Məhkəmə qərarları › İş №3(007)-2477/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2477/2024

15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2477/2024 15.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, inzibati xəta haqqında icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi, prokurorun böyük köməkçisi X1, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X11, X10 Həsənbalayevnanın iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami rayon prokurorluğunun 15 may 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, baxılması üçün məhkəməyə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, fiziki şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində ünvan 2 ünvanında X8 ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı qəsdən əli bir dəfə David Çebotaryovun boynundan tutub fiziki ağrı yetirməklə sonuncuya ümumilikdə sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən bədən xəsatərləri yetirmiş bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş döymə inzibati xətasını törətmişdir. Qeyd olunanlar David Çebotaryovun və barəsində inzibati icraat başlanılan şəxs Şəxs izahatları, məhkəmə-tibbi ekspertizasının rəyi və xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla sübut olunur. Araşdırma zamanı X9 izahatında bildirmişdir ki, 09 fevral 2024-cü il tarixdə saat 16 radələrində ona məxsus olan ünvan 3 ünvanına getmiş və mənzilin qarşısına çatdıqda Qalina və Natalyanın arvadı Cəmilə ilə münaqişə etdiklərini görmüşdür. Onları ayırmaq üçün müdaxilə etmək istədikdə orada olan Boris və Artemiy onu tutub saxlamışlar. Onları haqlayıb Cəmiləyə kömək etmək məqsədi ilə onlara tərəf getdiyində Ruslan onu tutmuş və onun boğazından yapışmışdır, o da özünü müdafiə etmək üçün Ruslanın yaxasından tutmuşdur. Onun bu əməli nəticəsində xəsarət almışdır. 09 fevral 2024-cü il tarixdə aralarında olan mübahisə zamanı Şəxs boğazından əli ilə tutmuşdur. O, bu xəsarəti Ruslanın onun boğazından tutuması nəticəsində almışdır. Araşdırma zamanı barəsində inzibati icraat başlanılan şəxs Şəxs izahatında bildirmişdir ki, 09 fevral 2024-cü il tarixdə 16 radələrində Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 ünvanına oraya getdikdə arvadı Natalyanı Davidin əlindən almaq üçün Davidin yaxasından tutub Natalyanı buraxmasını söyləmiş, David Natalyanı buraxdıqdan sonra əli ilə boğazından tutub sıxmış bundan sonra onu itələmiş və birlikdə yerə yıxılmışlar. Mübahisə zamanı David onun boğazından tutaraq xəsarət yetirmişdir. Mübahisə zamanı Natalya evə daxil olduqda David onun arxasıca onun saçından tutub yerə yıxmış və ayağı ilə Natalyanın dizindən vurmuşdur. O, bildirmişdir ki, hadisə zamanı Davidin onun boğazından tutuması nəticəsində xəsarət almışdır. Məhkəmə-tibb ekspertizasının 10 fevral 2024-cü il tarixli 119 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X3 boyunun ön səthində bir qədər solda sıyrıq olmuşdur və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Aparılmış araşdırma nəticəsində 09 fevral 2024-cü il tarixdə saat 16 radələrində ünvan 3-da aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı X4 X2, X5 isə X7 sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməsi faktı üzrə toplanmış materialda tərəflərin birbiri ilə barışması və dəymiş ziyanın dənilməsi nəzərə alınmaqla xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Azərbaycan Respublikası İXM-nin 99.1.2-ci maddəsinə əsasən Nizami RPİ-nin İŞ-dən daxil olmuş material olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Göstərilənlərə əsasən, fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması, qərarın və toplanmış materialın şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi, prokuror böyük köməkçisi X6 qərarın dəlillərini müdafiə edərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, Azərbaycan dilini bilmir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlər bildiyi dildə ona tərcümə edilərək, təqdim edilməyib. Məhkəmə iclasında müdafiəçi X14 izahatında göstəmişdir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlərlə tanış olmayıb və bu sənədlərin tərcümə olunmuş surətləri ona verilməyib. Hesab edir ki, icraatın aparıldığı bili bilməyən həmin şəxsin özünün barəsində inzibati xəta haqqında iş üzrə başlanılmış icraatın materialları ilə tanış olması və surətlərini əldə etməsi təmin edilməlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahatında göstərmişdir ki, Şəxs ilə aralarında barışıq olmayıb. O, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlərlə tanış olmayıb, surətlərini almayıb. Məhkəmə, daxil olmuş materialı nəzərdən keçirib, hesab edir ki, inzibati xəta haqqında qərar və ona əlavə olunmuş sənədlər qərarı tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 49.2-ci maddəsinə əsasən işdə iştirak edən, inzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər hansı başqa dildə məlumat, izahatlar, şikayət və ya vəsatət vermək hüququ ilə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ ilə təmin olunurlar. 61.1.1-61.1.7-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək hüququ vardır. 62.1.1-62.1.7-ci maddələrinə əsasən zərər çəkmiş şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26 və 96-cı maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət prosesinin həyata keçirilməsində dil xüsusi vasitələrdən biridir. Cinayət mühakimə icraatının aparıldığı dili bilmək şübhəli və ya təqsirləndirilən şəxs üçün öz mövqeyini və hüquqlarını müdafiə etmək imkanı yaradır. İcraatın aparıldığı rəsmi dili kifayət qədər yaxşı bilməmək isə müdafiə tərəfi üçün müəyyən qədər çətin şərait yaradır. Bu baxımdan CPM-in 26-cı maddəsində göstərilən cinayət mühakimə icraatının aparıldığı dil prinsipi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi (CPM-in 11-ci maddəsi), hüquqi yardım almaq, müdafiə hüququnun təmin edilməsi (CPM-in 19-cu maddəsi) və s. prinsiplərinə uyğun həyata keçirilməlidir. İnsan hüquqları sahəsində beynəlxalq hüquqi aktlar cinayət prosesində şübhəli və ya təqsirləndirilən şəxsin icraat dilini bilməsini onun öz müdafiəsini faydalı həyata keçirmək üçün əhəmiyyətli və vacib vasitələrdən biri kimi göstərir. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinin 3-cü bəndinin “a” və “f” yarımbəndlərində qeyd edilir ki, hər bir kəs ona irəli sürülmüş ittihama baxılmasında tam bərabərlik əsasında ən azı aşağıdakı təminatlara malikdir: elan olunmuş ittihamın xarakteri və əsası barədə öz bildiyi dildə təcili və ətraflı məlumatlandırılmaq; məhkəmədə istifadə olunan dili başa düşmədikdə və yaxud həmin dildə danışa bilmədikdə tərcüməçinin köməyindən pulsuz istifadə etmək. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 5-ci maddəsinin 2-ci bəndinə əsasən tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilməlidir. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinin “a” yarımbəndində göstərilir ki, cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmalıdır. Beynəlxalq normaların dillə bağlı cinayət-prosessual tələbləri cinayətdə ittiham olunan hər bir şəxsin müdafiə vasitələrindən tam və faydalı şəkildə istifadə etməsi üçün nəzərdə tutulmuşdur. Baxılan icraat materialları ilə müəyyən edilmişdir ki, rusdilli olmalarına və inzibati xətalar haqqında iş üzrə icraatın aparıldığı dili bilməmələrinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, həmçinin zərərçəkmiş şəxsin inzibati xətalar qanunvericiliyi ilə nəzərdə tutulan hüquqları pozulmuş, onların öz bildikləri dildə iş üzrə materiallarla tanış olmaq, həmin sənədlərin öz bildikləri dilə tərcümə olunmuş surətlərini əldə etmək hüquqları təmin edilməmişdir. Hansı ki, bununla işdə iştirak edən şəxlərin inzibati xəta haqqında iş üzrə icraat materialları, o cümlədən inzibati xəta haqqında protokol statusunda olan inzibati icraata başlama qərarı ilə tanış olmaq, ona dair etiraz və mülahizələrini məhkəməyədək və ya məhkəmə baxışı zamanı təqdim etmək, məlumat, izahat, şikayət və ya vəsatət vermək hüquqları məhdudlaşdırılmış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs müdafiə vasitələrindən tam və faydalı şəkildə istifadə edə bilməmişdir. Qeyd olunan halların isə məhkəmədə tam olaraq aradan qaldırılması mümkün deyildir, məhkəmə belə xarakterli işlərə təxirəsalınmadan baxmalıdır, aşkar olunan nöqsanlar isə məhkəməyədək aradan qaldırılmalı, yalnız bundan sonra məhkəmədə işə mahiyyəti üzrə baxılmaldır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı mərhələdə material müvafiq orqana geri qaytarılmalı, nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülməlidir. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 5 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 15 may 2024-cü il tarixli qərar Bakı şəhəri Nizami rayon prokurorluğuna geri qaytarılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X12 "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar