Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2467/2021 24.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə1 (X1), MMC-nin vəkili-Bakı şəhəri 30 saylı vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş 29 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Bakı şəhəri, Nizami rayonu, “Atletlər” şəhərciyi, “X3” 10-cu mərtəbə, 1005-ci mənzildə yerləşən Şəxs MMC-yə məxsus kosmetoloji mərkəzdə 29 sentyabr 2021-ci il tarixdə saat 11:20-də keçirilən yoxlama zamanı lisenziyasız tibb fəaliyyəti (kosmetoloji) aşkarlanmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə2 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, yoxlama zamanı Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə1 izahat yazmışdır ki, kosmetoloji tibb fəaliyyəti üçün lisenziya tələb olunduğunu bilməmişdir. İnzibati xəta haqqında protokola dair işə daha əvvəl xitam verilsə də, tərəflərindən verilmiş apelyasiya şikayətinə əsasən həmin qərar ləğv olunmuşdur, Şəxs MMC-nin İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübut olunur, inzibati xətanın törədildiyini təsdiq edən fotoşəkillər və videoçəkiliş tərəflərindən təqdim olunmuşdur. Həmin videolar çəkilmə tarixinə ehtiyac yoxdur, belə ki, MMC-nin qanuni təmsilçisi Nümayəndə1 özü sosial şəbəkə, instaqram hesabında bu paylaşımları etmişdir. Şəxs MMC-nin törətdiyi inzibati xətanın sübuta yetirildiyini nəzərə alaraq, MMC-nin barəsində maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə1 (X1) izahatında göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Atletlər şəhərciyinin X3, 10-cu mərtəbə, 1005-ci mənzilində yerləşən Şəxs MMC-yə məxsus ofisdə ancaq məsləhətlər verilmiş, kosmetoloji xidmətlər göstərilməmiş və bu xidmətin göstərilməsi üçün zəruri olan heç bir tibbi avadanlıq olmamışdır. Belə bir xidmətin göstərilməsini təsdiq edən hər hansı tibbi avadanlıq yoxlama aparan şəxslər tərəfindən aşkar edilməmiş və bu növ tibbi fəaliyyətin göstərildiyini təsdiq edən hər hansı maddi sübut götürülməmişdir. Yoxlama aparan şəxslər ona demişlər ki, o, kosmetoloji iş üçün lisenziya tələb edildiyini bilmədiyini, lisenziyanın ancaq böyük klinikalara aid olduğunun ona deyildiyini yazsın, yoxsa ona problem olacaqdır. Ona görə yoxlama aktında həmin sözləri yazmışdır. MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin vəkili Vəkil göstərmişdir ki, ilk növbədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən tərtib edilmiş 29 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol yerində tərtib olunmamış, onun surəti Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə1 verilməmişdir. Protokol yerində tərtib olunmuşdusa, hansı səbəbdən protokolun göndərilməsi barədə məktub işə əlavə edilmişdir. Buradan da görünür ki, protokol yerində tərtib edilməmişdir. Bundan başqa xətanın aşkar edildiyi qeyd edilən ünvan MMC-nin hüquqi ünvanı deyil, orada yalnız bir otaq icarəyə götürülmüşdür. MMC-nin lisenziyası olmuşdur, hazırda sübut qismində təqdim edilən fotoşəkil və görüntülərin hansı dövrə aid olduğu müəyyən deyildir, həmin görüntülər özəl klinikalara aiddir. Ümumiyyətlə, Nümayəndə1 24 sentyabr-29 sentyabr 2021-ci il tarixlərində orada olmayıb, bunu sübut etsinlər. Yoxlama zamanı özəl tibbi (kosmetoloji) fəaliyyətin və ya xidmətin göstərildiyini təsdiq edən hər hansı tibbi avadanlıq və ya ləvazimat aşkar edilməmiş, fotoşəkilləri çəkilməmişdir. İş materiallarında qeyd olunmuşdur ki, inzibati xəta guya yerində aşkar olunmuşdur, hansı ki, yoxlayıcı şəxslər gəlməzdən əvvəl Nümayəndə1 zəng edərək gələcəklərini əvvəlcədən xəbər vermişlər. Əslində protokol MMC-nin barəsində deyil, fiziki şəxs kimi tərtib olunmalı idi. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Kommersiya qurumlarının dövlət reyestri məlumatından görünür ki, ********** VÖEN nömrəli Şəxs MMC-nin hüquqi ünvanı ünvan 1 təmsilçisi Nümayəndə1dır; -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin baş direktorunun 24 sentyabr 2021-ci il tarixli 442 nömrəli qərarından görünür ki, 28 sentyabr 2021-ci il - 30 sentyabr 2021-ci il tarixlərdə Bakı şəhəri, Nizami rayonu, Bakının Atletlər şəhərciyi, “X3” 10-cu mərtəbə, 1005-ci mənzil ünvanında yerləşən Şəxs MMC-nin fəaliyyətinin plandankənar (növbədənkənar) yoxlanılması qərara alınmışdır. Nümayəndə1 tərəfindən 29 sentyabr 2021-ci il tarixdə imza edilərək həmin qərarın surəti qəbul edilmişdir; -Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, Şəxs MMC-nin fəaliyyətinin plandankənar (növbədənkənar) yoxlanılmasının aparılması 24 sentyabr 2021-ci il tarixdə elektron qaydada qeydə alınmışdır; -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə1 iştirakı ilə tərtib etdikləri 29 sentyabr 2021-ci il tarixli 412 nömrəli “Plandankənar (növbədənkənar) yoxlama aktı”ndan görünür ki, 24 sentyabr 2021-ci il tarixli 442 nömrəli qərar əsasında 29 sentyabr 2021-ci il tarixdə saat 11:20-də Bakı şəhəri, Nizami rayonu, “Atletlər” şəhərciyi, “X3” 10-cu mərtəbə, 1005-ci mənzildə yerləşən Şəxs MMC-yə məxsus kosmetoloji mərkəzdə plandankənar (növbədənkənar) yoxlama keçirilərkən həmin kosmetoloji mərkəzdə lisenziyasız özəl tibb fəaliyyəti (kosmetoloji) aşkarlanmışdır. MMC-nin qanuni təmsilçisi yazılı izahatında göstərmişdir ki, “Mən kosmetoloji işin lisenziya tələb edildiyini bilməmişəm, dedilər ancaq böyük klinikalara aiddir”; -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 28 sentyabr 2021-ci il tarixli 08/15050 nömrəli bildirişindən görünür ki, 29 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun surəti Şəxs MMC-nin iş materiallarında qeyd olunan ünvanına göndərilmişdir; -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli 3(007)- 2467/2021 nömrəli qərarından görünür ki, 29 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair işə baxılaraq Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir; -Bakı Apelyasiya Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 3(103)-3002/2021 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli 3(007)-2467/2021 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir; -İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın məhkəməyə təqdim etdiyi “dr.elnara.rzaeva” instagram hesabından çıxarışa və həmin hesabda paylaşılmış, CD diskə köçürülməklə məhkəməyə təqdim edilmiş görüntülərə məhkəmə iclasında baxış keçirilmiş, həmin paylaşımlarda Şəxs MMC-də lisenziyasız tibb fəaliyyətinin (kosmetoloji) göstərildiyi öz təsdiqini tapmışdır. Apelyasiya instansiyası məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qərarla müəyyən edilmiş mövqeyə görə, ... birinci instansiya məhkəməsi 10 noyabr 2021-ci il tarixli qərarında Şəxs MMC-nin Bakı şəhəri, Nizami rayonu, Bakının Atletlər şəhərciyinin X3, 10cu mərtəbə, 1005-ci mənzilində yerləşən ofisində özəl tibbi (kosmetoloji) fəaliyyətin və ya xidmətin göstərildiyini təsdiq edən hər hansı tibbi avadanlıq və ya ləvazimat aşkar edilməsi məsələsini tam araşdırmamışdır. Belə ki, 29.09.2021-ci il tarixdə saat 11:20-də Bakı şəhəri, Nizami rayonu, Bakının Atletlər şəhərciyinin X3, 10-cu mərtəbə, 1005-ci mənzilində yerləşən Şəxs MMC-nin ofisində aparılan yoxlama ilə bağlı tərtib olunmuş 29.09.2021-ci il tarixli 412 №-li aktdan görünür ki, aktın nəticə hissəsində Elnara Rzayeva tərəfindən “Mən kosmetoloji işin lisenziya tələb etdiyini bilməmişəm, dedilər ancaq böyük klinikalara aiddir” sözləri yazaraq imza etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin 3-cü bəndinə əsasən Qanunu bilməmək məsuliyyətdən azad etmir. Bundan əlavə apellyasiya baxışı zamanı “Dr.Elnara.rzaeva” instagram internet saytına baxış keçirilərkən Elnara Rzayevanın kosmetoloji fəaliyyətlə məşqul olduğu və hətta xəstələrə tibbi çarpayıda iynə vurmasına dair video görüntülərin və şəkillərin olması müəyyən olunmuşdur... “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs Şəxs MMC tərəfindən törədilmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunmuşdur ki, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsinin mənasına görə, lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Hansı ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən 29 sentyabr 2021-ci il tarixdə Şəxs MMC-də həyata keçirilmiş plandankənar (növbədənkənar) yoxlama zamanı lisenziyasız tibb fəaliyyətinin (kosmetoloji) aşkarlanması tədqiq olunmuş iş materialları, hüquqi şəxsin qanuni təmsilçisinin yoxlama zamanı verdiyi izahatı ilə tam təsdiq olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən 29 sentyabr 2021-ci il tarixli 412 nömrəli “Plandankənar (növbədənkənar) yoxlama aktı”nın tərtib edilməsində iştirak edən Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə1 yazılı izahatında “Mən kosmetoloji işin lisenziya tələb edildiyini bilməmişəm, dedilər ancaq böyük klinikalara aiddir” ifadəsini şəxsən yazsa da, hazırkı məhkəmə iclasında o, belə izahat yazmasını, protokol tərtib edən şəxslərin belə yazmayacağı halda ona problem yaranacağını bildirmələri ilə əsaslandırmışdır. Hansı ki, məhkəmə tədqiqi, o cümlədən şəxsiyyətinin müəyyən edilməsi ilə müəyyən olunur ki, MMC-nin qanuni təmsilçisi olan Nümayəndə1 kifayət qədər dünyagörüşlü, aktiv iş adamıdır, onun kənar şəxslərin təsiri, sözü əsasında həmin qaydada izahat verməsi heç də ağlabatan və inandırıcı deyildir. Xüsusən nəzərə alınmalıdır ki, aşkar olunmuş mötəbər sübutlar aşkar olunduqdan sonra yoxlama aktının və inzibati xəta haqqında protokolun tərtib edildiyi halda MMC-nin qanuni təmsilçisinə əməlini etiraf etməsi üçün təsir göstərilməsinə zərurət də olmamışdır. Bundan başqa MMC-nin vəkili inzibati xətanın aşkar olunması zamanı MMC-nin qanuni təmsilçisi Nümayəndə1 həmin yerdə olmaması barədə göstərdiklərinin də əsası yoxdur, belə ki, Nümayəndə1 yoxlama aktında özünün izahatını qeyd etməklə yanaşı, məhkəmə iclasında verdiyi izahatında həmin faktı etiraf etmişdir. Ona görə məhkəmə hesab edir ki, hüquqi şəxsin qanuni təmsilçisinin və vəkilinin məhkəmə iclasında irəli sürdükləri dəlillər işin faktiki halları ilə təkzib olunur, işin icraatına xitam verilməsi üçün qanunda nəzərdə tutulan hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXMnin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə-fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2467/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2467/2021
24.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver