Məhkəmə qərarları › İş №3(007)-2465/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2465/2021

25.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2465/2021 25.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, 07.08.2003-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Suraxanı rayonu, Baladili 42 ünvanda qeydiyyatda olan, X2, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə barəsində, Bakı Metropolitenində Polis Şöbəsi tərəfindən qəbul edilmiş 25 avqust 2021-ci il tarixli EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı Metropolitenində Polis Şöbəsi İTB tərəfindən tərtib edilmiş 24 avqust 2021-ci il tarixli EPX № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 24 avqust 2021-ci il tarixdə Bakı Metropoliteninin “Koroğlu” stansiyasının girişində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı Metropolitenində Polis Şöbəsinin rəisi X6 tərəfindən (24 avqust 2021-ci il tarixli EPX № ******* saylı inzibati xəta haqqında protokol üzrə) qəbul edilmiş 25 avqust 2021-ci il tarixli EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə ilə tənbeh olunmuşdur. X1 şikayət verərək, asmetik alergiya xəstəliyindən əziyyət çəkdi üçün metroda nəfəsalması çətinləşdiyindən tibbi maskanı çənə nahiyyəsindən aşağı saldığına görə cərimə edilmişdir. Xəstəliyinin nəzərə alınaraq barəsində yazılmış cərimə qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə, inzibati işə baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada əvvəlcədən məlumatlandırılmış və naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş inzibati orqanın nümayəndəsinin və X2 iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti və inzibati xəta haqqında iş üzrə icraat materiallarını əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, X2 barəsində Bakı Metropolitenində Polis Şöbəsinin rəisi X6 tərəfindən qəbul edilmiş 25 avqust 2021-ci il tarixli EPQ № ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə əsaslar olmadığına görə şikayət rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə görə, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, X2 xəstəliyi ilə əlaqədar karantin rejimi dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozması səbəbindən inzibati məsuliyyətdən azad edilməsi haqqında şikayəti əsaslı hesab edilə bilməz. Belə ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazisində əhali arasında yoluxucu və qeyri-yoluxucu kütləvi xəstəliklərin, zəhərlənmələrin yayılmasının qarşısını almağa və ləğv edilməsinə yönəldilmiş xüsusi hərəkət rejimi şərtlərinin qoyulması və ləğv edilməsi Azərbaycan Respublikası ali dövlət hakimiyyəti və idarəetmə orqanlarının səlahiyyətinə aid edilmişdir. Həmin Qanununun 2-ci maddəsinə əsasən bütün vətəndaşlar sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə hökmən əməl etməlidirlər. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, X2 barəsində qəbul edilmiş 25 avqust 2021-ci il tarixli EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan öz qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X2 şikayəti təmin edilməsin. Bakı Metropolitenində Polis Şöbəsi tərəfindən X2 barəsində qəbul edilmiş 25 avqust 2021-ci il tarixli EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar