Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2475/2022 10.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxs X4 iştirakları ilə, xx xxxxxx 1965-ci il tarixdə Naxçıvan MR, Şahbuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Naxçıvan şəhəri, Badamlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Məlik Aslanov küçəsi ev 257-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 14 oktyabr 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 16 iyul 2022-ci il tarixdə saat 19:43 radələrində Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində “Hyundai Accent” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobili geriyə doğru hərəkət etdirərkən, avtomobilin arxa hissəsində yolu keçməyə çalışan piyada X5 avtomobilin arxa hissəsi ilə vurmuş, nəticədə piyada dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi gəlməmişdir, məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 16 iyul 2022-ci il tarixdə saat təxminən 19:43 radələrində etibarnamə ilə idarə etdiyi “Hyundai Accent” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə oğlu Elvinlə birlikdə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində asta sürətlə arxa-arxaya hərəkətdə olan zaman anidən arxadan səs gəlmişdir. Tez saxlayaraq düşüb avtomobilin arxa tərəfinə yaxınlaşmış, bu zaman bir nəfər qadının sol əlini tutduğunu görmüş, qadını öz avtomobilinə əyləşdirərək “Modern Hospitala” aparmış, klinikada həmin qadına, sonradan tanıdığı X8 tibbi yardım göstərilmiş, müalicə olunmuşdur. X1 pul tələb etmiş, lakin maddi imkanı olmadığına görə ona pul verə bilməmişdir. Özü polis əməkdaşı kimi birinci Qarabağ müharibəsinin iştirakçısıdır, 2005-ci ildə dövlət çevrilişinin qarşısının alınmasında iştirak etmişdir, oğlu isə Vətən müharibəsinin iştirakçısıdır. Əməlindən isə səmimi peşmandır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahatında göstərmişdir ki, 16 iyul 2022-ci il tarixdə saat təxminən 19:00-20:00 radələrində şəxsi işləri ilə əlaqədar Bakı şəhəri Nizami rayonununda yerləşən “Laçın” ticarət mərkəzinin yanına gəlmişdir. İşlərini yekunlaşdırdıqdan sonra evə getmək üçün C.Naxçıvanski küçəsində yolu keçən zaman qırmızı rəngli “Hyundai Accent” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil arxaarxaya hərəkətdə olduğu vəziyyətdə arxa orta hissəsi ilə onun bədən nahiyəsinin sol hissəsindən vurmuşdur. O, yerə yıxılmış, hadisəni törədən avtomobilin sürücüsü yaxınlaşaraq onu avtomobilinə əyləşdirərək “Modern Hospital”a aparmışdır. Sonradan tanıdığı sürücü Şəxs ona bütün xərclərini qarşılayacağı sözünü vermiş, lakin verdiyi vədə əməl etmədiyi üçün məcbur qalaraq 22 iyul 2022-ci il tarixdə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Qolundan xəsarət aldığına görə işləyə bilməmiş, ona görə fərdi qaydada işlədiyi yerlərdən üç həftə ərzində ona iş verilməmişdir. Dəymiş ziyan hazırda da ödənilmədiyinə görə Şəxs şikayətçidir. İşdə olan canlı şəxsin ekspertizasına dair 22 iyul 2022-ci il tarixli 633 nömrəli rəydən görünür ki, X7 hərəkət məhdudluğu ilə müşayiət olunan sol dirsək sümüyünün biz çıxıntısının xətti sınığı və sol mil-bilək oynağının şişkinlik halında əzilməsi olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 07 sentyabr 2022-ci il tarixli 8/2228 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Hyundai Accent” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan 01 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, HK1-451 nömrəli araşdırma materialı üzrə, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ-nin DPYŞ-nin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, oğlunun və özünün müharibə veteranı olmalarını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, əməlində məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halın isə olmamasını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə müəyyən olunmuşdur ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisə vardır, ona görə məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 85 manat pul vəsaiti dövlət hesabına dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2475/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2475/2022
10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver