Məhkəmə qərarları › İş №3(007)-2464/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2464/2021

10.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2464/2021 10.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, 30 sentyabr 1985-ci il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, X2 barəsində Qax rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Qax RPŞ-nin sahə rəisi polis kapitanı X3 tərəfindən tərtib edilmiş 06.08.2020-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X4 06.08.2020-ci il tarixdə Qax şəhərində karantin rejimi qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qax RPŞ-nin sahə rəisi polis kapitanı X3 tərəfindən qəbul edilmiş 27 oktyabr 2020ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. X1 şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhərində əməliyyat olunan atasını baş həkimin verdiyi arayış əsasında Ələtdə qurulmuş postdan keçirərək, 02.08.2020-ci il tarixdə yaşadığı və qeydiyyatda olduğu Ağdaş rayonuna aparmışdır. 06.08.2020-ci il tarixdə Qax rayonunda olarkən sənədinin olmasına baxmayaraq polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış və barəsində protokol tərtib edilərək qeydiyyatda olduğu Binəqədi RPİnə göndəriləcəyi bildirmişdir. Barəsində qəbul edilmiş 27.10.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar “Asanpay” kabinetinə yerləşdirilərək, 12.01.2021-ci il tarixli bildirişlə ona məlumat verilmişdir. Nizami rayon İcra Şöbəsinin çağırışından sonra inzibati xəta haqqında protokolun surətini əldə etmişdir. Məhkəmə iclasında X4 şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati orqanın nümayəndəsi naməlum səbəbdən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. İnzibati işə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə, şikayət vermiş şəxsi dinləyərək, inzibati xəta haqqında iş üzrə icraat materiallarını verilmiş şikayətlə əlaqəli yoxlayaraq hesab edir ki, X2 barəsində qəbul edilmiş 27 oktyabr 2020-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş hərtərəfli, tam və obyektiv araşdırılması üçün Qax rayon Polis Şöbəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci madəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən, işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən, inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Həmin Məcəllənin 102.5-ci maddəsinə əsasən, inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. İnzibati işə əlavə olunmuş Qax RPŞ-nin sahə rəisi polis kapitanı X3 tərəfindən tərtib edilmiş 06.08.2020-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, “Protokolun surətini 20 il “ “ tarixində aldım :” qrafasında X2 həmin protokolun surətini alması barədə heç bir qeyd və imza yoxdur. Göründüyü kimi, Qax RPŞ-nin sahə rəisi polis kapitanı X3 tərəfindən X2 barəsində 06.08.2020-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və 20.10.2020-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar İnzibati Xətalar Məcəlləsinin müvafiq madələrinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə, X2 barəsində Qax RPŞ-nin sahə rəisi polis kapitanı X3 tərəfindən X4 tərəfindən qəbul edilmiş 20.10.2020-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş araşdırılması üçün Qax RPŞ-nə göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 şikayəti təmin edilsin. Qax RPŞ-nin sahə rəisi polis kapitanı X3 tərəfindən X2 barəsində qəbul edilmiş 20.10.2020-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş araşdırılması üçün Qax RPŞ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar