Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2478/2024 15.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında işi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Bakı şəhəri Nizami rayon prokurorluğunun 15 may 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, baxılması üçün məhkəməyə göndərilmişdir. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında qərar və ona əlavə olunmuş sənədlər qərarı tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilibedilmədiyini həll etməlidir. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar tərtib olunmasına baxmayaraq, onun məhkəməyə şəxsən təqdim olunması təmin edilmədiyi üçün işə dərhal baxılması mümkün olmadığından material geri qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 49.2-ci maddəsinə əsasən işdə iştirak edən, inzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər hansı başqa dildə məlumat, izahatlar, şikayət və ya vəsatət vermək hüququ ilə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ ilə təmin olunurlar. 61.1.1-61.1.7-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək hüququ vardır. 62.1.1-62.1.7-ci maddələrinə əsasən zərər çəkmiş şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26 və 96-cı maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət prosesinin həyata keçirilməsində dil xüsusi vasitələrdən biridir. Cinayət mühakimə icraatının aparıldığı dili bilmək şübhəli və ya təqsirləndirilən şəxs üçün öz mövqeyini və hüquqlarını müdafiə etmək imkanı yaradır. İcraatın aparıldığı rəsmi dili kifayət qədər yaxşı bilməmək isə müdafiə tərəfi üçün müəyyən qədər çətin şərait yaradır. Bu baxımdan CPM-in 26-cı maddəsində göstərilən cinayət mühakimə icraatının aparıldığı dil prinsipi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi (CPM-in 11-ci maddəsi), hüquqi yardım almaq, müdafiə hüququnun təmin edilməsi (CPM-in 19-cu maddəsi) və s. prinsiplərinə uyğun həyata keçirilməlidir. İnsan hüquqları sahəsində beynəlxalq hüquqi aktlar cinayət prosesində şübhəli və ya təqsirləndirilən şəxsin icraat dilini bilməsini onun öz müdafiəsini faydalı həyata keçirmək üçün əhəmiyyətli və vacib vasitələrdən biri kimi göstərir. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinin 3-cü bəndinin “a” və “f” yarımbəndlərində qeyd edilir ki, hər bir kəs ona irəli sürülmüş ittihama baxılmasında tam bərabərlik əsasında ən azı aşağıdakı təminatlara malikdir: elan olunmuş ittihamın xarakteri və əsası barədə öz bildiyi dildə təcili və ətraflı məlumatlandırılmaq; məhkəmədə istifadə olunan dili başa düşmədikdə və yaxud həmin dildə danışa bilmədikdə tərcüməçinin köməyindən pulsuz istifadə etmək. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 5-ci maddəsinin 2-ci bəndinə əsasən tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilməlidir. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinin “a” yarımbəndində göstərilir ki, cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmalıdır. Beynəlxalq normaların dillə bağlı cinayət-prosessual tələbləri cinayətdə ittiham olunan hər bir şəxsin müdafiə vasitələrindən tam və faydalı şəkildə istifadə etməsi üçün nəzərdə tutulmuşdur. Baxılan icraat materialları ilə müəyyən edilmişdir ki, rusdilli olmalarına və inzibati xətalar haqqında iş üzrə icraatın aparıldığı dili bilməmələrinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, həmçinin zərərçəkmiş şəxsin inzibati xətalar qanunvericiliyi ilə nəzərdə tutulan hüquqları pozulmuş, onların öz bildikləri dildə iş üzrə materiallarla tanış olmaq, həmin sənədlərin öz bildikləri dilə tərcümə olunmuş surətlərini əldə etmək hüquqları təmin edilməmişdir. Hansı ki, bununla işdə iştirak edən şəxlərin inzibati xəta haqqında iş üzrə icraat materialları, o cümlədən inzibati xəta haqqında protokol statusunda olan inzibati icraata başlama qərarı ilə tanış olmaq, ona dair etiraz və mülahizələrini məhkəməyədək və ya məhkəmə baxışı zamanı təqdim etmək, məlumat, izahat, şikayət və ya vəsatət vermək hüquqları məhdudlaşdırılmış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs müdafiə vasitələrindən tam və faydalı şəkildə istifadə edə bilməmişdir. Qeyd olunan halların isə məhkəmədə tam olaraq aradan qaldırılması mümkün deyildir, məhkəmə belə xarakterli işlərə təxirəsalınmadan baxmalıdır, aşkar olunan nöqsanlar isə məhkəməyədək aradan qaldırılmalı, yalnız bundan sonra məhkəmədə işə mahiyyəti üzrə baxılmaldır. Belə olan halda, hesab edirəm ki, hazırkı mərhələdə material müvafiq orqana geri qaytarılmalı, nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülməlidir. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118- ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş 15 may 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar Bakı şəhəri Nizami rayon prokurorluğuna geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №3(007)-2478/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2478/2024
15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver