Məhkəmə qərarları › İş №3(007)-2473/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2473/2022

10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2473/2022 10.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1981-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi ev 694A-da qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 14 oktyabr 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 24 avqust 2022-ci il tarixdə saat 21 radələrində idarə etdiyi “Chevrolet Aveo minik” markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində “şəhər” istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olarkən, Daxili Qoşunların “N” saylı hərbi hissəsinin qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin İİ hissəsinin tələbini pozaraq, svetoforun qadağanedici qırmızı işığında hərəkətini davam etdirmiş, bu zaman avtomobilin sol yan güzgüsü ilə yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə ona sol ayaqüstü nahiyə və aşıq-baldır oynağı proyeksiyasının ön-sol yan səthini əhatə edən iri ölçülü şişkinlik halında əzilməsi; sol kürək nahiyəsi, sol saidin yuxarı 1/3-nin arxa səthi, sağ dirsəyin arxa səthi, sol ayaqüstü nahiyənin (aşıq-baldır oynağı proyeksiyasının ön səthi) sıyrıqları; döş qəfəsinin sol yarısının arxa səthi (qabırğaaltı nahiyə), qarnın sol yan səthi, sol budun yuxarı 1/3-nin bayır səthi (bud-çanaq oynağı proyeksiyası), sol ayaqüstü nahiyə (ll-lll-İV daraq falanqa oynaqları proyeksiyası), sol ayağın İİ və İİİ barmaqların ön və yan səthləri, sol daban nahiyəsinin hər iki yan səthi və arxa səthinin qançırlarından ibarət, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və Zərərçəkmiş şəxs gəlməmişlər, məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 24 avqust 2022-ci il tarixdə saat təxminən 21 radələrində özünə məxsus “Chevrolet Aveo” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu, Babək prospekti ilə şəhər istiqamətində 40-50 km/saat sürətlə hərəkət etmişdir. Babək prospektində yerləşən Daxili Qoşunların “N” saylı hərbi hissəsinin qarşısında bir nəfər piyada yolu sağdan sola qaçaraq keçən zaman avtomobilinin sol yan güzgüsünə dəymiş və piyada yerə yıxılmışdır. O, dərhal saxlayaraq avtomobildən düşüb həmin piyadaya yaxınlaşmış, ona köməklik edərək yolun kənarına aparmış və təcili tibbi yardıma zəng vuraraq məlumat vermişdir. Təcili yardım əməkdaşları gələrək piyadaya ilkin tibbi yardım göstərmiş və onu 3 saylı şəhər klinik xəstəxanasına aparmışlar. Xəstəxanada həkimlər həmin piyadaya, sonradan tanıdığı Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərmişlər və ciddi xəsarəti olmadığı üçün onu evə buraxmışlar. Barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Təhqiqat zamanı dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 24 avqust 2022-ci il tarixdə saat təxminən 21 radələrində o, Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən Daxili Qoşunlara məxsus “N” saylı hərbi hissəsinin qarşısından yolu sağdan sola keçmək istəmişdir. Yolun kənarında gözləmiş, işıqforun qırmızı işığı yandıqdan və hərəkətdə olan nəqliyyat vasitələri dayandıqdan sonra o, yolu sağdan sola sakit yerişlə keçməyə başlayan zaman Babək prospekti ilə şəhər istiqamətində yolun soldan birinci zolağı ilə hərəkətdə olan “Chevrolet Aveo” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığına məhəl qoymayaraq hərəkətini davam etdirmiş, qabaq sol güzgü və bufer hissəsi ilə onu vurmuşdur. Həmin vaxt o, yerə yıxılaraq başından xəsarət almışdır. Bundan sonra orada olan şəxslər ona köməklik edərək yolun ortasında olan ayrıcı beton zolağının üstünə aparmışlar, zəng vurduqdan sonra təcili tibbi yardım stansiyasının əməkdaşları gələrək ona ilkin yardım göstərmiş və Sabunçu tibb mərkəzinə aparmışlar. Həmin xəstəxanada həkimlər onu müayinə etmiş, başında və ayağında xəsarət olduğunu ona bildirmişlər. Həmin sürücüdən şikayətçidir, onun məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. İşdə olan canlı şəxsin ekspertizasına dair 31 avqust 2022-ci il tarixli 790 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs sol ayaqüstü nahiyə və aşıq-baldır oynağı proyeksiyasının ön-sol yan səthini əhatə edən iri ölçülü şişkinlik halında əzilməsi; sol kürək nahiyəsi, sol saidin yuxarı 1/3-nin arxa səthi, sağ dirsəyin arxa səthi, sol ayaqüstü nahiyənin (aşıq-baldır oynağı proyeksiyasının ön səthi) sıyrıqları; döş qəfəsinin sol yarısının arxa səthi (qabırğaaltı nahiyə), qarnın sol yan səthi, sol budun yuxarı 1/3-nin bayır səthi (bud-çanaq oynağı proyeksiyası), sol ayaqüstü nahiyə (ll-lll-İV daraq falanqa oynaqları proyeksiyası), sol ayağın İİ və İİİ barmaqların ön və yan səthləri, sol daban nahiyəsinin hər iki yan səthi və arxa səthinin qançırları olmuşdur. Qeyd olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 24 avqust 2022-ci il tarixdə piyada qismində baş vermiş yol nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində yaranması mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 02 sentyabr 2022-ci il tarixli 8/2286 nömrəli rəyindən görünür ki, n görünür ki, Cevrolet Aveo markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan 08 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, toplanmış HK/1-522 saylı material üzrə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CM-nın 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün material Nizami RPİ-nin DYPŞnin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin İİ hissəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında - kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə - hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə müəyyən olunmuşdur ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisə vardır, ona görə məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüquqları izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 85 manat pul vəsaiti dövlət hesabına dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar