Məhkəmə qərarları › İş №3(007)-2461/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2461/2021

04.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2461/2021 04.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Özbəkistan Respublikasının Buxara şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-511/2021 saylı, 20.05.2021-ci il tarixli icra sənədini icra etməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru F.T.Şahhüseynov tərəfindən 04.10.2021-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli qətnaməsinə əsasən Şəxs 05.12.2009-cu il təvəllüdlü X8 və 12.12.2014-cü il təvəllüdlü X1 üçün 11.09.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin X7 xeyrinə tutulması qət edilmişdir. İcra sənədi 31.05.2021-ci il tarixdə icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Borclu Şəxs tərəfindən bu günə kimi 1370 manat aliment ödənilmişdir. Borclunun 2470 manat ödənilməmiş aliment borcu qalmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, icra sənədini icra etməkdən boyun qaçırmır. Bu günə kimi 1370 manat aliment ödəmişdir. Mədəsində yara var, evdə xəstə yatır, hər gün qan qusur. Avtomobilini satıb müalicə olunmuşdur. O, 2016-cı ildən bəri işləmir, heç bir yerdən gəliri yoxdur. Bu gün dərman almağa, hətta çörək də almağa pulu yoxdur. 3 evi vardır, məhkəmənin qərarı ilə 2 evin yarısı ona, yarısı tələbkara verilmişdir. Tələbkar hazırda təxminən 270000 ABŞ dollarlıq evdə yaşayır, tələbkar özü işləyir, 4000-5000 manat maaş alır. Tələbkarın onun ödədiyi alimentə ehtiyacı yoxdur, məqsədi onu öldürməkdir. Tələbkar onun atasından qalan evdə qeydiyyatdadır, əgər həmin evdən qeydiyyatdan çıxsa o, evi satıb həm aliment borcunu tam ödəyər, həm də ki, müalicə alar. Yığılmış aliment borcunu ödəməyə heç cür maddi imkanı yoxdur. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməməsini xahiş etmişdir. X4 məhkəmə iclasında iştirak etmir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-511/2021 saylı, 20.05.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 05.12.2009-cu il təvəllüdlü X8 və 12.12.2014-cü il təvəllüdlü X1 üçün 11.09.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin X7 xeyrinə tutulması qət edilmişdir. - icraata başlamaq haqqında 31.05.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-511/2021 saylı, 20.05.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - 07.07.2021-ci il tarixli, 13.08.2021-ci il tarixli, 20.09.2021-ci il tarixli qəbzlərin surətindən görünür ki, Şəxs tərəfindən 07.07.2021-ci il tarixdə 500 manat, 13.08.2021-ci il tarixdə 470 manat və 20.09.2021-ci il tarixdə 400 manat aliment X7 hesabına ödənilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-511/2021 saylı, 20.05.2021-ci il tarixli icra sənədi üzrə 2021-ci ilin iyul ayında 500 manat, avqust ayında 470 manat və sentyabr ayında 400 manat aliment ödəmişdir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, Şəxs əməlində qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından qərəzli boyun qaçırma kimi əlamətlər yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-511/2021 saylı, 20.05.2021-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə dair sübutlar təqdim edilmədiyindən və bununla da Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bu mənada hazırkı qərarda gəlinmiş nəticə borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-511/2021 saylı, 20.05.2021-ci il tarixli icra sənədinin icrasından azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: xx.xx.1973-cü il tarixdə Özbəkistan Respublikasının Buxara şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar