Məhkəmə qərarları › İş №3(007)-2472/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2472/2022

25.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2472/2022 25.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, materialın məhkəmənin icraatına qəbulunun mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs 09 aprel 2019-cu il tarixdə vəfat etmişdir, bu məlumat “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə qeydə alınmışdır. Lakin inzibati icraatın aparılması ilə bağlı inzibati xətalar qanunvericiliyinin, o cümlədən İXM-nin 61, 78, 99 və 100-cü maddələrinin tələbləri pozulmuş, Şəxs 09 aprel 2019-cu il tarixdə vəfat etdiyi halda, 10 aprel 2022-ci il tarixdə onun Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə (yolda müəyyən edilmiş hərəkət sürətini 14 km/saat həddində aşmağa görə) nəzərdə tutulan inzibati xətanı törətməsi qeydə alınaraq, həmin tarixli qərarla tənbeh edilmiş, barəsində 10 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir, hazırda dəbbə pulu ilə birlikdə borc 16 manat təşkil edir. Qeyd edirəm ki, Azərbaycan Respublikası İXM-nin 53.1.8-ci maddəsinin tələbinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Lakin burada nəzərə alınmalıdır ki, işin faktiki halları mübahisəlidir, belə ki, yuxarıda qeyd edildiyi kimi, inzibati qaydada tənbeh edilmiş Şəxs 09 aprel 2019-cu il tarixdə vəfat etdiyi halda, 10 aprel 2022-ci il tarixdə onun inzibati xəta törətməsi qeydə alınaraq tənbeh edilmişdir. Ona görə bu məsələlər araşdırılıb həllini tapmadan şəxsin ölümünə görə onun barəsindəki işin icraatına xitam verilməsi məsələsinə əsasların olub-olmadığının yoxlanılması mümkün deyil. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati araşdırma və protokolun tərtib olunması zamanı inzibati xətalar qanunvericiliyinin müvafiq tələbləri pozulduğu üçün Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola dair material geri qaytarılmalı, qərardadda qeyd edilən məsələlər araşdırılaraq, müvafiq qaydada həllini tapmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş 08 sentyabr 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar