Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2459/2021 19.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X1 Məhsulları” MMC-nin nümayəndəsi Şamilli Nicat Kamran oğlunun iştirakı ilə, “X1 Məhsulları” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 17 sentyabr 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, “X1 Məhsulları” MMC istifadəsində olan nəqliyyat vasitəsini 10 avqust 2021-ci il tarixdə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı DYPŞ-nin sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X1 Məhsulları” MMC-nin nümayəndəsi protokola dair yazılı etiraz vermiş, etirazı onunla əsaslandırmışdır ki, 17 sentyabr 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda ** PK *** dövlət qeydiyyat nişanlı “Chevrolet Niva minik” markalı avtomobilin 10 avqust 2021ci il tarixdə saat 17:51-də Bəhramtəpə yolu 83-cü km-də sürət həddini aşdığı qeyd olunmuşdur. İş materiallarında olan, protokola əlavə edilmiş fotoşəkildə isə “Kia” markalı minik avtomobilinin sürət həddini aşdığı aşkar görünür. Həmçinin, fotoşəkildə “Kia” markalı avtomobilin dövlət qeydiyyat nişanı əks olunmamışdır. Ümumiyyətlə, ** PK *** dövlət qeydiyyat nişanlı “Chevrolet Niva minik” markalı avtomobili “X1 Məhsulları” MMC-nin mülkiyyətində olsa da, həmin avtomobil istifadəyə yararsız vəziyyətdədir, uzun illərdir istifadə edilmir və sürücüsü də yoxdur. Buna görə də 10 avqust 2021-ci il tarixdə saat 17:51-də Bəhramtəpə yolu 83-cü km-də olması mümkün deyildir və iş materialları ilə də görünür ki, inzibati xəta törədən sürücü “Chevrolet Niva minik” markalı avtomobili deyil, “Kia” markalı minik avtomobilini idarə edir. Həmçinin, inzibati xəta haqqında protokol tərtib edən Nizami RPİ DYPŞ həmin protokolu 17 sentyabr 2021-ci il tarixdə tərtib etsə də, 01 oktyabr 2021-ci il tarixdə məhkəməyə göndərmiş və bununla da qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Nizami RPİ DYPŞ tərəfindən tərtib edilmiş 17 sentyabr 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edilmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X1 Məhsulları” MMC-nin nümayəndəsi Şamilli Nicat Kamran oğlu yazılı etirazda göstərilənlərə uyğun izahat verərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, “X1 Məhsulları” MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. İşdə olan Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-si tərəfindən “X1 Məhsulları” MMC-yə ünvanlanmış bildirişdən görünür ki, MMC-yə məxsus “Chevrolet Niva minik” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə 10 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə törədilmiş inzibati xəta ilə bağlı protokolun icrası ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən avtomobil və onu idarə edən sürücü barəsində müvafiq məlumatların 5 gün müddətində DYPŞ-nə göndərilməsi və qeyd olunan müddətdə çağırışa gəlməkdən səbəbsiz boyun qaçırdıqları təqdirdə müəssisənin barəsində qanuna uyğun müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulan məsuliyyəti yaradır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin mənasına görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Hansı ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X1 Məhsulları” MMC-nin mülkiyyətində olan və 10 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi qeyd edilən “Chevrolet Niva minik” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil istifadəyə yararsız vəziyyətdə duracaqda saxlanılmışdır, ona görə həmin avtomobilin 10 avqust 2021-ci il tarixdə hərəkətdə olmaqla “Bəhramtəpə yolu 83-cü km Mingəçevir ist.” inzibati xəta törətmiş nəqliyyat vasitəsi kimi qeydə alına bilməzdi. Xüsusən nəzərə alınmalıdır ki, qeyd olunan tarixdə və vaxtda sözügedən istiqamətdə inzibati xəta törətmiş nəqliyyat vasitəsi kimi qeydə alınan “Chevrolet Niva minik” markalı deyil, “Kia” markalı minik avtomobili olmuşdur ki, onun da dövlət qeydiyyat nişanı sübut kimi təqdim edilmiş fotoşəkildə görünmür. Məhkəmə hesab edir ki, belə olan halda, “X1 Məhsulları” MMC istismarda olmayan, duracaqda saxlanılan “Chevrolet Niva minik” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə dair əsassız olaraq qeydə alınmış inzibati xətaya görə məsuliyyətə cəlb edilə və barəsində tənbeh tətbiq oluna bilməz. Yuxarıda qeyd edildiyi kimi, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməməklə yanaşı, inzibati xəta haqqında protokolun əsaslılığına dair sübutlarını təqdim etməmiş, eləcə də yol verilmiş anlaşılmazlığa aydınlıq gətirməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, “X1 Məhsulları” MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, həmin MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X1 Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2459/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2459/2021
19.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver