənzil 22-də qeydiyyatdadır. Belə olan halda, hazırkı şikayətin müraciət edilən məhkəmə tərəfindən icraata qəbul edilməsinə əsaslar yoxdur, şikayətin icraata qəbul edilməsi İXM-nin 129.1.3-cü maddəsinin tələbinə ziddir. Bundan başqa, X3 inzibati xəta haqqında protokoldan şikayət vermiş, barəsində qəbul edilmiş inzibati xəta haqqında qərarı təqdim etməmiş, həmin qərardan şikayət verməmiş, şikayətini də qərarla müəyyən edilmiş hallara uyğun əsaslandırmamışdır. Hansı ki, inzibati xətalar qanunvericiliyində səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında protokoluna deyil, inzibati xəta haqqında iş üzrə qərarına yenidən baxılması nəzərdə tutulmuş və tənzimlənmişdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Beləliklə, hesab edirəm ki, X1, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan verdiyi şikayət geri qaytarılmalı, barəsindəki həmin protokola onun iştirakı ilə baxılması barədə protokolu tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxs) yuxarı səlahiyyətli orqanına ərizə ilə müraciət etmək, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarı rəsmi qaydada aldıqdan sonra isə, narazı qaldığı halda, qanunvericiliyin tələblərinə əməl etməklə yaşayış yeri üzrə ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ ona izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 118, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1, onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokoldan verdiyi şikayət geri qaytarılsın. Barəsindəki inzibati xəta haqqında protokola onun iştirakı ilə baxılması barədə həmin protokolu tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxs) yuxarı səlahiyyətli orqanına ərizə ilə müraciət etmək, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarı rəsmi qaydada aldıqdan sonra isə, narazı qaldığı halda, qanunvericiliyin tələblərinə əməl etməklə yaşayış yeri üzrə ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ X2 izah edilsin. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar